Əhalinin tibb xərcləri 25 faizdən çox artıb
12 Fevral 2026
Azərbaycanda bir il əvvəl ilə müqayisədə həm tibb, həm də yanacaq xərcləri artıb.
Bunu Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarının təhlili göstərir.
Qurum bildirir ki, 2026-cı ilin yanvarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5.3 milyard manatlıq, o cümlədən 2.9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2.4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2025-ci ilin yanvarı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.3 faiz, qeyri-ərzaq malları üzrə 6.6 faiz artıb.
Diqqətçəkən məsələlər tibb və yanacaq xərclərində artımdır.
2026-ci ilin yanvarında əczaçılıq məhsulları və tibbi ləvazimatlara 141.1 milyon manat xərclənib (+25.6 faiz).
Avtomobil benzini və dizel yanacağı xərclərində isə 5.8 faiz artım var - 303 milyon manat.
Bu ilin yanvarında benzin 5, dizel yanacağı 10 faiz bahalaşıb. Tarif Şurası ötən il də bəzi dərmanların qiymətini bahalaşdırmışdı.
İqtisadçı dərmanın ucuzlaşması üçün yollar təklif edir
Məsələni şərh edən iqtisadçı Natiq Cəfərli əczaçılıq məhsulları və tibbi ləvazimat xərclərinin artmasını ölkədə dərmanların qiymətinin "kəskin" artması ilə izah edib.
"Dərman qiymətlərinin hər il artmasının əsas səbəbi hökumətin təsis etdiyi Tarif Şurasının mənasız, məzmunsuz, ziyanlı tənzimləmə siyasətidir", - o vurğulayıb.
İqtisadçının fikrincə, dərman sahəsində qiymətlərin tənzimləməsi Tarif Şurasına tapşırılan vaxtdan (2015-ci il) bugünə ölkədə qiymətlər artır, dərmanların keyfiyyəti isə sürətlə düşür: "Bu iş Tarif Şurasına tapşırılandan sonra ölkədə 200-dən çox dərman gətirib-satan şirkət bağlanıb, rəqabət məhv olub...".
"Bundan başqa, illər öncə hökumətə təklif verdik ki, dərman satışında Əlavə Dəyər Vergisini (ƏDV) ya ləğv edin, ya da, hesabatlılıq üçün sizə lazımdırsa, simvolik olaraq 2 faizə endirin. ƏDV ləğv olunsa, dərman qiymətlərində azı 15 faiz ucuzlaşma olacaq...", - o əlavə edib.
N.Cəfərlinin sözlərinə görə, qiymətlərin düşməsi üçün paralel olaraq ölkədə rəqabət mühiti yenidən təsis edilməlidir.
Bu açıqlamaya Tarif Şurasından münasibət almaq mümkün olmayıb. Şuraya Azərbaycan iqtisadiyyat nazir rəhbərlik edir. Qurumun üzvləri də, əsasən, müxtəlif nazirliklərdə müavin postu tutan şəxslərdir.
Rəsmilər, bir qayda olaraq, inhisarçılıqla bağlı fikirlərlə razılaşmırlar.
2024-cü il iyulun 1-dən ölkədə Rəqabət Məcəlləsi qüvvəyə minib. Amma ekspertlər onun tam gücü ilə tətbiq olunmadığını düşünürlər.