CNN: ABŞ uran ehtiyatlarını ələ keçirmək üçün İranda quru əməliyyatını keçirə bilər
13 İyun 2026
ABŞ-nin Silahlı Qüvvələrinin yüksək vəzifəli nümayəndələri yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün İranda quru əməliyyatı planlarını nəzərdən keçiriblər.
Bu barədə CNN telekanalı vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ötən ayın sonlarında Floridada Mərkəzi Komandanlığın qərargahına təcili səfər edib və mümkün əməliyyatla bağlı qapalı brifinq keçirib. O, sonra Prezident Donald Trampa mümkün variantlar barədə məlumat verib.
CNN qeyd edib ki, ABŞ administrasiyası yüksək riskli quru əməliyyatını təsdiqləməyə yaxın olub, lakin Donald Tramp İrandan mümkün sərt cavab, ABŞ qoşunları arasında itki riski və qlobal iqtisadiyyatı pozmaq təhlükəsi barədə xəbərdarlıqlardan sonra bu variantdan imtina edib.
Mənbələrin məlumatına görə, Vaşinqton bu fonda Tehranla Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma üzərində işləməyə davam edib.