Cənubi Koreyanın keçmiş prezidentinə ömürlük həbs kəsildi
20 Fevral 2026
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol ömürlük həbs cəzasına məhkum edilib. O, qiyamda təqsirli bilinib. Y.S.Yolun 2024-cü ilin sonlarında ölkədə hərbi vəziyyət elan etməsi uğursuzluqla nəticələnmişdi.
Seul məhkəməsinin fevralın 19-da çıxardığı qərara görə, Yun həmin dönəmdə konstitusiyanı sarsıtmağa yönəlik üsyana rəhbərlikdə təqsirli sayılıb.
65 yaşlı Yun barəsində ölüm hökmü də çıxarıla bilərdi.
Ötən ay Yun ədalət mühakiməsinə mane olma, səlahiyyətlərdən sui-istifadə və rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı iş üzrə 5 il həbs cəzası alıb.
Agentliyin yazdığına görə, Y.S.Yola toplam səkkiz cinayət işi açılıb. O, hərbi vəziyyət tətbiq etmək cəhdi, xanımının yol verdiyi bildirilən korrupsiya, 2023-cü ildə dəniz piyadasının ölümündə ittiham olunur. Prokurorlar bu həftə hərbi üsyan işi üzrə ona ölüm cəzası kəsilməsini tələb ediblər.
Xatırlatma
2024-cü ilin sonlarında Y.S.Yol "Şimali Koreyanın daxili tərəfdarları ilə mübarizə aparmaq" üçün ölkədə hərbi vəziyyət elan edib. Onun imzaladığı fərman partiyaların fəaliyyətini, etirazları, tətilləri qadağan edir, senzura qoyur, ölüm cəzası çıxara biləcək hərbi-səhra tribunalları təsis olunmalı idi. Lakin sənəd cəmi altı saat qüvvədə olub, deputatlar onun ləğvinə səs verib, hərbçilər isə parlament binasını basqın edirdilər.
2024-cü ilin dekabrında parlament Y.S.Yolun vəzifəsindən azad edilməsinə səs verib. Yanvarda istintaqçılar onu həbs edə bilməyib, daha sonra məhkəmə onun saxlanmasına qərar verib. Fevralda siyasətçi Seulun Mərkəzi Dairə Məhkəməsinə apellyasiya şikayəti verib, məhkəmə onun xeyrinə qərar qəbul edib, martın əvvəllərində o, azadlığa buraxılıb. Amma iyulda Y.S.Yolu yenidən həbs ediblər, tədqiqatçılar onun sübutları məhv edə biləcəyini bildiriblər.