Britaniya polisi iki ayrı antiterror əməliyyatında 7 iranlını saxlayıb
06 May 2025
Britaniya polisi mayın 4-də iki fərqli antiterror əməliyyatı zamanı səkkiz nəfəri həbs edib. Onlardan yeddisinin İran vətəndaşı olduğu barədə məlumat verilib. Qeyd olunub ki, səlahiyyətlilər ictimaiyyət üçün daha hər hansı riskin olub-olmadığını müəyyənləşdirməyə çalışır.
"Bu, dövlətə qarşı son illərdə gördüyümüz ən böyük təhdid və terrorizmə qarşı əməliyyatlardan bəzilərini əks etdirən iki böyük əməliyyat idi", - daxili işlər naziri İvett Kuper mayın 4-də jurnalistlərə bildirib.
Bu antiterror əməliyyatları ilə bağlı konkret təfərrüatlar azdır.
Londonun Metropoliten Polisi mayın 3-də adı açıqlanmayan hədəfi nişan almağı planlaşdıran beş nəfərin saxlanıldığını bildirib. Hakimiyyət orqanlarının verdiyi məlumata görə, onlardan dördü iranlıdır və beşinci şübhəlinin vətəndaşlığını müəyyən etmək istiqamətində araşdırma aparılır.
Bundan əlavə, 39-55 yaş aralığında olan üç İran vətəndaşı Metropoliten Polis tərəfindən Londonda keçirilmiş və birinci əməliyyatla əlaqəsi olmayan başqa əməliyyat çərçivəsində saxlanılıb.
İranın Londondakı səfirliyi həbslərlə bağlı dərhal şərh verməyib.
Polisin verdiyi məlumata görə, ilk insident zamanı 29–40 yaş aralığında olan şəxslər Qərbi Londonda, eləcə də Svindon, Stokport, Roçdeyl və Mançester şəhərlərində saxlanılıb.
"Araşdırma konkret bir obyektə qarşı planlaşdırıldığı ehtimal edilən hücumla bağlıdır. Polis əməkdaşları həmin obyektin məsul şəxsləri ilə əlaqə saxlayaraq onları məlumatlandırıb və müvafiq tövsiyə və dəstək təqdim ediblər. Lakin əməliyyatla bağlı səbəblərə görə hazırda əlavə məlumat vermək mümkün deyil", — polisin yaydığı açıqlamada bildirilib.
London polisinin Terrorla Mübarizə İdarəsinin rəisi Dominik Mörfi bildirib: "Bu məsələ ilə əlaqəli ictimaiyyət üçün hər hansı əlavə riskin olub-olmadığını müəyyənləşdirmək məqsədilə müxtəlif araşdırma istiqamətlərini nəzərdən keçiririk".
Hakimiyyət orqanları bildirib ki, şübhəlilər dindirilir və hələ rəsmi olaraq onlar qarşı ittiham irəli sürülməyib.
İkinci hadisə ilə bağlı isə bildirilib ki, üç İran vətəndaşı Milli Təhlükəsizlik Aktı çərçivəsində saxlanılıb, lakin əlavə detallar açıqlanmayıb.
Polis bildirib ki, onların yaşadıqları ünvanlarda da axtarışlar davam edir.
Bu həbs dalğası Britaniyada Tehranın dəstəklədiyi fəaliyyətlərlə bağlı şübhələrin artdığı bir vaxta təsadüf edir.
Britaniyanın daxili kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum ötən il bildirmişdi ki, 2022-ci ildən bəri hakimiyyət orqanları ictimaiyyət üçün potensial ölümcül təhlükə yarada biləcək 20 planın qarşısını alıblar. Bu təhlükə planlarının İranla əlaqəli olduğu qeyd olunub.
O zaman Makkallum deyib ki, düşmən dövlətlər, radikal şəxslər və yenidən canlanan İŞİD terror qruplaşması birləşərək "indiyə qədər gördüyümüz ən mürəkkəb və bir-biri ilə əlaqəli təhlükəli mühit" yaradıblar.
2024-cü ilin martında Londonda İran hökumətini tənqid edən farsdilli media qurumunun aparıcısı Puriya Zeraati Londondakı evinin qarşısında ayağından bıçaqlanıb.
Daha sonra bu işlə bağlı Rumıniyada iki şəxs həbs edilib və onlar teleaparıcıya hücumda ittiham olunub.