Logo
news content
User
Kateqoriyalar

Xəbər

BMT kuryer və taksi sürücüləri üçün qlobal əmək standartları yaradır

İyunun 1-də Beynəlxalq Əmək Təşkilatı (BƏT) taksi sifarişi, yemək çatdırılması və elektron ticarət kimi platformalar üçün ilk məcburi əmək standartlarının hazırlanması üzrə yekun danışıqlara başlayır. Müzakirələrin əsas mübahisə mövzusu minimum əməkhaqqı, səhiyyə təminatı, xəstəlik məzuniyyəti və sosial təminat kimi hüquqlarla bağlıdır; yəni bu hüquqlar sözügedən platformalarda çalışan bütün şəxslərə şamil olunmalıdır, yoxsa onların rəsmi işçi kimi, yaxud fərdi çalışmasından asılı olmalıdır.

BƏT "platforma işçiləri"nin məşğulluğu ilə bağlı ilkin müzakirələrə ötən il başlayıb. Qurum gələn həftənin sonunadək məcburi qaydalar və tövsiyələr barədə razılığa gəlməyi planlaşdırır. BMT-nin bu qurumu beynəlxalq əmək hüquqlarının təşviqi ilə məşğuldur. Hər hansı qərarın qəbul edilməsi üçün isə hökumətlərin, işəgötürənlərin və işçilərin ortaq razılığı tələb olunur.

Fərqli yanaşmalar

"Reuters" agentliyi danışıqların çətin keçəcəyini, bəzi tərəflərin sənəddəki ifadələri yumşaltmağa çalışa biləcəyini yazır. "Human Rights Watch" insan haqları təşkilatından Lena Simetin sözlərinə görə, ABŞ, Çin, Argentina və Hindistan daha az məcburi yanaşmanı dəstəkləyir; Avropa İttifaqı, Braziliya və Meksika isə daha güclü əmək təminatlarının tərəfdarıdır.

Hüquq müdafiəçiləri və həmkarlar ittifaqları bildirirlər ki, işçilərin əsasən "fərdi" kimi təsnif edilməsi şirkətlərə minimum əməkhaqqı tələblərindən, səhiyyə, xəstəlik məzuniyyəti və sosial sığorta ödənişləri kimi öhdəliklərdən yayınmaq imkanı verir. Dünyada təxminən 50 milyon şirkəti təmsil edən Beynəlxalq İşəgötürənlər Təşkilatı bildirib ki, hər hansı çərçivə çevik olmalı, ölkələrə qaydaları milli şəraitə uyğunlaşdırmağa imkan verməlidir. "Uber" şirkəti də bu mövqeyi dəstəkləyib. İşçiləri təmsil edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası isə güclü və hüquqi baxımdan icbari konvensiyanın qəbulunu tələb edir.