Azərbaycanın neft məhsulları ixracından gəlirləri 2.3 dəfə artıb
17 Aprel 2026
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycan 130 milyon 938 min ABŞ dolları dəyərində 187 min 341 ton neft məhsulu ixrac edib. Bu göstəricilər 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2.3 dəfə, həcm baxımından isə 53.1 faiz artım deməkdir.
Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrandakı hədəflərə zərbələr endirməsi, rəsmi Tehranın isə raket və dron hücumları ilə cavab verməsi qlobal neft bazarına təsirsiz ötüşməyib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında ikihəftəlik atəşkəs elan edilsə də, dünya neftinin 20 faizinin daşındığı Hörmüz boğazının bağlı qalması qiymətləri yüksək həddə saxlayır.
Azərbaycanın ixracatında neft-qaz sektoru dominantlıq təşkil etsə də, cari ilin ilk rübündə Ümumi Daxili Məhsulun (ÜDM) həcmində 0.3 faiz azalma müşahidə olunub. Müstəqil iqtisadçılar neftin bahalaşmasına rəğmən, ÜDM-in kiçilməsini iqtisadi tənəzzülün siqnalı kimi qiymətləndirirlər. Qeyd olunur ki, analoji azalma sonuncu dəfə 2020-ci ildəki pandemiya böhranı zamanı qeydə alınmışdı.
Hökumət rəsmiləri hələlik bu statistik göstəricilərlə bağlı rəsmi şərh verməyiblər.