Azərbaycanın neft ixracı 5 %-dən çox azalıb
12 Yanvar 2026
2025-ci ildə Azərbaycandan xarici ölkələrə 23,1 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
Bu barədə Energetika Nazirliyinin 2025-ci il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu, 2024-cü il ilə müqayisədə 1,3 milyon ton və ya 5,3 % azdır.
2025-ci ildə "Azəri-Çıraq-Günəşli" konsorsium 20 milyon tonu neft ixrac edib. Bu, 2024-cü il ilə müqayisədə 1 milyon ton və ya 4,8 % azdır. Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft ixracı 2,5 milyon ton təşkil edib ki, bu da 2024-cü ilin göstəriciləri ilə müqayisədə 0,3 milyon və ya 10,7 % azdır.
2025-ci ildə Xəzər dənizinin Azərbaycandan ixrac olunan neftin 0,6 milyon tonu isə "Abşeron" yatağının payına düşüb ki, illik müqayisədə eynidir.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.