Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
15 İyun 2026
Danışmağa rus dilində başlamışam və bağçaya gedənə qədər öz dilimizi bilmirdim. Valideynlərim rus məktəbini bitirmişdi. Sovet dövrünün təzahürü... Bağçada Azərbaycan dilli qrupa yazılmağım da təsadüf oldu. Bağça direktorunun sözünə görə rus bölməsində yer qalmamışdı (bəlkə də rüşvət istəyirdi).
Valideynlərim işləyirdi, mən bağçada qalmalıydım, ona görə də məcbur Azərbaycan qrupuna yazdırdılar. Atam deyirdi: "Necə yəni, o, öz dilini bilməyəcək?" İlk vaxtlar çətin idi. Çünki heç nə başa düşmürdüm və evdə bundan şikayət edir, ağlayırdım. Atam hər gün mənimlə danışmağa başladı ki, tez öyrənim. Bağça müəllimləri də, sağ olsunlar, yaxşı idilər, çətinlik çəkməyim deyə, mənimlə hərdən rusca danışırdılar.
1985-ci ildə məktəbə getmək vaxtım gəldi. Hansı məktəbə gedəcəyim evdə müzakirə olundu. Anam dərslərimə kömək etmək, yoxlamaq asan olsun deyə, rus məktəbinin tərəfdarı idi. Qardaşım da artıq rus məktəbində oxuyurdu. Atam isə Azərbaycan məktəbinin tərəfdarı idi və deyirdi ki, görəcəksiniz, vaxt gələcək, Azərbaycan dili lazım olacaq (zaman da bunu çox gözlətmədən sübut etdi). Sonda atam məndən soruşdu ki, (sanki o vaxt nəsə anlayırdım) sən nə deyirsən? Mən də dedim, atam nə deyirsə, o olsun.
Beləliklə, Azərbaycan məktəbinə getdim. Əlbəttə, o vaxta qədər artıq sərbəst danışırdım. Bəxtimdən ibtidai sinif müəlliməm məktəbin ən yaxşısı imiş. Çox yaxşı dərs izah edirdi, bizimlə məşğul olurdu, işini, uşaqları sevən insan idi Həmidə müəllimə.
Ali təhsilimi öz dilimdə aldığıma qəti peşman deyiləm. Düzdür, sinif uşaqları ilə çox yaxın ola bilmirdim. Yaxın dostluq etdiyim məhəllə qızları rus məktəbində oxuyurdular. Rus dilini bilməyimin həyatda çox köməyi olub. Universitetdə oxuduğum vaxtlarda iqtisadi ədəbiyyat dilimizdə yox səviyyəsində idi. İqtisad Universitetinin iqtisadi nəzəriyyə üzrə kitabı var idi, onu oxuyub anlamaq da ayrı bir əzab idi. Amma rus dilini bilməyim mənə daha çox mənbəni əlçatan etdi.
İndi belə bəzən rus dilində düşünürəm. Xarici ədəbiyyatı rus dilində oxumağı sevirəm. Xarici filmləri rus dublyajında baxmağı xoşlayıram. Ancaq milli ədəbiyyatımızı rusca oxuya bilmirəm. Azərbaycan mahnılarını, filmlərini də rus dilində və Azərbaycan ləhcəsi ilə sevmirəm. Çünki süni, ya da yad gəlir, milli sənətimiz orijinalda daha gözəldir.
Müstəqilliyimizin 35 yaşı var. Amma hələ də rus bölməsinin zərurəti müdafiə edilir. Rus dilində təhsilin tərəfdarları seçimlərini uşaqlarının daha yaxşı təhsil alması ilə əsaslandırırlar. Qəribəsi isə odur ki, belə danışanların çoxu uşaqlarını ali təhsil üçün Rusiyaya yox, Avropaya göndərməyi arzulayır. Məgər həmin arzuolunan ölkələrdə təhsil ruscadır? Məgər indiki rus bölmələri üçün orta məktəb dərsliklərini öz müəllimlərimiz yazmır? Məgər proqram eyni deyil? Məgər universitetə hazırlıq üçün repetitor tutmursunuz? Məgər digər ölkələrdə təhsil dövlət dilində deyil?
O valideynlər həm də deyir ki, uşağım Azərbaycan dilini onsuz da bilir, evdə öyrənər. Bu lap gülməlidir. Çünki öz dilində savadsız yazan və danışan o qədərdir ki. Elə evdə, ya da məktəbin rus dili dərsində, yaxud xüsusi kursda rus dilini öyrənsin. Nə problemdir ki?
Hansısa qeyri-adekvat hərəkətləri olan şagirdləri və ya müəllimləri misal gətirib bütün Azərbaycan məktəblərinin “vəhşixana” imicini yaratmağa çalışanlar da var. Elə deyil axı. Evdə tərbiyə yoxdursa, məktəbdə nəzarət, qayğı yoxdursa, hansı məktəb olursa olsun, şagirdi belə olacaq. Buna görə təhsil dilini yox, məktəbi düzgün seçmək lazımdır.
Mən heç bir dilin əleyhinə deyiləm. Əksinə, çox dil bilmək insanın dünyagörüşünü genişləndirir, formalaşdırır, biliklərini artırır. Mən öz dilimizin alçaldılmasının əleyhinəyəm. Ona hörmətsiz, ikinci dərəcəli kimi baxılmasının əleyhinəyəm. Mən müstəqilliyin rəmzi olan dövlət dilimizin qorunması və inkişafı tərəfdarıyam.
Seçim kimi başqa dillərdə təhsil ola bilər. Amma Azərbaycan türkcəsində təhsil daha vacibdir, çünki sabah üçün dərslikləri, kitabları yaza biləcək, elmi inkişaf etdirəcək alimlərimizə, ziyalılarımıza artıq bu gün ehtiyac var.
Ara-sıra rus bölmələrinin bağlanması ilə yaranan "panika" acınacaqlı haldır. Əfsuslar olsun ki, bunun əsas səbəbkarı Elm və Təhsil Nazirliyi və alimlərimizdir. Onlar Azərbaycan türkcəsində təhsili rəqabətli edə bilmədilər, ya da istəmədilər…
Nərgiz Bağırlı