Azər Qasımlı: "Məqsədim onun hər şeyi yalan danışdığını sübut eləməkdir"
16 Yanvar 2026
Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlı deyir ki, onun işi üzrə zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovun yalan danışdığını sübut edən çoxlu dəlillər var. Bunlardan biri də ötən məhkəmə iclasında onun əmlakının olmaması haqda söylədikləridir.
A.Qasımlı Bakı Ağır Cinayətlər Məhkəməsinin yanvarın 14-dəki iclasında rəsmi qaydada əldə etdiyi sənədləri diqqətə çatdırıb. Həmin sənədlərdən Q.Yusifovun adına torpaq olduğu bilinib. O, politoloqla məhkəmə çəkişməsi ərəfəsində həmin əmlakı anasına bağışlayıb.
"Bu gün bu sənədləri məhkəməyə təqdim etməkdə məqsədim əmlakı ondan almaq deyil. Məqsədim məhkəməyə bu adamın hər şeyi yalan danışdığını bir daha sübut etməkdir", - A.Qasımlı vurğulayıb.
Q.Yusifov hakimlərin suallarını cavablayarkən dəfələrlə adına əmlak olmadığını, yalnız torpaqdan ona pay düşdüyünü söyləyib.
Yanvarın 14-dəki məhkəmədə A.Qasımlının vəkilləri bir neçə vəsatət qaldırıblar. Onlar ədalətli hökm çıxarmaqdan ötrü həmin vəsatətlərin təmin olunmasının vacibliyini vurğulayıblar.
"Oğlumun ona borcu var"
Vəkil Aqil Layıc politoloqun həbsindən öncə onunla Q.Yusifovun arasında borc məsələsi ilə əlaqədar Mingəçevir şəhər Məhkəməsində keçirilmiş məhkəmə iclasının videogörüntülərinin alınıb bu məhkəmədə araşdırılmasını istəyib: "Mingəçevir məhkəməsində Qurbanəli Yusifovun atası Vidadi Yusifov demişdi ki, "Azər Qasımlıya hörmətim var, alicənab adamdır, oğlumun ona borcu var, hissə-hissə qaytarmağa hazırıq". Bir neçə ay əvvəlsə gəlib burada isə dedi ki, "oğlum mənə Azər Qasımlının onu təhdid etdiyini demişdi". Əgər oğlu həqiqətən ona belə bir söz desəydi, yəqin ki, 2024-cü ildəki məhkəmədə "Azər Qasımlı alicənab adamdır" deməzdi. Deyərdi ki, "oğlumdan hədə-qorxu ilə pul tələb edir".
Vəkilin fikrincə, sözügedən videogörüntülərə baxılması eyni şəxsin ifadəsindəki ziddiyyətləri ortaya çıxaracaq.
Telman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib: "Burada tədqiq olunan sübutlar kifayətdir, Mingəçevir şəhər Məhkəməsinin videogörüntülərinə ehtiyac yoxdur".
Digər vəkil Rövşanə Rəhimova iki nəfərin əlavə şahid kimi məhkəməyə çağrılıb dindirilməsini istəyib. Zərərçəkmişin keçmiş həyat yoldaşı Fərəhbanu Yusifova və Q.Yusifovla birlikdə hərbi xidmətdə olmuş Tehran Salmanov da onların arasındaydı.
"Qurbanəli Yusifov iddia edir ki, Azər Qasımlının təhdidləri, zəngləri onun birinci ailəsini dağıdıb. Azər Qasımlı onun Fərəhbanu Yusifova ilə nikahdan olan oğlunu oğurlamaqla hədələyib. Əgər həqiqətən belə təhdidlər, zənglər olubsa, bundan xəbərdar ola biləcək şahid Fərəhbanu xanım olardı. Bu səbəbdən onun dindirilməsi vacibdir", - R.Rəhimova vəsatəti belə əsaslandırıb.
Zərərçəkmiş vəsatətə etiraz edərək bildirib ki, keçmiş həyat yoldaşı ilə münasibətləri yaxşı deyil, onun gəlib ifadə verməsini istəmir. Ancaq məhkəmə F.Yusifovanın dindirilməsinə razılıq verib.
T.Salmanova gəlincə, məhkəmədə onunla Q.Yusifov arasındakı yazışmalar açıqlanıb. Orada A.Qasımlıdan da bəhs edilib.
"Hüquqi yola o, birinci əl atdı. Ona görə mən də belə elədim", - Q.Yusifov hərbi xidmət yoldaşına A.Qasımlı haqqında belə yazıb.
A.Qasımlının sözlərinə görə, bu cümlənin özü onun qarşı tərəfi təhdid etmədiyini, aralarındakı borc məsələsini hüquqi yolla çözməyə çalışdığını göstərir.
Məhkəmə T.Salmanovun da əlavə şahid kimi çağrılıb dindirilməsinə razılaşıb.
Onlar yanvarın 21-də keçiriləcək növbəti məhkəmə iclasında dindiriləcəklər.
Xatırlatma
Politoloq A.Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Məhkəmədə bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri həqiqətəuyğun deyil: "Onu ittiham aktı yox, özümə qarşı antiittiham adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş sayıram".
Politoloq həbsini siyasi fəaliyyətinə və tənqidi fikirlərinə bağlayır.
Zərərçəkmiş qismində tanınan Q.Yusifov politoloqa borclu olmadığını desə də, Mingəçevir şəhər Məhkəməsinin bu barədə qərarı var. A.Qasımlının vəkilləri həmin məhkəmədən iclas protokollarıyla görüntülərin alınmasını xahiş edirlər. Vəkillər bildirirlər ki, mülki mübahisəylə bağlı həmin məhkəmədə Q.Yusifov A.Qasımlıya borclu olduğunu etiraf edib.