Avropa Qrenlandiyaya hərbi heyətlər göndərir
16 Yanvar 2026
Yanvarın 15-də Fransa və Almaniyadan hərbi heyətlər Qrenlandiyaya yollanıb. Danimarka və müttəfiqləri bu il adada təlimə hazırlaşır. Onlar ABŞ prezidenti Donald Trampı Qrenlandiyanın təhlükəsizliyinin qorunduğuna əmin etmək istəyirlər.
Yanvarın 14-də Ağ evdə Danimarka və Qrenlandiya rəsmiləri ilə görüşdən elə bir nəticə əldə olunmayıb.
İsveç və Norveç də bu ilin sonuna gözlənən təlimlərə hazırlıq üçün Qrenlandiyaya hərbi heyət göndərəcəyini bildirib.
İlkin hərbi heyətlər böyük olmasa da, təhlilçilər bunun ABŞ administrasiyasına mesaj olduğunu deyiblər.
Ağ evdə dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens ilə danışıqlardan sonra Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və onun qrenlandiyalı həmkarı Vivian Motsfeldt deyiblər ki, ABŞ və Danimarka ada ilə bağlı geniş spektrli məsələlərin müzakirəsi üçün işçi qrup yaradacaq.
Amma onlar eyni zamanda etiraf ediblər ki, Vaşinqton mövqeyindən geri çəkilməyib, Qrenlandiyanı əldə etmək istəyir. Onların sözlərinə görə, belə bir nəticə suverenliyin qəbuledilməz şəkildə pozulması demək olardı.
D.Tramp Qrenlandiyanın ABŞ-nin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını deyir. Onun mövqeyincə, Rusiya və ya Çinin adanı ələ keçirməsinin qarşısını almaq üçün ABŞ ona sahib olmalıdır.
Qrenlandiya strateji baxımdan mühüm mövqedə yerləşir, zəngin mineral ehtiyatları var.