Auditorlar Palatasında 700 minlik yeyinti – Rəis: "Xəbərim yoxdur", mühasib: "Rəhbərlik bilirdi"
07 İyul 2026
Azərbaycan Auditorlar Palatasında 700 min manatdan çox yeyinti ilə bağlı iki il yarım çəkən məhkəmə araşdırmaları iyulun 6-da yekunlaşıb. Bu işdə təqsirləndirilən üç nəfərə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov səhlənlənkarlığa görə 2 min manat cərimələnib. Maliyyəçi-mühasib Gövhər Əhmədova 5 il azadlıqdan məhrum edilib. İndiyədək azadlıqda olan Əhmədova hökm oxunarkən məhkəmə zalında həbs edilib. Auditor Fəridə Novruzovaya isə 3 il həbs cəzası kəsilsə də, onun hamilə olduğunu nəzərə alan məhkəmə cəzasının icrasını doğulacaq uşağı 14 yaşına çatıncayadək ertələyib.
Cinayət işinin materiallarında 2018-2023-cü illərdə 717 min manatlıq yeyintidən söhbət gedir. İddia olunur ki, sənədlərdə rəqəmlər şişirdilib, onun əsasında vəsaitlər kartlara köçürülüb və çıxarılıb nağdlaşdırılmaqla mənimsənilib.
Bu cinayət işinin istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.
Sabiq idarə rəisi V.Rəhimov məhkəmədəki ifadəsində istintaqdan narazı qaldığını dilə gətirərək deyib ki, yeyintidə əli olmayıb. Onun sözlərinə görə, 2020-ci ildə Qarabağ döyüşlərində oğlunun itkisindən sarsılıb və uzun müddət işə gəlməyib və Xızı rayonunda olub, məhz işdə çalışmadığı dövrdə adından imzalar atılıb.
Təqsirləndirilən G.Əhmədovanın onun haqqında yalan ifadə verdiyini deyən keçmiş idarə rəisi vurğulayıb ki, həmin ifadələri təsdiqləyən başqa heç bir sübut yoxdur: "Mənim bu işlərin heç birindən xəbərim olmayıb. Mənə maaş vərəqi gəlirdi, orada kimin nə qədər maaş aldığını görürdüm. Amma sonda ümumi məbləğ yazılmırdı. Mən idarə rəisi idim, onu hesablamaq mənim işim deyil. İşçilərimə güvənirdim, ona görə ümumi rəqəmləri hesablamırdım".
"Razılaşmağa məcbur idim"
F.Novruzova da onun dediklərini təsdiqləyərək bildirib ki, əməllərindən rəisin xəbəri yox idi və bu işləri G.Əhmədova ilə birlikdə görüblər: "Gövhər xanım mənə dedi ki, əlavə pullar köçürək, amma Vəli müəllim bilməsin. Vəziyyətim pis idi, razılaşmağa məcbur idim".
Peşmanlığını dilə gətirən F.Novruzova vurğulayıb ki, evində onkoloji xəstə olduğundan pula ehtiyac vardı. Ərizə yazıb, işdən 5 min manat pul götürüb, həmin vəsaiti aylıq bölüm-bölüm maaşından çıxıblar. Sonra G.Əhmədova ona əlavə pul yazıb: "Mənim işim cədvəli hazırlayıb Vəli müəllimə təqdim etmək idi. Cədvəli o imzalayırdı. Sonra da biz həmin cədvəldə dəyişiklik edirdik".
G.Əhmədova isə deyilənlərlə razılaşmır və iddia edir ki, V.Məmmədov da bu işlərin içində olub.
"Bu işdən rəhbərliyin xəbəri vardı. Bu proses ciddi şəkildə yoxlanılırdı", - Əhmədovanın sözləridir.
Məhkəmə araşdırmaları kartlara köçürülən əlavə pulların bir bölümünün G.Əhmədovanın övladlarının çalışdığı qurumların binalarındakı bankomatlardan çıxarıldığını ortaya çıxarıb. Onun övladlarının da məsuliyyətə cəlb edilməsi tələb olunsa da, məhkəmə bu vəsatəti təmin etməyib.
Auditorlar Palatası işdə zərərçəkmiş qismində tanınıb. Palatanın nümayəndəsi mənimsənilən vəsaitin ödənilməsini tələb edib.