Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Amnesty International": İran 2025-ci ildə "dəhşətli sayda" insan edam edib

"Amnesty International" təşkilatının mayın 18-də yaydığı hesabata görə, İran 2025-ci ildə 2 min 159 nəfəri edam edib.

Bu göstərici dünyada ölüm hökmlərinin icrasını 1981-ci ildən bəri ən yüksək səviyyəyə çatdırıb. Təşkilat ötən il qlobal miqyasda azı 2 min 707 nəfərin edam olunduğunu açıqlasa da, bu statistika Çindəki göstəriciləri əhatə etmir. "Amnesty" rəsmi Pekinin ölüm hökmündən kütləvi şəkildə istifadə etdiyini, lakin dəqiq rəqəmlərin dövlət sirri olaraq saxlanıldığını bildirib.

2025-ci ildə qlobal edam sayı 2024-cü illə müqayisədə 35 faizdən çox artıb. Bu artım əsasən Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Yəmən, Sinqapur və ABŞ-də qeydə alınıb. Hesabatda vurğulanır ki, mənfi tendensiya vətəndaş cəmiyyətini məhdudlaşdıran, fərqli düşünənləri susduran və beynəlxalq hüququ heçə sayan ölkələrdə daha qabarıqdır.

İrandakı "dəhşətli artım" rəsmi Tehranın ölüm hökmündən "siyasi repressiya və nəzarət aləti" kimi istifadə etməsi ilə izah olunur. Proses xüsusilə 2025-ci ilin iyununda İsraillə müharibə başladıqdan və kütləvi hökumət əleyhinə etirazlardan sonra sürətlənib. İrandakı edam sayı son 45 ilin rekordunu qırsa da, müxtəlif müstəqil qurumların statistikasında fərqlər var. Məsələn, Norveçdə yerləşən "Iran Human Rights" təşkilatı ötən il İranda azı 1 min 639 nəfərin edam edildiyini iddia edir. Tehran isə 2026-cı ilin əvvəlindən bəri cəmi 30 nəfərin edam olunduğunu təsdiqləyib.

Digər ölkələrdə də ölüm hökmlərinin icrasında kəskin sıçrayış baş verib: Ötən il Səudiyyə Ərəbistanında 356 (2024-cü ildə 345), Küveytdə 17 (2024-cü ildə 6), Misirdə 23 (2024-cü ildə 13), Yəməndə isə azı 51 (2024-cü ildə 38) nəfər edam edilib. ABŞ-də isə xüsusilə Florida ştatındakı misli görünməmiş artım (19 nəfər) səbəbindən ölkə üzrə ümumi rəqəm 47-yə yüksəlib. Bu, ABŞ-də 2009-cu ildən bəri qeydə alınan ən yüksək göstəricidir.