Aİ Ermənistana yeni missiya göndərilməsini təsdiqləyib
23 Aprel 2026
Aprelin 21-də Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri blokun Ermənistana yeni missiya göndərməsinə yaşıl işıq yandırıblar. Diplomatlar bu addımı ölkədə qarşıdan gələn parlament seçkiləri ilə əlaqələndirirlər.
Ermənistan Xarici İşlər Nazirliyi qərarı alqışlayıb. Aİ missiyasının ilkin olaraq iki il müddətinə yerləşdiriləcəyi açıqlanıb.
Missiyanın göndərilməsini Yerevan ötən ilin dekabrında istəyib. Bu ilin əvvəlində Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas belə bir tövsiyə ilə çıxış etmişdi. Ötən həftə isə Aİ üzv dövlətlərinin səfirləri Brüsseldə bu təklifi təsdiqləyiblər.
Aİ Moldova modelini təkrarlamağa ümid edir
AzadlıqRadiosunun əldə etdiyi sənəddə deyilir ki, Aİ-nin Ermənistan Respublikasında Tərəfdaşlıq Missiyası "strateji məsləhətlər, operativ dəstək və tövsiyələr vasitəsilə Ermənistanın hibrid təhdidlərə dayanıqlığını gücləndirəcək". Ermənistanın dövlət qurumlarına xarici informasiya manipulyasiyası, kibertəhdidlər və seçki prosesindəki qeyri-qanuni maliyyə axınları ilə mübarizəyə dair strateji tövsiyələr veriləcək.
AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak yazır ki, sənəddə birbaşa deyilməsə də, missiyanın əsas diqqətinin 7 iyun parlament seçkilərinə Rusiyanın mümkün müdaxiləsinə yönəldiyi aydın görünür. Adının çəkilməsini istəməyən Aİ diplomatı bildiriblər ki, Brüssel ötən il Moldovadakı parlament seçkilərində uğur saydığı modeli Ermənistanda da təkrarlamaq niyyətindədir. Moldovada Aİ tərəfdarı qüvvələr hakimiyyəti qoruyub saxlaya bilmiş, rusiyapərəst sayılan iki müxalifət partiyası isə səsvermədən kənarlaşdırılmışdı.
"Hibrid çevik reaksiya qrupu"
Aİ ötən ay Ermənistana seçkilərlə bağlı ayrıca "hibrid çevik reaksiya qrupu" göndərmək qərarına gəlib. Ermənistan hökuməti bu missiyanı Rusiyanın "hibrid təhdidləri" ilə bağlı xahiş etmişdi. Hökumət rəsmiləri bu təhdidlər barədə açıq danışmayıblar.
Ermənistanın aparıcı müxalifət qrupları isə seçkilərə buraxılmayacaqlarından narahatdırlar. Bəzi müxalifət liderləri iddia ediblər ki, baş nazir Nikol Paşinyan yenidən seçilmək üçün saxtakarlıq yolu ilə Aİ-dən "kart-blanş" almağa çalışır.
Martın 4-də Rusiya Xarici İşlər Nazirliyi Aİ-ni Ermənistanda Moldova ssenarisini təkrarlamaqda ittiham etmişdi. Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Kremldə Paşinyanla görüşdə rusiyayönlü müxalifət qruplarını seçkilərdən kənarlaşdırmamaq barədə açıq xəbərdarlıq etmişdi.