ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endiriblər
28 İyun 2026
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) İrandakı hərbi hədəflərə "əlavə zərbələr" endirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hücumlar "İranın kommersiya gəmiçiliyinə qarşı təcavüzünə" cavab olaraq həyata keçirilib.
"Amerika hərbi təyyarələri İranın hərbi kəşfiyyat infrastrukturuna, rabitə sistemlərinə, HHM obyektlərinə, pilotsuz uçuş aparatlarının anbarlarına və mina döşəmə imkanlarını hədəf alıb", - deyə məlumatda bildirilir.
CENTCOM-dan qeyd edilib ki, İran pilotsuz uçuş aparatı tətbiq etməklə göyərtəsində 2 milyon bareldən çox neft olan və Panama bayrağı altında üzən "M/T Kiku" tankerinə hücum edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bəyan etmişdi ki, İran tərəfi Sinqapur bayrağı altında Hörmüz boğazından keçən "Ever Lovely" konteyner gəmisinə "ən azı dörd kamikadze tipli zərbə pilotsuz uçuş aparatı" buraxıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Amerikanın son zərbələrinə cavab olaraq ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini bəyan edib.
SEPAH-ın yaydığı bəyanatda qeyd olunub ki, bazar günü gecə saatlarında korpusun hərbi dəniz və hərbi hava qüvvələri ballistik raketlər və dronlardan istifadə edərək ABŞ hərbi infrastrukturunun səkkiz obyektinə - Küveytdəki "Əli əs-Salim" bazasındakı və Bəhreynin Salman limanındakı 5-ci Donanmasının bazasına hücum edib.
Bəyanatda həmçinin qısa müddət əvvəl ABŞ-nin İslam Respublikasının beş sahil postuna zərbələr endirdiyi xatırladılıb.
"İslamabad memorandumuna əsasən, Hörmüz boğazında gediş-gəlişə nəzarət qaydaları İslam Respublikasına məxsusdur və bundan sonra qayda pozan gəmilərə qarşı əvvəlkindən daha sərt tədbirlər görüləcək",- bəyanatda qeyd olunub.
SEPAH az əhəmiyyətli hədəflərə qarşı belə ehtimal olunan təcavüzə sarsıdıcı cavab veriləcəyi barədə xəbərdarlıq edib. Atəşkəsin pozulmasının İslamabad memorandumunun birinci bəndinə zidd olduğu vurğulanan bəyanatda bu halların danışıqlar prosesinin dayandırılmasına səbəb olacağı bildirilib.