ABŞ və İran arasında atəşkəs uzadılır? - Ziddiyyətli xəbərlər gəlir
16 Aprel 2026
ABŞ və İran sülh müqaviləsi ilə bağlı danışıqlar aparmaq və buna daha çox vaxt ayırmaq məqsədilə çərşənbə axşamı başa çatacaq atəşkəs rejimini daha iki həftə uzatmağı düşünürlər.
Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.
Adının çəkilməsini istəməyən mənbə agentliyə bildirib ki, müharibə edən tərəflər arasında vasitəçilər ən mübahisəli məsələləri həll etmək üçün texniki danışıqlar aparmağa çalışırlar ki, bu məsələlərə Hörmüz boğazının yenidən açılması və İranın nüvə məsələsi də daxildir.
Amma Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə ABŞ-ın hələlik İrana atəşkəs rejiminin müddətini uzatmağı təklif etmədiyini deyib.
"Bu səhər mən atəşkəs rejiminin uzadılmasının rəsmən istədiyimiz barədə əsassız xəbərlər gördüm. Bu, doğru deyil", - o deyib.
Onun sözlərinə görə, ABŞ və İran fəal şəkildə danışıqlar aparmaqda davam edir: "Bu həftə siz vitse-prezidentdən (ABŞ Cey Di Vens) və Prezidentdən (ABŞ Donald Tramp) bu danışıqların səmərəli olduğunu və davam etdiyini eşitdiniz, hazırda vəziyyət məhz bundan ibarətdir".
Ağ Evin mətbuat katibi bildirib ki, ABŞ İranla saziş bağlanması perspektivlərinə müsbət yanaşır.
Jurnalistin İranla danışıqların ikinci raundunun Pakistanın paytaxtı İslamabadda keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına o, danışıqların elə ötən dəfə olduğu yerdə keçiriləcəyini vurğulayıb.