Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Türkiyəyə F-35-lər verməyəcək
Rubio Konqresdə sərt danışdı, “yeganə səbəb S-400 sistemləridir"

ABŞ ilə Türkiyə arasında uzun illərdir davam edən F-35 qırıcı təyyarələri böhranında Vaşinqton yenidən ən sərt mövqeyini nümayiş etdirib. ABŞ-nin Dövlət katibi Marko Rubio, iki ölkə arasında hərbi-texniki böhranın həll olunduğuna dair iddiaları qəti şəkildə təkzib edərək, Ankara üçün qapıların bağlı qaldığını bəyan edib.

Rubio Konqresdəki çıxışında Türkiyənin vaxtilə bu proqramın ortaqlarından biri olduğunu xatırlatsa da, mövcud hüquqi əngəllərin keçilməz olduğunu bildirib:

"Türkiyənin bu təyyarələri ala bilməməsinin yeganə səbəbi - Rusiyadan S-400 zenit-raket komplekslərini satın almış olmasıdır. Hazırda bizim başqa bir seçimimiz yoxdur. Çünki bu proses həm NDAA (Milli Müdafiə Səlahiyyət Aktı) müddəaları, həm də ABŞ-ın müvafiq sanksiya qanunları tərəfindən tamamilə hüquqi statusa bağlanıb".

Rubio vurğulayıb ki, ABŞ-ın Ankaradakı səfiri Tom Barrak vasitəsilə müəyyən diplomatik görüşmələr aparılsa və mesajlar verilsə belə, qanunla müəyyən edilmiş şərtlər tam yerinə yetirilməyincə və Türkiyə Rusiya sistemlərindən tamamilə imtina etməyincə, F-35 proqramının qapıları Ankara üçün bağlı qalacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə yönəlik müsbət mesajları və tərifləri praktiki müstəvidə heç bir rol oynamır. Vaşinqtondakı institusional sistem və Konqres, Türkiyəyə qarşı hərbi embarqonun qüvvədə qalmasında israrlıdır.

Digər tərəfdən, xarici mətbuatda yer alan iddialara görə, İsrail Baş naziri Benyamin Netanyahunun da Türkiyənin radara yaxalanmayan (stealth) F-35 qırıcılarını əldə etməməsi üçün Vaşinqtonda gizli "arxa qapı diplomatiyası" və ciddi lobbiçilik fəaliyyəti apardığı bildirilir. Tel-Əviv, Türkiyənin bu texnologiyaya sahib olmasını regiondakı İsrail hava üstünlüyünə birbaşa təhdid kimi qiymətləndirir.

Qeyd edək ki, Türkiyənin hava gücünü modernləşdirmək üçün F-35 proqramına qayıtması Ankara üçün böyük strateji zəfər olardı. Lakin Dövlət katibi Marko Rubionun bu son və qəti bəyanatı göstərir ki, ABŞ-də hakimiyyət dəyişikliyinə və səfir Tom Barrakın prosesi yumşaltmaq cəhdlərinə rəğmən, Vaşinqtonun Ankaraya qarşı "S-400 şərti" dəyişməz olaraq qalır. Türkiyə Rusiyanın hava hücumundan müdafiə sistemlərini ölkədən çıxarmayacağı müddətcə, ABŞ Konqresinin və Ağ Evin bu sanksiyaları yumşaltması hüquqi baxımdan qeyri-mümkün görünür. Bu isə Ankaranı daxili imkanlar hesabına hazırlanan "KAAN" milli qırıcı layihəsini daha da sürətləndirməyə və alternativ hərbi bazarlara yönəlməyə məcbur edəcək.

Turqut