ABŞ iranlılardan ibarət daha bir qrupu deportasiya edib
09 Dekabr 2025
İran Xarici İşlər Nazirliyi (XİN) dekabrın 7-də onlarla iranlının vətənlərinə deportasiya olunduğunu bildirib. Bu, prezident Donald Trampın miqrasiya qadağası çərçivəsində ikinci repatriasiyadır.
"Təxminən 55 vətəndaş növbəti günlərdə İrana qayıdacaq. Son bir neçə ayda artıq ikinci qrup İrana qaytarılır", – İran XİN mətbuat katibi İsmail Bəqayi deyib. Onun iddiasına görə, "deportasiyalar siyasi səbəblər və beynəlxalq hüquqa zidd antimiqrant siyasətinə söykənir".
CNN təyyarənin dekabrın 7-də Küveyt vasitəsilə İrana çatacağını xəbər vermişdi. 120 nəfəri daşıyan ilk reys isə oktyabrda Qətər vasitəsilə Tehrana gedib.
ABŞ və İran arasında birbaşa diplomatik əlaqə yoxdur. Əksər qarşılıqlı təmaslar vasitəçilər üzərindən gerçəkləşdirilir. Amma deportasiyaların transferi Vaşinqton və Tehran arasında qeyri-adi dərəcədə koordinasiya tələb edib.
İrana ittihamlar
Vaşinqton və Qərb müttəfiqləri Tehrana ağır maliyyə sanksiyaları tətbiq edib, onu nüvə silahı hazırlamağa çalışmaqda, Yaxın Şərqdə ekstremist zorakılığı dəstəkləməkdə günahlandırıblar. İran iddiaları rədd edir.
İnsan haqları müdafiəçiləri Birləşmiş Ştatlara dəfələrlə müraciət edərək miqrantları insan haqlarının durumu zəif olan ölkələrə deportasiya etməməyə çağırıb. İran insan hüquqları ən pis qorunduğu ölkələr sırasındadır. İslam Respublikası siyasi dissidentlərə, fəallara, dini azlıqlara, LGBTQ fərdlərə qarşı genişmiqyaslı təqiblər aparır.
Son illər çoxsaylı iranlı eyni risklər səbəbindən ABŞ-də sığınacaq almaq üçün Mərkəzi Amerika ərazisindən bu ölkəyə gedib.
ABŞ hakimiyyəti sentyabrda təxminən 400 iranlının deportasiya üçün müəyyən olunduğunu bildirib.
Ağ evin mətbuat katibi Ebiqeyl Cekson ilk deportasiyalardan sonra AP-yə deyib ki, administrasiya prezident Trampın qeyri-qanuni miqrantların tarixdə ən böyük kütləvi deportasiyasına dair vədini gerçəkləşdirməyə sadiqdir, bundan ötrü bütün vasitələrdən istifadə olunacaq.
Dekabrın əvvəllərində ABŞ İrandan, Əfqanıstandan və Türkmənistan daxil 19 ölkədən vətəndaşların miqrasiya ərizələrinə baxılmasını dayandırıb.
Buna Ağ ev yaxınlığında Milli Qvardiyanın iki üzvünə hücum səbəb olub. Hakimiyyət hücumu 2021-ci ildə Əfqanıstandan Birləşmiş Ştatlara daxil olmuş bir şəxsin həyata keçirdiyini bildirib. Hücuma məruz qalanlardan biri xəstəxanada vəfat edib, digəri hələ də xəstəxanadadır.