“Uzaq yaşıl ada”nın qara günləri
Kubada iqtisadi islahatlar başladı: sosializm adası kapitalizmə doğru kurs götürür
10 İyul 2026
Kuba Xalq Hakimiyyəti Milli Assambleyası son əlli ilin ən radikal bazar islahatları paketini təsdiqləyib. Vaxtilə Qərb yarımkürəsində kommunizmin vitrininə çevrilmiş ada ölkəsi özəl kommersiya banklarını leqallaşdırır, qanuni valyuta bazarı açır və bir neçə nəsil kubalının gündəlik həyatının əsasını təşkil etmiş ümumi dövlət subsidiyaları sistemindən tamamilə imtina edir. Hələ 1959-cu ildə Fidel Kastro tərəfindən qurulan Kubanın inzibati-amirlik sosializmi Karib böhranından bəri əvvəlcə Sovet İttifaqının, daha sonra isə Venesuela və Rusiyanın subsidiyaları hesabına, necə deyərlər, süni tənəffüs aparatında saxlanılırdı. İndi isə bu model rəsmən yaşamaq qabiliyyətini itirmiş sistem kimi qəbul edilib. Rusiya üçün bu dönüş son dövrlərdə ard-arda üzləşdiyi uğursuzluqlar fonunda daha bir xarici siyasət dayağının itirilməsi deməkdir.
1990-cı illərdən bəri ən dərin böhran
Kuba rəhbərliyi ideoloji baxışlarını qəfil dəyişdiyindən deyil, çıxılmaz vəziyyətə düşdüyünə görə islahatlara əl atıb. Sərt reallıq Havananı divara dirədi: 2026-cı ilin əvvəlində əsas xarici sponsorlarının yardımından məhrum olan ada faktiki fəlakətlə üz-üzə qaldı.
Havana üçün ən ağır zərbələrdən biri ABŞ-nin Karakasda keçirdiyi xüsusi əməliyyat və Venesuela prezidenti Nikolas Maduronun saxlanılması oldu. Bu hadisələr güzəştli şərtlərlə Venesuela neftinin Kubaya tədarükünü tamamilə iflic etdi. Bundan əlavə, ABŞ-nin Kubaya qarşı davam etdirdiyi neft blokadası ölkəyə ümumiyyətlə hər hansı neftin gətirilməsini də əngəlləyir.
Kuba 2026-cı il iyunun 6-dan etibarən beynəlxalq Visa və Mastercard kartları ilə bütün tranzaksiyaları tam dayandırmağa məcbur olub. Kubanın Mərkəzi Bankı bu qərarı ona görə verib ki, adı açıqlanmayan xarici tərəfdaş bank birtərəfli qaydada Kubanın maliyyə operatoru “Fincimex” (sanksiyalar altında olan hərbi GAESA konqlomeratının tərkibinə daxildir) ilə əməkdaşlığı dayandırıb.
Buna səbəb ABŞ Prezidenti Donald Trampın may ayında imzaladığı fərman olub. Həmin fərman beynəlxalq maliyyə institutları üçün Kuba tranzaksiyalarının prosessinq xidmətini qanunsuz elan edib. Nəticədə Havana xarici turistlərdən nağdsız ödənişləri qanuni şəkildə qəbul etmək imkanını itirib.
Eyni zamanda, Kiyevlə uzun sürən müharibəyə və özünün dərin iqtisadi problemlərinə qərq olmuş Moskva artıq əvvəlki həcmdə Havanaya təmənnasız yardım göstərə bilmir.
Karakasın və Moskvanın dəstəyindən məhrum olan Kuba rejimi anladı ki, artıq onu xilas edəcək xarici himayədarlar qalmayıb. Hakimiyyəti qorumağın yeganə yolu adaya kapitalın girişinə təcili şərait yaratmaqdır.
Kuba SSRİ-nin süqutundan sonra başlayan və "Xüsusi dövr" adlandırılan 1990-cı illər böhranından bəri ən ağır iqtisadi vəziyyətlə üzləşib. Lakin indiki şərait bir çox cəhətdən həmin dövrdən də ağırdır. Adanın milli enerji sistemi demək olar ki, dağılıb. Elektrik enerjisinin verilməsi hər gün kəsilir, bu isə həm müəssisələrin, həm də ev təsərrüfatlarının fəaliyyətini iflic edir.
Bundan əlavə, dövlət mağazalarının rəflərindən əsas ərzaq məhsulları və məişət kimyası vasitələri tamamilə yoxa çıxıb. Dövlətin paylama sistemi artıq kubalıları hətta minimum ərzaq norması ilə belə təmin edə bilmir.
Benzin çatışmazlığı səbəbindən məişət tullantılarının daşınmasının dayanması Kubada danq və çikunqunya qızdırmalarının yayılmasına gətirib çıxarıb. Kubalılar apteklərdə ən sadə dərman preparatlarını tapmağın belə demək olar ki, mümkünsüz olduğu şəraitdə infeksiyaların yayılmasına qarşı mübarizə aparırlar.
İqtisadi ümidsizlik misli görünməmiş mühacirət dalğasına səbəb olub. Ölkə əmək qabiliyyətli və ixtisaslı əhalisini sürətlə itirir. Kubalı demoqraf Xuan Karlos Albisu-Kamposun məlumatına görə, 2020-ci ildən bəri ölkəni təxminən 2,75 milyon kubalı tərk edib.
Dərinləşən böhran inqilabdan bəri Kubada genişmiqyaslı kütləvi etirazlara səbəb olub. Bu ilin mart və may aylarında insanlar Havana və digər şəhərlərin küçələrinə çıxıblar. Hakimiyyət isə avtoritar rejimlərə xas üsullarla – güc tətbiqi və həbslərlə vəziyyəti nəzarətdə saxlamağa çalışıb. Etiraz aksiyalarının bir sıra iştirakçıları hələ də həbsdə saxlanılır.
Sosialist “əzəmət”inin süquta uğrayan himayədarları
1959-cu il inqilabından sonra Kubanın iqtisadi modeli iri həcmli xarici subsidiyalar üzərində qurulmuşdu. Müxtəlif tarixi dövrlərdə adanın əsas donorları əvvəlcə SSRİ, daha sonra isə Venesuela və Rusiya olub. Onlar geosiyasi loyallıq müqabilində Havananın əsas iqtisadi ehtiyaclarını qarşılayırdılar.
.jpg)
Sovet İttifaqı Kubanı Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) çərçivəsində süni ticarət güzəştləri mexanizmi vasitəsilə dəstəkləyirdi. Moskva Kuba şəkərini və nikelini dünya qiymətlərindən bir neçə dəfə baha alır, bununla da faktiki olaraq adaya milyardlarla dollar hədiyyə edirdi. Əməkdaşlığın ən yüksək həddə çatdığı 1980-ci illərdə sovet maliyyə axınları Kubanın real ÜDM-nin 20 faizindən çoxunu təmin edir, planlı iqtisadiyyatın dərin struktur problemlərini pərdələyirdi.
Sovet yardımının əsas dayağı neft idi. SSRİ təkcə Havananın yanacaq tələbatını son dərəcə aşağı qiymətlərlə tam ödəmirdi, həm də müqavilələrdə Kubaya unikal bir hüquq tanımışdı: ada sovet neftinin artıq hissəsini dünya bazarında sərbəst şəkildə möhkəm valyutaya sata bilərdi. Bu, Kuba hökumətinə dollar gəlirlərinin 40 faizinə qədərini qazandırır və rejim üçün mühüm maliyyə təhlükəsizlik yastığı rolunu oynayırdı.
SSRİ dağıldıqdan və 1990-cı illərin ağır böhranı (“Xüsusi dövr”) başladıqdan sonra Huqo Çavesin rəhbərlik etdiyi Venesuela Kubanın xilaskarına çevrildi. Karakas Havana ilə barter sazişi bağladı: ucuz neft müqabilində kubalı mütəxəssislər, əsasən həkimlər və müəllimlər. Uzun illər bu mexanizm adanın əsas enerji mənbəyi oldu. Lakin Venesueladakı böhran və ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində bu yardım faktiki olaraq dayandı.
Kubanın tibbi xidmət ixracı da uzun illər Havana üçün əsas valyuta mənbələrindən biri idi. Venesuela və Latın Amerikasının digər ölkələri kubalı həkimlərin əməyinə səxavətlə pul ödəyir, bununla da Kuba büdcəsinin kəsirini qismən kompensasiya edirdilər. Lakin Vaşinqtonun təzyiqi altında bir sıra ölkələr kubalı tibb missiyalarını dayandırmağa başladı və nəticədə Havana mühüm gəlir mənbələrindən birini itirdi.
Rusiya SSRİ dövründən qalmış borcların təxminən 90 faizini (30 milyard dollardan çoxunu) silərək Kubanın sovet irsindən qaynaqlanan borc yükünü faktiki olaraq bağışladı. Kuba müflisləşdiyi üçün ödəyə bilmədiyi qalan dövlət və kommersiya kreditləri üzrə də Moskva mütəmadi restrukturizasiya aparır, ödəniş müddətlərini illərlə uzadırdı ki, müttəfiqini rəsmi defolt elan etməyə ehtiyac qalmasın.
Son illərdə Rusiya Kuba rejimi üçün əsas xarici “xilasedici dairələrdən” biri olaraq qalırdı və təcili yardımlar vasitəsilə adanı tam iqtisadi çöküşdən qorumağa çalışırdı. Venesuela və Meksikadan neft tədarükündə problemlər yaranandan sonra məhz Rusiya Kubaya karbohidrogen ixrac edən əsas ölkəyə çevrildi. Bundan əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dəfələrlə bəyan etmişdi ki, Moskva Havanaya Rusiya nefti və neft məhsulları almaq üçün müntəzəm olaraq xüsusi kreditlər ayırır. Məsələn, 2025-ci ilin fevralında Rusiya 60 milyon dollarlıq dövlət krediti çərçivəsində Kubaya 100 min ton neft göndərmişdi.
Havananın idxaldan asılılığını azaltmaq üçün Rusiya şirkətləri Kubaya öz neft yataqlarının işlənməsində də kömək edirdi. 2025-ci il yanvarın 1-dən Rusiya Havana yaxınlığındakı “Boka-de-Xaruko” neft yatağında birgə sənaye layihəsini istismara verdi və yerli ağır neft hasilatını artırmaq üçün Rusiya texnologiyalarından istifadə etməyə başladı.
2024-cü ilin payızında Kubanı viran qoyan "Oskar" və "Rafael" qasırğaları adanın enerji sistemini demək olar ki, tam sıradan çıxardıqda Rusiya elektrik stansiyalarının təmiri üçün avadanlıq və 80 min ton dizel yanacağının təcili göndərilməsinə 62 milyon dollar ayırdı.
.jpg)
2026-cı ilin əvvəlində Kubada yanacaq çatışmazlığı kritik həddə çatanda Rusiyanın Havanadakı səfirliyi yeni təcili neft və neft məhsulları tədarüklərinin hazırlanması barədə məlumat verdi. Rusiyanın “Anatoli Kolodkin” tankeri humanitar yardım adı altında ABŞ-nin enerji blokadasını yararaq Kubaya təxminən 700 min barrel “Urals” markalı neft çatdırdı. Bu, cari il ərzində həyata keçirilmiş yeganə neft tədarükü olaraq qalır.
Paradoks ondadır ki, hətta neft dolu gəmilər maneəsiz şəkildə Kubaya çatsaydı belə, Rusiyadan tədarük yalnız işlək vəziyyətdə qalan istilik elektrik stansiyalarının dərhal dayanmasının qarşısını ala bilərdi, amma sistemli böhranı aradan qaldırmağa qadir deyildi. 100 min ton neft Kubanın orta hesabla cəmi 20 günlük fəaliyyətini təmin etməyə kifayət edir. Rusiya subsidiyaları və kreditlərinin büdcədəki dəlikləri sadəcə müvəqqəti yamadığını anlayan Kuba hakimiyyəti genişmiqyaslı kapitalist islahatlarını elan etmək qərarına gəldi.
Uzun illər ABŞ ilə geosiyasi qarşıdurma naminə Kubanı dəstəkləyən Rusiya üçün bu hadisələr mühüm dərs oldu. “Qərbə qarşı həmrəylik” naminə qurulan ideoloji ittifaqlar dövrü artıq başa çatıb. Belə əməkdaşlıq modeli davamlı iqtisadi maliyyələşdirmə olmadan həyat qabiliyyətinə malik deyil.
Kuba iqtisadiyyatında nələr dəyişəcək?
Dəyişikliklər üç əsas sahəni əhatə edir: bank sistemi, valyuta tənzimlənməsi və dövlətin sosial öhdəlikləri.
Kubada 60 ildən artıq müddətdən sonra ilk dəfə özəl kommersiya banklarının yaradılmasına icazə verilir. İndiyədək bütün maliyyə axınları, kreditləşmə və əmanətlər yalnız Kubanın Mərkəzi Bankı və dövlət maliyyə qurumları tərəfindən sərt şəkildə nəzarətdə saxlanılırdı. Bu sahənin özəl kapital üçün açılması o deməkdir ki, yeni kubalı sahibkarlar (Mipymes – kiçik və orta müəssisələr) artıq müstəqil maliyyələşmə əldə edə, bank hesabları aça və Dövlət Plan Komitəsinin birbaşa diktəsi olmadan tamhüquqlu kommersiya fəaliyyəti göstərə biləcəklər.
Uzun illər ərzində Kuba hökuməti milli valyutanın – Kuba pesosunun – reallıqdan uzaq, süni şəkildə müəyyən edilmiş rəsmi məzənnəsini qoruyub saxlamağa çalışırdı. Bu isə dolların həqiqi məzənnəsinin dövlətin müəyyən etdiyi kursu on dəfələrlə üstələdiyi nəhəng qara bazarın yaranmasına səbəb olmuşdu.
Yeni islahat valyuta mübadiləsinin sərbəst bazarını leqallaşdırır. Hakimiyyət faktiki olaraq küçə valyutadəyişənləri qarşısında məğlubiyyətini etiraf edir və indi xarici valyuta axınlarını qanuni məcraya yönəltməyə çalışır. Bunun üçün banklara real bazar məzənnələri ilə işləməyə icazə veriləcək.
.jpg)
Əhali üçün ən ağrılı addım isə, yəqin ki, ümumi dövlət subsidiyaları sisteminin ləğvi olacaq. Onilliklər boyu hər bir kubalı büdcədən subsidiya ayrılan simvolik qiymətlərlə minimum ərzaq məhsulları, kommunal xidmətlər və nəqliyyatdan istifadə etmək hüququna malik idi.
İndi isə ölkə sakinləri bazar iqtisadiyyatı qaydalarına keçirilirlər. Bundan sonra subsidiyalar mallara deyil, aztəminatlı insanlara veriləcək. Sosial dəstəyi almaqda davam etmək üçün onlar mütəmadi olaraq aztəminatlı statuslarını yeniləməli olacaqlar. Dövlət yardımına arxalanmağa alışmış milyonlarla kubalı üçün bu, əsas istehlak mallarının qiymətlərinin kəskin bahalaşması deməkdir.
“Nüanslı sosializm”, yoxsa “qohumbaz kapitalizmi”?
Kubanın özündə və ekspert dairələrində ölkənin hansı istiqamətə üz tutduğu barədə qızğın müzakirələr gedir. Rəsmi Kuba KİV-ləri yeni qanunların kapitalizm qarşısında təslimçilik deyil, “Kuba nüanslı sosializm” və ya “özünəməxsus sosializm” olduğunu iddia edirlər. Məmurlar bildirirlər ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində qalacaq, özəl sektor isə yalnız yardımçı rol oynayacaq.
Lakin müstəqil analitiklər və rejim tənqidçiləri hadisələrə daha skeptik yanaşırlar. Onların fikrincə, ölkədə XX əsrin sonlarının ən uğursuz nümunələrinə bənzər “qohumbaz kapitalizm” (crony capitalism) formalaşmağa başlayır. Tədqiqatçılar hesab edirlər ki, islahatlardan ən çox faydalanacaq tərəf adi kubalılar deyil, partiya və hərbi elitanın yüksək eşelonları olacaq.
Kubada ən gəlirli sahələrin, xüsusən də turizmin böyük hissəsi güclü hərbi konqlomeratın nəzarəti altındadır. Tənqidçilər ehtiyat edirlər ki, özəl bankların və iri investisiyaların leqallaşdırılması generallara və onların ailələrinə kölgə gəlirlərini qanuniləşdirmək imkanı verəcək. Nəticədə onlar partiya funksionerlərindən ölkənin aktivlərini etibarlı şəxslər vasitəsilə idarə edən tamhüquqlu oliqarxlara çevrilə bilərlər. 1990-cı illərin özəlləşdirməsini yaşamış insanlar üçün bu ssenari olduqca tanış görünür.
Hər halda, islahatlar Kubanın sosial strukturunda qaçılmaz tektonik dəyişikliklərə səbəb olacaq. Onilliklər boyu yoxsulluqda bərabərlik rejimlə əhali arasında qeyri-rəsmi ictimai müqavilə rolunu oynayırdı. Gəlirlər cüzi olsa da, dövlət pulsuz səhiyyəni, təhsili və ucuz ərzağı təmin edirdi. Bazar iqtisadiyyatına keçid bu müqaviləni faktiki qüvvədən salır.
Ölkə iki qeyri-bərabər hissəyə parçalanır. Bir tərəfdə sərbəst dönərli valyutaya çıxışı olan kubalılar – özəl kafe, mehmanxana və avtoservis sahibləri, həmçinin Mayamidə yaşayan qohumlarından müntəzəm dollar köçürmələri alanlar olacaq. Onlar yeni kommersiya mağazalarında alış-veriş edə, özəl bankların xidmətlərindən yararlana biləcəklər.
Digər tərəfdə isə dövlət hesabına yaşayan milyonlarla kubalı qalacaq: müəllimlər, həkimlər, dövlət sektorunun mühəndisləri və dəyərini sürətlə itirən peso ilə maaş və pensiya alan insanlar. Ümumi mal subsidiyalarının yüksək inflyasiya şəraitində ləğvi onları yoxsulluğun astanasına gətirib çıxarır. Hökumətin vəd etdiyi ünvanlı sosial yardımın qiymət artımını real şəkildə kompensasiya edə biləcəyi isə inandırıcı görünmür.
Marko Rubionun şəxsi mövqeyi ABŞ-nin Kubaya qarşı siyasətini necə müəyyənləşdirir?
Kubada baş verənlər Vaşinqtonun təzyiq siyasətinin aydın nəticəsidir. ABŞ-da Donald Tramp administrasiyası ardıcıl şəkildə Havanaya qarşı sanksiyaların maksimum sərtləşdirilməsi kursunu həyata keçirir və adaya xarici valyuta axınının bütün kanallarını bağlamağa çalışır.
Vaşinqton Kubanı terrorizmi dəstəkləyən dövlətlər siyahısında saxlamaqda davam edir. Bu isə ölkəni avtomatik olaraq beynəlxalq bank sistemindən təcrid edir və ona adi kreditlər almaq imkanını vermir. ABŞ sanksiyaları həm turizm sektoruna zərbə vurur, həm də adada biznes quran xarici şirkətləri cəzalandırır. Kuba hakimiyyəti vurğulayır ki, islahatlar “ABŞ-nin ilgəyi” şəraitində qəbul edilir. Kubanın ABŞ-ın sərt sanksiya siyahılarına salınması ölkəni manevr imkanından məhrum edib.
Bu siyasətin əsas ideoloqu ABŞ dövlət katibi, etnik kubalı Marko Rubiodur. Kubadan Mayamiyə mühacirət etmiş ailənin övladı olan Rubio babası tərəfindən sərt antikommunizm və Fidel Kastro rejiminə dərin nifrət ruhunda böyüdülüb. Onun üçün Kuba məsələsi sadəcə növbəti geosiyasi problem deyil, şəxsi ailə vendettası və ömürlük missiyadır.
ABŞ-da Kuba diasporunun mərkəzi sayılan Florida ştatında siyasi karyera quran Rubio qısa müddətdə Vaşinqtondan Havanaya qarşı yalnız ən sərt tədbirlərin görülməsini tələb edən mühacirlərin əsas sözçüsünə çevrildi. Senator olduqdan sonra o, Kuba ilə dialoqun bərpasına yönəlmiş bütün cəhdlərə ardıcıl şəkildə mane oldu. Rubio Barak Obamanın “yumşalma” siyasətinin ən qatı tənqidçilərindən idi və onu “diktatorları sakitləşdirmək” adlandırırdı. Daha sonra isə Donald Trampın ilk administrasiyası dövründə Kubaya qarşı sərt sanksiyalar siyasətinin baş memarlarından birinə çevrildi.
Tramp “Truth Social” sosial şəbəkəsində Marko Rubionun guya Kubanın prezidenti ola biləcəyi barədə yayılan memi şərh edərək “Pis səslənmir” yazmışdı. Görünür, ABŞ prezidenti dövlət katibinə Havananın tam kapitulyasiyasına və siyasi sistemini sökməyə məcbur edilənədək barışmaz iqtisadi müharibə aparmaq üçün geniş səlahiyyət verib.
Kuba hakimiyyəti xarici dünya ilə münasibətləri necə normallaşdırmağa çalışır?
Son dərəcə ağır böhran və yanacaq blokadası fonunda Havana Vaşinqtonla dialoqda hökumət əleyhinə etirazların iştirakçılarından bir növ sövdələşmə vasitəsi kimi istifadə etməyə çalışır. “Prisoners Defenders” təşkilatının məlumatına görə, Kubada siyasi məhbusların sayı 1200 nəfəri ötüb.
İyun ayında Kuba hakimiyyəti rejimin ən gənc siyasi məhbusu hesab olunan 16 yaşlı Conatan Devid Muiri azadlığa buraxdı. Yeniyetmə 2026-cı ilin martında hökumətin siyasətinə etiraz etdiyi üçün saxlanılmış və həbsdə saxlanılırdı. Muirin azad edilməsi ilk növbədə Avropa Birliyinə və ABŞ-dakı mötədil siyasi dairələrə ünvanlanmış siqnal idi: Havana iqtisadi əməkdaşlıq və maliyyə təcridinin yumşaldılması müqabilində kompromislərə və məhdud “yumşalma” siyasətinə hazır olduğunu nümayiş etdirmək istəyir.
Aprel ayında Ağ evin güclü təzyiqi altında Kuba hakimiyyəti 2000-dən çox məhbusu əhatə edən geniş amnistiya kampaniyasına başlamışdı. Məqsəd qarşıdurmanı yumşaltmaq və bunun müqabilində sanksiyaların yüngülləşdirilməsinə nail olmaq idi.
Lakin görünən odur ki, bu cür addımlar bu gün Tramp və Rubio üçün qəbuledilən variant deyil. ABŞ Dövlət Departamenti açıq şəkildə bəyan edir ki, danışıqlar yolu ilə böhranın həlli ehtimalı olduqca zəifdir, çünki Vaşinqtonun əsas məqsədi kommunist sisteminin tam şəkildə ləğv edilməsidir. ABŞ azadlığa buraxılan dissidentləri qəbul etməyə davam edəcək, lakin bunu yalnız sanksiyaların effektivliyinin sübutu kimi təqdim edəcək və Kuba hakimiyyətini təslim olmağa məcbur etmək üçün təzyiqi davam etdirəcək.
Kuba artıq geridönüş nöqtəsini keçibmi?
Kuba siyasətini araşdıran ekspertləri düşündürən əsas sual budur: həyata keçirilən islahatlar vaxtilə SSRİ-də tətbiq edilmiş NEP kimi müvəqqəti taktiki manevrdirmi, yoxsa sistem artıq geridönüşü olmayan mərhələyə qədəm qoyub?
CEDA təşkilatı üçün analitik Tamaris L. Bahamondenin hazırladığı hesabatlar da daxil olmaqla ekspert araşdırmalarında qeyd olunur ki, Kuba rəhbərliyi sərt siyasi nəzarəti qoruyub saxlamaqla bazar iqtisadiyyatına müəyyən azadlıqlar vermək arasında çox həssas tarazlıq yaratmağa çalışır. Hakimiyyət ümid edir ki, vətəndaşlara pul qazanmaq və biznes qurmaq imkanı verməklə küçələrdə sosial gərginliyi azalda biləcək.
Lakin tarix göstərir ki, iqtisadi azadlıqlar gec-tez siyasi azadlıqlar tələbi ilə müşayiət olunur. Kuba cəmiyyəti sürətlə sosial təbəqələrə bölünür. Qanuni özəl sektorun yaranması iqtisadi baxımdan müstəqil insanların yeni təbəqəsini formalaşdırır. Bu insanlar artıq iş yerlərinə və ərzaq payına görə dövlətə bağlı deyillər. Gec-tez onlar öz mülkiyyətlərinin qorunmasını, müstəqil məhkəmələri və ölkənin idarə olunmasında iştirak hüququnu tələb edəcəklər ki, bu da Kuba Kommunist Partiyasının siyasi inhisarını təhlükə altına qoyur.
Kuba bir daha nümayiş etdirir ki, iqtisadiyyatın qanunlarını nə ən alovlu inqilabi ritorika, nə də sərt repressiya aparatı ilə aldatmaq mümkün deyil. Tam iqtisadi iflas və hakimiyyətin itirilməsi təhlükəsi ilə üzləşən Havanadakı kommunist rəhbərlik vaxtilə nifrətlə yanaşdığı yolu seçməyə məcbur qaldı: özəl banklara və azad bazara qapıları açdı.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada