Rusların gizli İstanbul planı, admiralın yarımçıq qalan niyyəti... - II YAZI
Moskva türkləri İstanbuldan niyə çıxarmaq istəyirdi?
09 Sentyabr 2025
Əvvəli: Burada
Yeni əsr, köhnə planlar
Rus–yapon müharibəsi zamanı - 1904-cü ildə Rusiya Qara dənizdən Boğazlar vasitəsilə “Peterburq” və “Smolensk” gəmilərini keçirmişdi. Yük yerində gizlədilən toplar Aralıq dənizində yenidən quraşdırılmış və gəmilər köməkçi kreyserlərə çevrilmişdilər. Onlar neytral ölkələrin gəmilərini yoxlamağa başlamışdılar – Yaponiya üçün hərbi yükləri tapmaq məqsədilə. 1904-cü ilin iyulunda “Peterburq” tərəfindən Yaponiyaya hərbi qaçaqmal daşıyan ingilis “Malakka” gəmisini Qırmızı dənizdə saxlaması ilə qalmaqal baş verdi. Bu, İngiltərə ilə ciddi münaqişəyə səbəb oldu. London hesab edirdi ki, Rusiya Qara dəniz gəmilərini silahlandırmaq hüququna malik deyildi. II Nikolay qarşıdurmadan qaçmaq üçün bu reyder əməliyyatlarını dayandırmağı əmr etdi.
Rusiyanın əsas ixrac kanalı olan Boğazlardan istifadə rejimini dəyişmək cəhdi 1907-ci ildə Rusiya xarici işlər naziri Aleksandr İzvolski tərəfindən edildi. O, Avstriya-Macarıstan, Britaniya imperiyası, Fransa, İtaliya və Almaniyanın xarici işlər nazirləri ilə danışıqlar apardı.

İzvolski Rusiyaya sülh dövründə hərbi gəmilərin tranzit hüququnun verilməsinə nail olmaq istəyirdi və Bosniya və Herseqovinanın ilhaqına razılıq vermək müqabilində Avstriya-Macarıstanın dəstəyini qazanmağı planlaşdırırdı. Lakin Vyana öz xarici işlər naziri Aloiz Erentallın şifahi vədinə əməl etmədi, digər böyük dövlətlər isə İzvolskinin təşəbbüsünə ciddi maraq göstərmədilər. Londunun əsas mövqeyi dəyişməz qaldı: ya keçid bütün hərbi gəmilər üçün bağlı olmalı idi, ya da Boğazlar bütün ölkələrə açılmalı idi – bu isə Rusiyanın maraqlarına uyğun deyildi. Boğazların rejimi ilə bağlı nəzərdə tutulan beynəlxalq konfrans baş tutmadı. Rus nazir istefa verdi və Parisə səfir göndərildi. Rus diplomatiyasının yeni rəhbəri Sergey Sazonovun Türkiyə ilə razılaşma cəhdləri də nəticə vermədi.
Hərbi ekspedisiya planı 1908-ci ildə Gənc türklər inqilabı və Avstriya-Macarıstanın Bosniyanı ilhaqı ilə əlaqədar müzakirəyə çıxarıldı. Baş Qərargah rəisi general Fyodor Palitsın 1908-ci ilin iyulunda Odessa hərbi dairəsinin komandanı general Aleksandr Kaulbarsa məktub göndərərək bildirirdi ki, “ekspedisiyanın başlıca qayğısı boğazın hər iki sahilində Konstantinopol üzərində hakim olan əlverişli mövqelərin ələ keçirilməsi və siyasi məqsədlərlə müəyyən olunmuş nəticələrə çatmaq üçün yetərli qüvvələrin cəmləşməsinə qədər onların öz əlimizdə saxlanılması olacaqdır”. Böhranın nizamlanması bu planı gündəmdən çıxardı.
O, yenidən 1912-ci ildə, əvvəlcə İtaliya–Türkiyə müharibəsi ilə bağlı qaldırıldı. İtaliya donanmasının Dardanelə hücumundan sonra Türkiyə bütün gəmilərin Boğazdan keçidini bağladı. Britaniyalı gəmi sahiblərinin bir həftə ərzində ümumi zərəri 100 min funt sterlinqə çatdı, Rusiyanın taxıl ixracı isə 2,5 milyon puddan 0,5 milyon pudadək düşdü. İtaliya Rusiyaya Boğazlarda öz maraqlarının müdafiəsi üçün dəniz gücü nümayişi keçirməyi təklif etsə də, imtina cavabı aldı. Hərbi təsir tədbirlərindən əndişələnən Türkiyə böyük dövlətlərin təzyiqi altında iki həftə sonra gəmilərin keçidini açmağa məcbur oldu.
Birinci Balkan müharibəsi zamanı Rusiya imperiyası ehtiyatlı davranırdı: gizlində antitürk koalisiyasını dəstəkləyir, aşkarda neytrallıq nümayiş etdirirdi. Regional münaqişənin Avropa müharibəsinə çevrilməsi qorxusu vardı, Rusiya isə buna hazır deyildi. 1912-ci il noyabrın 8-də II Nikolay Rusiyanın Konstantinopoldakı səfirinə, şəhərdə anarxiya yaranacağı halda xristian əhalinin müdafiəsi üçün 5 minlik desant dəstəsi ilə gəmiləri çağırmaq səlahiyyəti verdi. Konstantinopolda tez bir zamanda möhkəmlənmək ideyası baş tutmadı, o cümlədən sərbəst nəqliyyat vasitələrinin olmaması səbəbindən.
Xarici İşlər Nazirliyi Bolqarıstan, Serbiya və Yunanıstanın müharibədə qazandıqları uğurlardan istifadə etməyə, Rusiya üçün Boğazların rejiminə yenidən baxılmasına nail olmağa çalışırdı və özünü sultanın maraqlarının müdafiəçisi, həm də bolqarların Konstantinopolu işğalının qarşısını alan qüvvə kimi göstərirdi. Bolqarıstanın Konstantinopolu ələ keçirmə təhlükəsi Rusiyanın Qara dəniz donanmasını Bosfora çıxara bilərdi, lakin bu, lazım olmadı. İkinci Balkan müharibəsi dövründə isə Rusiya status-kvonun saxlanılması mövqeyini müdafiə edirdi, o cümlədən Boğazların rejimi baxımından.
1913-cü ilin iyulunda Xarici İşlər Nazirliyi və Hərbi Dəniz Qərargahının əməkdaşları imperatora təqdim olunacaq hesabat layihəsini hazırlayırdılar. Orada siyasi məqsəd belə qoyulmuşdu: “qarşıdakı illərdə (1918–1919) Bosfor və Dardanelə yiyələnmək”, bunun üçün isə Dəniz Nazirliyi desant əməliyyatını hazırlamalı idi.
Birinci dünya müharibəsindən əvvəl Konstantinopolla bağlı son böhran türk ordusunu öyrətmək məqsədilə 1913-cü ildə Bosforda alman hərbi missiyasının peyda olması ilə bağlı idi. Onun rəhbəri general Otto Liman fon Sanders paytaxtın 1-ci türk ordusu korpusunun komandanı təyin olundu ki, bu da Konstantinopol və Boğazları onun nəzarətinə verirdi. Peterburq ciddi narahat oldu. Baş nazir Vladimir Kokovtsovun ifadəsi ilə desək, Rusiya “bir dövlətin Türkiyədə üstün mövqe tutmasına” qarşı etiraz etdi. Rusiya İngiltərə və Fransadan Türkiyəyə təzyiq göstərməyi və Almaniya ilə danışıqlara başlamasını xahiş etdi.
Üç ölkənin kollektiv demarşı üçün imkan vardı, hərçənd, Britaniya xarici işlər naziri Edvard Qreyin mövqeyi kifayət qədər yumşaq idi. 1913-cü ilin noyabrında üç dövlətin Türkiyədəki səfirləri şifahi sorğu verdilər. Böyük vəzirdən cavab gəldi ki, alman generalı “Boğazlara hakim olmayacaq, yalnız Konstantinopolda mühasirə halında komandanlıq edəcək”. Bununla belə, üç dövlətin qarşısında müəyyən güzəştlərə getdilər. Formal çıxış yolu Liman fon Sandersə süvari generalı və türk marşalı rütbələrinin verilməsi ilə tapıldı. Amma faktiki olaraq türk ordusundakı bütün önəmli mövqelər alman hərbi missiyasının əlində qalırdı. Bununla yanaşı, münaqişə üzündən Rusiya imperiyasının Türkiyə və Almaniya ilə münasibətləri xeyli pisləşdi, baxmayaraq ki, Rusiya digər məsələlərdə güzəştə getdi, məsələn, Türkiyədə erməni muxtariyyəti layihəsindən vaz keçdi.

Bosfor məsələsi 1914-cü ilin fevralında Rusiyanın hökumətində müzakirə olundu və sonrakı dövrlərdə dəfələrlə qaldırıldı. Gözlənilən ümumavropa müharibəsi gedişində Boğazlara yiyələnmək planlaşdırılırdı. Amma Birinci dünya müharibəsi başlayanda, admiral Aleksandr Bubnovun sonradan gəldiyi nəticə belə oldu: “Biz müharibəyə hər cəhətdən – siyasi, ictimai, hərbi və dəniz baxımından – Boğazlara sahib çıxmağa tamamilə hazırlıqsız girdik”. Rusiyanın potensial müttəfiqi Böyük Britaniya ilə müharibədə əməkdaşlıq üçün hərbi-dəniz konvensiyasının belə hazırlanmamasını buraya əlavə etmək olar.
Son cəhd
Müharibənin gedişi Bubnovun qənaətini təsdiqlədi. 1914-cü ilin payızı və 1915-ci ilin ilk yarısında Qara dənizdə üstünlük Almaniyanın “Göben” xətt kreyseri və “Breslau” yüngül kreyseri ilə güclənən türk donanmasında idi. 1915-ci ilin fevralında qərb müttəfiqləri Rusiyaya dəniz yolunu açmaq üçün Dardanel əməliyyatı keçirmək qərarına gəldilər. İngilis-fransız donanmasının əvvəlcə istehkamlara hücumu, sonra da desant əməliyyatı uğursuz oldu: türk müdafiəsi yarılmadı və fortlar tutulmadı. Ağır döyüşlər 1916-cı ilin yanvarına qədər davam etdi. Rus komandanlığı bu dövrdə (ya bacarmadı, ya da istəmədi?) müttəfiqlərə yardım etmək üçün nəinki uzun illər müzakirə olunan desant əməliyyatını həyata keçirmədi, hətta onun imitasiyası üçün belə cəhd göstərmədi ki, türk qüvvələrini Qara dəniz sahilini qorumağa yayındırsın. Yalnız Qafqaz ordusunun uğurlu hücum əməliyyatları Osmanlı imperiyası qüvvələrinin bir hissəsini həm Boğazların, həm də Türkiyənin taleyi həll olunduğu Gelibolu yarımadasından yayındırdı.
Rusiyanın müttəfiqlərlə aparılan danışıqlardakı diplomatik səyləri daha uğurlu idi. Artıq 1915-ci il martın 18-də Böyük Britaniya və Fransa hökumətləri, xarici işlər naziri Sergey Sazonovun sorğusuna cavab olaraq, ələ keçiriləcək Konstantinopolun və Boğazların Rusiyaya verilməsinə söz verdilər. 1916-cı ildə bağlanmış gizli müqaviləyə əsasən, Rusiya Konstantinopol və Qara dəniz boğazları ilə yanaşı, Qərbi Ermənistanı da əldə etməli idi. Bu isə 1915-ci ildə təsdiqlənmiş ingilis–fransız–rus sazişində vəd olunmuş ərazilərə əlavə idi.
Yalnız Qara dəniz donanmasının yeni komandanı Aleksandr Kolçakın dövründə, 1916-cı ilin payızında Bosfor əməliyyatına real hazırlıq başlandı. Onun minalardan, yeni döyüş gəmilərindən, sualtı qayıqlardan və aviasiyadan istifadə etməklə gücləndirdiyi Bosfor blokadası kifayət qədər uğurlu idi: Qara dənizdə Rusiya gəmiçiliyinin təhlükəsizliyi təmin edildi. Bu isə qoşunların desant məntəqəsinə itkisiz daşınmasına yüksək şanslar verirdi. Əməliyyatı həyata keçirmək üçün general Aleksandr Sveçinin komandanlığı altında Əlahiddə dəniz diviziyası yaradıldı.

1920-ci ildə, bolşeviklər tərəfindən güllələnməsinə az qalmış verdiyi ifadələrdə Kolçak belə deyirdi: “Bu Bosfor əməliyyatının planına görə, mənim birbaşa ixtiyarımda bir quru qoşun hissəsi, zərbə diviziyası vardı. Onun kadrları cəbhədən göndərilmişdi və komandiri Baş Qərargahın ən yaxşı zabitlərindən biri – general Sveçin təyin olunmuşdu. Qərargah rəisi isə Baş Qərargah polkovniki Verxovski idi. Bu diviziya mənim birbaşa nəzarətim altında hazırlanırdı və düşmən sahilinə ilk desant kimi atılaraq orada möhkəmlənməli, sonradan gələcək qoşunların çıxarılması üçün meydan təmin etməli idi. Bütün bu hazırlıq işləri fevral ayının sonunda baş verən dövlət çevrilişinə qədər gedirdi... Bosfor əməliyyatı isə 1917-ci ilin yazına planlaşdırılmışdı”.
1917-ci ildə, hətta Fevral inqilabı baş verməsəydi belə, bu planların reallığa çevrilməsi çətin idi. Əməliyyat üçün nəzərdə tutulan iki ehtiyat korpus Rumıniya cəbhəsini xilas etmək üçün ora göndərildi. Desant üçün nə kifayət qədər nəqliyyat, nə də çıxarma vasitələri vardı. Hətta Kolçakın enerjisi ilə belə bu məsələləri bir neçə ayda həll etmək mümkün deyildi, xüsusən də ordunun rəhbərliyi arasındakı əhval-ruhiyyəni nəzərə alsaq. Admiral Bubnovun qeyd etdiyi kimi, Bosfor əməliyyatı həyata keçirilmədi, çünki “donanma əməliyyata hazır olduğu zaman quru qoşun komandanlığı onun icrası üçün zəruri qoşunları vermədi. Onların gətirdiyi yeganə arqument əməliyyatı riskli hesab etmələri idi. Əslində isə bu arqument donanmaya və onun rəhbərlərinin əməliyyat qabiliyyətlərinə inamsızlığı gizlədirdi”. Baş qərargahın və onun rəisi Mixail Alekseyevin prioriteti quru əməliyyatları idi. Baltik donanmasının hazırladığı Riqa körfəzi sahillərinə desant əməliyyatının 1916-cı ildə ləğvi də səciyyəvidir.
1917-ci ilin Fevral inqilabından və Oktyabr çevrilişindən sonra Türkiyədə desant planları gündəmdən düşdü. Donanma dağıldı, 1918-ci ildə qismən Novorossiyskdə batırıldı, 1920-ci ildə qismən Bizertaya (Tunis) aparıldı. Acı bir qeyd etmək olar ki, müttəfiqlər tərəfindən işğal olunmuş Konstantinopolda rus “desantı” paradoksal şəkildə yenə də baş verdi: 1920-ci ilin yazında Novorossiyskdən Konstantinopola qaçqınların faciəli köçü formasında, noyabr ayında isə – general Pyotr Vrangelin qoşunlarının və mülki şəxslərin bir hissəsi, sayı 100 min nəfərə qədər.
1923-cü ildə Lozannada imzalanmış Qara Dəniz konvensiyası Boğazlar zonasının demilitarizasiyasını nəzərdə tutmaqla yanaşı, Bosfor və Dardanel vasitəsilə istənilən ölkənin yalnız ticarət gəmilərinin deyil, həm də hərbi gəmilərin (bəzi məhdudiyyətlərlə) sərbəst keçidinə icazə verirdi ki, bu da Qara dəniz ölkələri üçün təhlükə yaradırdı. SSRİ konvensiyanı imzaladı, lakin ratifikasiya etmədi. Leninin mövqeyi belə idi: həm sülh, həm də müharibə dövründə Boğazların xarici hərbi gəmilər üçün tamamilə bağlanması.
Hazırda qüvvədə olan 1936-cı il Montre konvensiyası, Boğazlarda gəmiçilik rejimini tənzimləyərək, Türkiyənin Bosfor və Dardanel üzərində suverenliyini bərpa etdi. Montre konvensiyası bütün ölkələrin ticarət gəmilərinə Boğazlardan sərbəst keçid hüququnu həm sülh, həm də müharibə dövründə qoruyur: “Sülh zamanı ticarət gəmiləri gündüz-gecə, istənilən bayraq altında və istənilən yük növü ilə Boğazlardan tam sərbəst keçid və hərəkət hüququna malikdir”. Qara dəniz ölkələri sülh zamanı əvvəlcədən Türkiyəyə xəbər verməklə istənilən sinif hərbi gəmilərini Boğazlardan keçirə bilərlər. Qara dəniz olmayan ölkələrin hərbi gəmilərinə isə sinif və tonnaj məhdudiyyətləri tətbiq olunur. Qara dəniz sahilində yerləşməyən dövlətlərin Qara dənizdə hərbi gəmilərinin ümumi tonnajı 30 min tonu keçə bilməz və burada qalma müddəti 21 günü aşmamalıdır.
Türkiyə müharibədə iştirak edərsə, eləcə də özünü birbaşa savaş təhdidi altında hesab edərsə, istənilən hərbi gəmilərin Boğazlardan keçidinə icazə verə və ya qadağa tətbiq edə bilər. Qara dəniz dövləti olan SSRİ (və Rusiya) üçün sülh dövründə hərbi gəmilərin Boğazlardan keçidi açıq idi.
1940-cı ilin payızında Berlin şəhərində Vyaçeslav Molotovun nasist liderləri ilə danışıqları zamanı sovet xarici işlər naziri Bolqarıstanla SSRİ arasında qarşılıqlı yardım müqaviləsinin bağlamasını və SSRİ-yə Bosfor və Dardanel bölgəsində hərbi-dəniz bazası verilməsi məsələsini qaldırdı. Özü də Moskvadan göndərilmiş məktubda SSRİ rəhbərlərinin bu məsələdə Almaniya, İtaliya və Yaponiya dəstəyinə ümid etdiyi ifadə olunurdu.
1945-ci ildə Potsdam konfransında Stalin Montre konvensiyasını yenidən nəzərdən keçirmək, Dardaneldə hərbi-dəniz bazası əldə etmək və Boğazlar vasitəsilə daha əlverişli keçid rejimi tələb etmək istədi, lakin müttəfiqlərdən imtina aldı. Sonradan SSRİ Türkiyəyə ərazi iddiaları irəli sürdü. Bu tələblərdən 1953-cü il mayın 30-da, Stalinin ölümündən sonra xarici siyasətin dəyişməsi ilə imtina edildi. Türkiyə 1952-ci ilin fevralında NATO-ya üzv olmaqla, hipotetik Stalin təcavüzündən qorunmaq və Boğazlar üzərində nəzarəti saxlamaq imkanı qazandı. SSRİ-nin Qara Dəniz donanmasının təlimlərində desant əməliyyatları müntəzəm məşq edilsə də, reallıqda İstanbul üzərinə yürüş arzularının tükəndiyini bütün ekspertlər anlayırdılar.
Bu gün isə Ukraynaya təcavüz səbəbindən Rusiya hərbi gəmilərinin Boğazlardan keçidi bağlanıb.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada