Müharibənin dəyişən məntiqi: Ermənistanın aldığı PUA-lara qarşı nə edə bilərik?
Azərbaycan özünün milli anti-PUA strategiyasını hazırlamalıdır
11 Fevral 2026
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanda səfərdə olarkən bu ölkəyə 11 milyon dollar dəyərində müşahidə pilotsuz uçuş aparatlarının (PUA) satışı barədə yeni müdafiə sazişini elan edib. Vens qeyd edib ki, bu dronlar Ermənistanın təhlükəsizliyi üçün istifadə olunacaq.
Ermənistanın ABŞ istehsalı olan Shield AI MQ-35 V-BAT pilotsuz uçuş aparatlarını əldə etməsi məsələni texniki silahlanma müstəvisindən çıxarır. Bu platforma klassik PUA anlayışından daha çox, şəbəkə-mərkəzli müharibənin hava elementi kimi qiymətləndirilməlidir.
V-BAT-ın əsas təhlükəsi onun daşıdığı sursatda deyil, döyüş sahəsində sensor xüsusiyyətləri, rabitə imkanları və qərarvermə dövrünü minimuma endirməsidir. Yəni bu sistemlər “vurmaq” üçün yox, görmək, informasiyanı ötürmək və prosesi yönləndirmək üçün dizayn edilib.
Müasir hərbi doktrinalarda üstünlük artıq platformalar arasındakı rəqabətlə deyil, OODA dövrünün (Observe–Orient–Decide–Act) düzgün rabitə və proqram təminatı əsasında idarə olunması ilə müəyyən edilir. V-BAT kimi PUA-lar Ermənistan tərəfinin, xüsusilə ölkə daxilində mövcud olan siyasi gərginlik fonunda, lokal üstünlük təsəvvürü yaratmağa hesablanmış addımı kimi dəyərləndirilə bilər.
Diqqət ayrılmalı kritik məqam ondan ibarətdir ki, bu tip sistemlərdə məlumat ötürülməsi gecikirsə, idarəetmə sabit deyilsə və qərarvermə dövrü uzanırsa, PUA texniki baxımdan sağlam qalsa belə, əməliyyat baxımından dəyərini itirir.
Məlumdur ki, ənənəvi yanaşma PUA-nı hava hücumundan müdafiə vasitələri ilə məhv etməkdir. Lakin bu üsul bahalıdır, miqyaslana bilmir və doymaya (saturation) qarşı həssasdır.
Azərbaycan üçün daha uyğun yol asimmetrik və proqram əsaslı cavabdır. Yəni platformanı deyil, platformanın işləmə məntiqini hədəfləmək.
Milli anti-PUA strategiyasının dərin strukturu
Burada söhbət təkcə “anti-dron sistemi”ndən deyil, əməliyyat səviyyəli anti-sistem qurmaqdan gedir:
Birincisi, yerli uzaqdan idarəetmə və müdaxilə imkanları vasitəsilə dron-operator əlaqəsinin qırılması. Bu, PUA-nı ya avtonom rejimə keçməyə məcbur edir, ya da missiyanı yarımçıq qoydurur.
İkincisi, tam milli şifrələmə və proqram təminatının tətbiqi. Bu, yalnız təhlükəsizlik məsələsi deyil, bu - müharibə zamanı çeviklik deməkdir. Alqoritmləri dəyişmək, davranışı adaptasiya etmək və yeni taktikalara saatlar ərzində keçmək imkanı yaradır.
Üçüncüsü, fiziki məhvə alternativ olaraq “funksional korlama” yanaşmasının tətbiqi. Belə olduqda PUA havada qalır, lakin döyüş sahəsində effektiv informasiya istehsal edə bilmir.
Dördüncüsü, PUA-nın uçuş nəzarətçisi moduluna (flight controller) yazılmış protokolların (tək və ya ikili) tərəfimizdən oxunaraq, fiziki idarəetmənin mənimsənilməsi və aparatın uyğun əraziyə sağlam şəkildə endirilməsi. Bu yanaşma Cyber-based Counter-UAS (C-UAS) — yəni kibertəhlükəsizlik əsaslı anti-dron sistemi adlanır. Qısa desək, bu, radioelektron müdaxilə (jammer) deyil, dronun öz rabitəsini ələ keçirərək, onu təhlükəsiz şəkildə endirən “cyber takeover” anti-dron sistemi kimi tanınır.
Strateji baxımdan nə qazandırır?
Bu model Azərbaycan üçün üç səviyyədə üstünlük yaradır:
- Taktiki səviyyədə – dronların effektivliyi azalır.
- Əməliyyat səviyyəsində – qarşı tərəfin kəşfiyyat və hədəfləmə zənciri qırılır.
- Strateji səviyyədə – texnoloji təşəbbüs Azərbaycan tərəfinə keçir.
Bu, reaktiv müdafiə deyil, proaktiv üstünlük strategiyasıdır.
V-BAT-lar region üçün yeni elementdir, lakin həlledici element deyil. Həlledici olan bu texnologiyaya hansı düşüncə ilə cavab veriləcəyidir. Düşünürəm ki, Azərbaycan üçün ən düzgün yol PUA yarışına girmək yox, PUA-ların məntiqini neytrallaşdıran sistemlər qurmaqdır.
Beynəlxalq hərbi təcrübə göstərir ki, müasir müharibələrdə üstünlük ilk atəşi açmaqla yox, informasiya üstünlüyünü ələ keçirməklə qazanılır. V-BAT kimi sistemlər məhz bu üstünlüyü formalaşdırmaq üçün nəzərdə tutulub.
Azərbaycan bu mərhələdə qabaqlayıcı strategiya seçməlidir. Yəni təhlükə reallaşdıqdan sonra yox, potensial üstünlük formalaşmamışdan əvvəl onun qarşısını almaq vacibdir.
Ermənistanın V-BAT PUA-ları alması texniki fakt ola bilər. Lakin Azərbaycanın bu mərhələdə qəbul etməli olduğu ən doğru qərar yalnız paralel silahlanma deyil, ağıllı texnologiya seçimi olmalıdır.
Milli, proqram mərkəzli anti-PUA strategiyası bu baxımdan həm real, həm də uzunmüddətli həll yoludur. Bu yanaşma ilə Azərbaycan regionda təhlükəni izləyən yox, texnoloji oyunu quran tərəf kimi mövqeyini möhkəmləndirə bilər.

Ceyhun Xəlilov,
Yeni Texnologiyaların İnkişafına Dəstək
İctimai Birliyinin sədri