Çatlı fenomeni: vətən fədaisi, yoxsa cinayətkar? - PORTRET
Dövlət-mafiya-siyasət üçbucağının sonsuzadək qaranlıq qalan silueti...
01 Aprel 2026
20 martda nümayişə çıxan “Çatlı” filmi Abdullah Çatlının fəaliyyəti ilə bağlı mübahisələri yenidən gündəmə gətirdi.
Abdullah Çatlı 3 noyabr 1996-cı ildə Balıkesirin Susurluk rayonunda baş verən yol qəzasında həlak olan şəxslərdən biri idi. Bu qəza Türkiyənin yaxın dövr siyasi tarixində mühüm dönüş nöqtəsi kimi tanınır. Hadisə zamanı Mehmet Özbay şəxsiyyət vəsiqəsini daşıyan Çatlı ilə yanaşı, sabiq polis rəisi müavini Hüseyn Kocadağ və Çatlı ilə əlaqəsi olan Gonca Us da həyatını itirdi. Həmin dövrün Doğru Yol Partiyasının (DYP) Şanlıurfa millət vəkili Sedat Bucak isə yaralandı.
Susurluk qəzası dövlət–mafiya–siyasət əlaqələrinin müzakirə mövzusuna çevrilməsinə səbəb oldu. Qəzadan sonra rəsmi məlumatlar, hesabatlar və məhkəmə işləri Çatlının qarışdığı cinayətləri üzə çıxardı. Bununla yanaşı, onu “vətən uğrunda mübarizə aparan” bir fiqur kimi təqdim edib müdafiə edən çevrələr də mövcuddur.
Ülkü Ocaqlarında yüksək vəzifəli idarəçi idi
Çatlı 1956-cı ildə Nevşehirdə anadan olub. Hələ lisey illərində Ülkücü hərəkatın tərkibində yer aldı. Liseyi bitirdikdən sonra Ankaraya getdi. 1977-ci ildə Ankara Ülkü Ocaqlarının vilayət sədri, bir il sonra isə Ülkücü Gənclik Dərnəyinin sədr müavini oldu. Dərnəyin sədri isə Muhsin Yazıcıoğlu idi.
Rəsmi məlumatlara görə, 1977-ci ildə Çatlı barəsində bəzi cinayətlərə görə iş açılmışdı. Bunlar arasında icazəsiz silah saxlamaq, polisə atəş açmaq və cinayət aləti kimi tapança gəzdirmək də var idi.
Bahçelievler qətliamı və Çatlı
Yenə rəsmi məlumatlara görə, 1978-ci ildə iki siyasi qətllə bağlı ittihamlar əsasında onun barəsində axtarış qərarı çıxarıldı. Bunlardan biri Hacettepe Universitetinin müəllimlərindən dosent Bedrettin Cömertin qətli idi.

11 iyul 1978-ci ildə Cömertin idarə etdiyi avtomobilə bir qrup şəxs tərəfindən atəş açıldı. Hadisədə Cömert həyatını itirdi, yanında əyləşən həyat yoldaşı isə yaralandı.
Digər hadisə isə ictimaiyyətdə “Bahçelievler qətliamı” kimi tanınan, Ülkücü Gənclik Dərnəyi ilə əlaqəli silahlı qrupun həmin dövrün Türkiyə İşçi Partiyasının (TİP) üzvü olan yeddi gənci öldürməsi idi.
Qrup TİP-çi gənclərin evinə basqın etdi, evdəki beş nəfəri efirlə huşsuz vəziyyətə saldı. Qətliamla bağlı iş materiallarına görə, plan çərçivəsində Çatlı çöldə bir avtomobildə gözləyirdi.

Basqın zamanı evə daha iki TİP-çi gənc gəldi. Bu gənclər Çatlının yanına aparıldı. Daha sonra həmin iki gənc Ankaranın şəhər mərkəzindən kənara aparıldı və yol kənarındakı bir tarlada başlarına güllə vurularaq öldürüldü.
Avtomobil daha sonra Bahçelievlerə geri döndü. Həmin gecə altı gənc həyatını itirdi. Yaralı bir gənc isə səkkiz gün sonra vəfat etdi.
Hadisədə iştirak etdiyini qəbul edən və bir müddət həbsdə qalan, Çatlıya yaxın şəxslərdən Haluk Kırcı məhkəmədə belə dedi: “Beş nəfəri mən edam etdim, iki nəfəri isə Abdullah Çatlı”. İfadələrdə və şahidlərin anlatmalarında Çatlıya “rəis” deyə müraciət edildiyi bildirildi.
Məhkəmə işi çərçivəsində 1982-ci ildə Çatlı barəsində “qətliamın təşkilatçısı” olduğu ittihamı ilə həbs qərarı, daha sonra isə beynəlxalq axtarış (qırmızı bülleten) elan olundu. Çatlı haqqında, 1979-cu ildə Abdi İpekçi sui-qəsdinin icraçısı ittihamı ilə həbsdə olan Mehmet Ali Ağca üçün saxta pasport təşkil etmək səbəbilə də həbs qərarı çıxarılmışdı.
12 sentyabr çevrilişindən sonra edam edilən ülkücü Mustafa Pehlivanoğlu ifadələrində “Çatlının əmri ilə illegal öldürmə və yaralama əməliyyatları təşkil etdiklərini” demişdi.
Xaricdə olduğu dövr və narkotik cinayəti üzrə həbs
Çatlı çevrilişdən sonra xaricə çıxdı. TBMM-də yaradılmış Susurluk Araşdırma Komissiyasında ifadə verən Çatlının həyat yoldaşı Meral Çatlı, xaricə çıxarkən dövlətin ərinə pasport və digər məsələlərdə kömək etdiyini iddia etmişdi.
Çatlının xaricdə Mehmet Ali Ağca və Oral Çelik kimi şəxslərlə əlaqələri davam etdi. Rəsmi açıqlamalara görə, Çatlı 1982-ci ildə İsveçrənin Sürix şəhərində saxta pasport daşıdığına görə saxlanıldı, lakin Türkiyəyə ekstradisiya olunmadı.
Meral Çatlı komissiyada verdiyi ifadədə özünün və ərinin 1984-cü ildə Türkiyəyə bir həftəlik istirahətə gəldiklərini söylədi. Onun sözlərinə görə, onları vətəndə rəsmi bir vəzifəli şəxs qarşıladı.
Abdullah Çatlı həmin il narkotik qaçaqmalçılığı ittihamı ilə Fransanın paytaxtı Parisdə saxlanıldı. Üzərindən saxta şəxsiyyət vəsiqəsi, 455 qram heroin, iki ədəd saxta pasport və Ştutqart Baş Konsulluğuna aid saxta möhür tapıldı.

O, 7 il həbs cəzasına məhkum edilərək La Santé həbsxanasına göndərildi.
Ankaranın Parisdən ekstradisiya tələbi, Türkiyədə ölüm cəzası olduğu üçün qəbul edilmədi.
Çatlı, Ağcanın 1981-ci ildə Papa II İohann Pavelə qarşı sui-qəsd cəhdi ilə bağlı işdə İtaliyada şahid kimi dindirildi. 1985-ci ildə narkotik qaçaqmalçılığı ittihamı ilə Fransadan İsveçrəyə ekstradisiya edildi. Zuq kantonundakı Bostadel həbsxanasında saxlanılarkən 1990-cı ildə qaçdı.
Xaricdə olduğu dövrdə “dövlət adına fəaliyyət” iddiası

Meral Çatlı ifadələrində bildirdi ki, xaricdə olduğu dövrdə ərinə ASALA-ya qarşı fəaliyyət tapşırığı verilib və Çatlı 28 hadisədə iştirak edib. Oral Çelik isə komissiyada verdiyi ifadədə dedi ki, 1981-ci ildə Fransada ona və Çatlıya dövlət rəsmiləri tərəfindən ASALA-ya qarşı əməliyyatlar aparmaq təklif olunub, onlar bunu qəbul ediblər və bir çox əməliyyat həyata keçiriblər.
12 sentyabrdan əvvəl Abdi İpekçi sui-qəsdi və Malatyada iki müəllimin öldürülməsi işlərinin icraçısı olan, İsveçrədə narkotik qaçaqmalçılığına görə bir müddət həbs yatdıqdan sonra Türkiyəyə ekstradisiya edilən Çelik, Çatlının çox yaxın adamı idi.
Qısa adı ASALA olan “Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu” təşkilatı 1973–1984-cü illər arasında dünyanın bir çox ölkəsində sui-qəsd və hücumlarla türk diplomatlarını və hərbi rəsmiləri hədəf almışdı.
Türk Silahlı Qüvvələri (TSK), Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis orqanlarında çalışmış Korkut Eken Susurluk Araşdırma Komissiyasında verdiyi ifadədə Çatlını tanıdığını dedi. Eken bildirdi ki, Abdullah Çatlı dövlət üçün kəşfiyyat xarakterli fəaliyyətlər həyata keçirib, xüsusilə Almaniyadakı PKK fəaliyyətlərinə dair məlumatlar verib və 1980-ci ildən əvvəl də dövlət üçün işlədiyini bildiyini söylədi.
Keçmiş MİT rəhbərlərindən Mehmet Eymür isə illər ərzində verdiyi açıqlamalarda Çatlının MİT daxilində bir qrup tərəfindən istifadə olunduğunu, özü bunun əleyhinə olduğunu, həmin qrupun yalnız bir erməni abidəsinə bomba qoymaq kimi bir neçə əməliyyat həyata keçirdiyini, ASALA-nın Çatlı və onun qrupu tərəfindən məhv edildiyi tezisinin isə “uydurma” olduğunu dedi.
Keçmiş MİT rəhbəri Sönmez Köksal Susurluk Araşdırma Komissiyasındakı ifadəsində “MİT olaraq Çatlını istifadə etməmişik” dedi. Çatlının ASALA-ya qarşı iştirak etdiyi iddia olunan əməliyyatlarla bağlı rəsmi və konkret məlumat yoxdur.
90-cı illərdə Türkiyədə
Çatlı 1990-cı ildə Türkiyəyə qayıtdı.
Susurluk Araşdırma Komissiyasındakı ifadələrə görə, Çatlı Türkiyədə bir tərəfdən “dərin” əlaqələrini davam etdirir, digər tərəfdən isə kommersiya fəaliyyəti ilə məşğul olurdu.
1992-ci ildə İstanbul Polis İdarəsi tərəfindən saxta pasportla xaricə çıxmağa cəhd ittihamı ilə barəsində iş açıldı. 1996-cı ildə Balıkesir Polis İdarəsi tərəfindən Mehmet Özbay adlı saxta şəxsiyyətlə Erdekdə lisenziyalı tapança ilə atəş açmaq ittihamı ilə barəsində iş aparıldı. Lakin bu hadisələrin heç birində həbs olunmadı. Halbuki ölümündən sonra verilən rəsmi açıqlamalara görə, Çatlı barəsində Bahçelievler qətliamının təqsirləndiriləni kimi həbs qərarı var idi.
O, həmçinin Mehmet Ali Ağcanın xaricə çıxarılmasına kömək etmək ittihamı ilə də axtarışda idi. Bundan əlavə, hərbi xidmətdən yayınmasına görə Nevşehir Hərbi Komissarlığı tərəfindən də barəsində həbs qərarı çıxarılmışdı. 1990-cı ildə İsveçrədə həbsxanadan qaçdığı üçün İsveçrə İnterpolu tərəfindən də bu ölkəyə ekstradisiya olunması üçün axtarılırdı.
Keçmiş Polis Kəşfiyyat İdarəsi rəisi müavini Hanefi Avcı 1997-ci ildə İstanbul Dövlət Təhlükəsizlik Məhkəməsi Respublika Baş Prokurorluğuna verdiyi ifadədə bildirdi ki, 1990-cı illərdə PKK-ya maliyyə dəstəyi verən şəxslərə qarşı polis, jandarma və MİT daxilində qanundan kənar üsullarla mübarizə aparan qruplar yaradılıb.
Avcı iddia etdi ki, böyük şəhərlərdə PKK-nın fəaliyyətinin azalması ilə bu qruplar dağılmayaraq, qismən rəsmi, qismən mülki şəxslərdən ibarət halda öz şəxsi maraqları naminə fəaliyyət göstərməyə başlayıblar. O, Abdullah Çatlının da bu mülki şəxslər arasında olduğunu irəli sürdü.
Həm keçmiş Baş nazirlik Təftiş Şurasının sədri Kutlu Savaşın 1998-ci ildə tamamladığı Susurluk hesabatında, həm də TBMM-dəki komissiyanın hesabatında, MİT-lə əlaqəli Tarık Ümitin 1995-ci ildə itkin düşməsində də Çatlının iştirakına dair iddialara yer verildi.
Bu hesabatlarda qumarxana sahibi Ömer Lütfi Topalın 1996-cı ildə öldürülməsinin də Çatlı ilə əlaqəli olduğu qeyd olundu. Hesabatlarda bildirilirdi ki, Topalın öldürüldüyü hadisədə istifadə olunan silahın darağında Çatlının barmaq izi aşkarlanıb.
“On fərqli pasportla səfərlər”
Keçmiş Polis Baş İdarəsinin rəisi Aladdin Yükselin TBMM-dəki komissiyada verdiyi ifadəyə görə, Çatlının Türkiyəyə on müxtəlif pasport və adla giriş-çıxış etdiyi müəyyən olunub. 1994–1996-cı illər arasında onun 122 dəfə xaricə getdiyi müəyyən edilib.
Onun hətta saxta adla verilmiş “yaşıl pasportu” da var idi. Çatlı 1994-cü ildə Mehmet Özbay adına düzəldilmiş saxta sənədlə “maliyyə müfəttişi” kimi yaşıl pasport almışdı. Pasportlarının bir hissəsini Türkiyədən, bir hissəsini isə London səfirliyindən əldə edirdi.
“Dövlətin əmri ilə”
Kutlu Savaşın Susurluk hesabatında Çatlı “dövlətin əmri ilə çalışan şəxs” kimi xarakterizə olunur. Hesabata görə, Çatlı Ankaraya gəldikdə keçmiş və hazırkı nazirlərlə, millət vəkilləri ilə görüşür, parlament kulislərində çay içib restoranında yemək yeyə bilirdi.
TBMM və Savaşın hesabatlarında qeyd olunur ki, Çatlı 1990-cı illərdə xüsusilə Anavatan Partiyasından (ANAP) bəzi siyasətçilərlə əlaqələr qurub.
Savaşın hesabatında belə bir ifadə yer alır: “Susurluk hadisəsinin bir çox görüntüsündə Abdullah Çatlı var. Amma Çatlının aydın mənzərəsinin fonu Ankaranın silueti ilə tamamlanır”.
İkinci MİT hesabatında Çatlı
1996-cı ilin sentyabrında dövrün İşçi Partiyası lideri Doğu Perinçek ictimaiyyətdə “2-ci MİT hesabatı” kimi tanınan sənədi mətbuat konfransı ilə açıqladı. Hesabatda PKK və bəzi sol təşkilatlara qarşı mübarizə “pərdəsi altında” başda Abdullah Çatlı olmaqla Haluk Kırcı, Sami Hoştan və Yaşar Öz kimi şəxslərin bir qrup yaratdığı iddia olunurdu.
Xüsusilə keçmiş baş nazir Tansu Çiller və keçmiş daxili işlər naziri Mehmet Ağar haqqında mühüm ifadələrin yer aldığı hesabat belə bir cümlə ilə başlayırdı: “Polis Baş İdarəsi tərəfindən PKK və Dev-Sola qarşı fəaliyyətlər üçün istifadə olunur görüntüsü ilə xüsusi bir cinayət qrupu yaradılmışdır”.
Ağar 2009-cu ildə Susurlukla bağlı bir məhkəmə işində verdiyi ifadədə Çatlını mətbuatdan tanıdığını dedi və ittihamları rədd etdi. O, sonrakı illərdə Susurluk işi ilə bağlı məhkəmədə bəraət aldı.
Dövrün baş nazir müavini Tansu Çiller Susurluk qəzasından qısa müddət sonra parlamentdə etdiyi çıxışda Çatlını tanımadığını desə də əlavə etdi: “Dövlət uğrunda güllə atan da, güllə yeyən də bizim üçün hörmətlə yad olunur. Onlar bizim üçün şərəflidir”.
Dövrün prezidenti Süleyman Dəmirəl isə belə dedi: “İstifadə olunubsa, onu istifadə edən dövlət dövlət deyil”.
Susurluk qəzası və izdihamlı dəfn mərasimi
5 noyabr 1996-cı ildə Çatlı üçün Nevşehirdə minlərlə insanın iştirak etdiyi dəfn mərasimi keçirildi. Onun Türkiyə bayrağına bükülmüş tabutunu daşıyanlar Çatlının lehinə şüarlar səsləndirir, bozqurd işarəsi göstərirdilər.

Dövrün Böyük Birlik Partiyasının (BBP) lideri Muhsin Yazıcıoğlu da dəfn mərasimində iştirak edənlər arasında idi.
Mirası nədir?
Kutlu Savaş Susurluk hesabatında Çatlı işi üzrə istintaqın yenidən başlanmasını təklif etmişdi.
Hesabatda qeyd olunurdu ki, Çatlının vəziyyəti və mövqeyi araşdırılmalı, hansı tarixdən etibarən, kimlərin tapşırığı ilə hansı fəaliyyətlərlə məşğul olduğu müəyyən edilməlidir: “Beləliklə, ictimaiyyətin Çatlı haqqında obyektiv qərara gəlməsi və dövlət qurumlarının səhv və doğruları ilə təmizlənməsi təmin olunmalıdır”.
Lakin Savaşın bu çağırışı heç vaxt həyata keçirilmədi. Bu səbəbdən Çatlı, haqqında həm çox şey məlum olan, həm də çox sayda qaranlıq məqamlar qalan bir fiqur kimi tarixdə qaldı.
Həm məhkəmə materialları, həm rəsmi hesabatlar, həm də xaricdəki məhkəmə işləri Çatlının törətdiyi cinayətləri və ona qarşı irəli sürülən ittihamları ortaya qoyur. Bununla belə, Türkiyədə müəyyən bir kəsim Çatlını “vətən fədaisi” kimi anlayışlarla müdafiə edir. Hər il ölüm ildönümündə məzarı başında anım mərasimləri keçirilir.

Sedat Peker də keçmişdə vaxtaşırı bu anım mərasimlərində iştirak edən şəxslərdən biri olub.
MHP sədri Devlet Bahçeli isə 2022-ci ildə anasının ölümü ilə bağlı yaydığı mesajda Çatlıdan “dava yoldaşım və tələbəm” kimi bəhs etdi. Nevşehirin İYİ Partiyadan olan bələdiyyəsi isə 2024-cü ildə şəhərdəki bir yol qovşağına Çatlının adını verib.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada