Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Ayətullahların inqilabı, şahın qaçışı, xanədanın son ümidi... - II YAZI
Pəhləvi sülaləsinin yüksəlişi və sonu

Əvvəli: Burada

Allah, Şah, Vətən

İqtidar mənə baş ağrısından başqa heç nə gətirmədi. Hakimiyyətimin başlanğıcından bəri – son 20 ildə – mənim bircə gün belə dincliyim və rahatlığım olmayıb. Halbuki bu, hər bir insanın haqqıdır”, – 1962-ci ildə Vaşinqtonda jurnalistlərlə görüşən Məhəmməd Rza Pəhləvi belə deyirdi. Abbas Milani gənc şahı “üfüqdə ciddi təhlükə görünən kimi taxt-tacdan imtina etməyə hazır olan istəksiz monarx” adlandırırdı. Bununla belə, sovet-britaniya işğalının şərtləri ölkədən qaçmağa əsas versə də, Məhəmməd Rza ölkədə qaldı.

1941-ci ildə senzuranın ləğvi və siyasi məhbuslara amnistiya verilməsindən sonra ölkədə onlarla partiya yarandı. Onların arasında SSRİ-nin fəal şəkildə dəstəklədiyi kommunist “Tudə” partiyası da var idi. Təsirini artıran Sovet İttifaqının dəstəyi ilə İran Azərbaycanında “milli hökumət” quruldu.

Bütün bunlara baxmayaraq, Məhəmməd Rza ingilisləri inandıra bildi ki, o, hakimiyyətinin əvvəlində düşünüldüyü kimi sadəcə “müvəqqəti həll” deyil. Tədricən İran nəzarət olunan ərazidən Britaniyanın müttəfiqinə çevrildi, bərabərhüquqlu olmasa da.

Şahın ilk böyük qələbəsi İran Azərbaycanındakı kommunist hökumətin devrilməsi oldu. Buna hərbi deyil, daha çox diplomatik yolla nail olundu: İranın baş naziri Əhməd Qəvam Moskvaya neft sazişi müqabilində qoşunların çıxarılması təklifini verdi. Paralel olaraq, ABŞ və Britaniya BMT xətti ilə SSRİ-yə təzyiq göstərirdi. Nəticədə sovet qoşunları geri çağırıldı, Kremlə sadiq rejim isə hərbi dəstəkdən məhrum qalaraq, tezliklə süqut etdi. Maraqlıdır ki, SSRİ nefti də ala bilmədi: baş nazir sazişi səsverməyə çıxardı, lakin Məclis onu dərhal rədd etdi.

Beləliklə, Məhəmməd Rza Pəhləvi ilk dəfə özünü müstəqil siyasətçi, üstəlik, ordunun ali baş komandanı kimi göstərdi. Həmin vaxtdan şah əmin oldu ki, onun hərəkətlərini “ilahi ağıl” yönləndirir. Bioqrafları qeyd edirdilər ki, o, gəncliyində bir neçə “mistik təcrübə” yaşamışdı. Dini baxımdan o qədər də həssas olmayan atası bu hekayələrə istehza ilə yanaşırdı, dindar anası isə bunu ilahi lütfün əlaməti hesab edirdi.

1949-cu ildə sui-qəsddən sağ çıxması Məhəmməd Rzanın özünü seçilmiş hesab etməsini daha da gücləndirdi. Hücum edən Nasir Fəhrai şaha beş dəfə atəş açdı, lakin sonra revolver tutuldu. Pəhləvi çiynindən yaralandı, güllələrdən biri yanağından keçərək ön dişlərini sındırdı, amma o sağ qaldı və həmin axşam xalqa müraciət etdi.

Şahın legitimlik problemi sanki öz-özünə həll olundu – o, “Tanrının aləti”nə çevrildi və başqa mandata ehtiyac qalmadı. Yeni ideologiyanı qısa şüar ifadə edirdi: “Allah, Şah, Vətən”. Milani qeyd edirdi ki, bu formulda ölkə şah üçün mövcud idi, əksinə yox.

Məhəmməd Rza Pəhləvinin hökumətində keçmiş məmur və onun bioqrafı Qulam Rza Əfhəmi yazırdı ki, şahın dindarlığı intellektual deyil, emosional xarakter daşıyırdı. O, ölkədə dinin rolunu gücləndirmək istəyirdi, lakin ruhanilərin yox. Üləmanın hakimiyyətini zəiflətmək cəhdi yeni “yuxarıdan inqilab”a gətirib çıxardı – bu, Rza şah dövründəkindən daha genişmiqyaslı və daha sərt oldu.

Arilərin Günəşi

Bu ölkədə inqilab baş verəcəksə, ona mən rəhbərlik edəcəyəm”, – deyən Məhəmməd Rza 1963-cü ilin yanvarında “Şah və xalqın Ağ inqilabı” adlandırılan geniş islahatlar paketini elan etdi. Pəhləvi qısa müddətdə İran cəmiyyətini yenidən təşkil etməyi planlaşdırırdı: iri torpaq sahiblərinin hakimiyyətini zəiflətmək, onları həm mülkiyyətin böyük hissəsindən, həm də siyasi çəkidən məhrum etmək. Monarxiya istiqamətini kəndlilərə yönəltdi – onları torpaq sahibi etmək, lakin eyni zamanda kooperativlər vasitəsilə (iranvari kolxoz modeli) dövlətə möhkəm bağlamaq niyyətində idi.

Torpaq islahatı ruhanilərin gəlirlərini təhlükə altına qoyur və kəndlərdəki nüfuzlarını sarsıdırdı – kəndlilər artıq dövlətlə münasibətdə vasitəçiyə ehtiyac duymurdular. Layihə həmçinin məhkəmələrdə və məktəblərdə dini hakimiyyətə toxunurdu: dünyəvi mülki məcəllələr tətbiq olunur, dövlət təhsil müəssisələrinin şəbəkəsi genişləndirilirdi. Ruhaniləri ən çox qəzəbləndirən isə qadınlara seçki hüququnun verilməsi oldu.

“Ağ inqilab”ın əsas rəqibi şiə ayətullah Ruhullah Xomeyni idi. O, islahatları antiislam, konstitusiyaya zidd və “amerikalılar tərəfindən quraşdırılmış” adlandırdı. Xomeyninin moizələri tələbələri gizli hücrələr yaratmağa və silahlı müqavimətə hazırlaşmağa ruhlandırırdı. Cavab olaraq xüsusi xidmət orqanları seminariyalara basqınlar edir, tələbələri döyür və onların ənənəvi geyimlərini yandırırdılar. Belə reydlərin birində tələbələrdən biri damdan yıxılaraq həlak oldu. Xomeyni dərhal bəyan etdi ki, şah “öz qəbrini qazıb” və ona qarşı “bir milyon şəhid” qaldıracağına söz verdi.

Bundan az sonra, 1963-cü ilin iyununda ayətullah həbs olundu. Dərhal minlərlə tərəfdarı küçələrə çıxdı — binaları yandırır, ələ keçirirdilər. Lakin iğtişaşlar inqilaba çevrilmədi — şah etirazçılara atəş açılması barədə şifahi əmr verdi. Müxtəlif mənbələrə görə, küçə çıxışlarının yatırılması zamanı onlarla adamdan bir neçə min nəfərədək insan həlak oldu. 

Nəticədə Xomeyni 1964-cü ilin noyabrında ölkədən sürgün edildi — şah üçün onun diri qalması, şəhidə çevrilməsindən daha az təhlükəli görünürdü. Arzuolunmaz ayətullahı Fransa istəksiz qəbul etdi. Paris ətrafında o, öz qərargahını qurdu, ziyarətçiləri qəbul edir, müsahibələr verir və moizələrini kasetlərə yazdırırdı; həmin kasetlər qaçaq yollarla İrana ötürülürdü (Xomeyni mühacirətdəki son 3,5 ayını Fransada keçirib. Sürgündəki ilk 10 ayını Türkiyədə, daha 13 ili isə İrqada yaşayıb).

Ruhanilər Pəhləviyə qarşı açıq çıxış edəndə, şah islamdan əvvəlki İrana üz tutdu və bununla üləmanın qəzəbini daha da artırdı. O, özünə Ariamehr (“Arilərin Günəşi”) titulunu götürdü və Pəhləvilərin gerbinə zərdüşti rəmzləri yerləşdirdi. Briqada generalının oğlu olan Məhəmməd Rza minillik monarxiyanın varisinə və Əhəmənilər sülaləsinin davamçısına çevrildiyini bəyan edirdi.

1971-ci ildə İranda monarxiyanın 2500 illiyi böyük təntənə ilə qeyd olundu. Səhrada, Persepolisin xarabalıqları yaxınlığında çadırlardan “şahənşah şəhərciyi” quruldu. Təntənələr minlərlə əsgərin Əhəməni geyimlərində iştirak etdiyi səhnələrlə müşayiət olunurdu. Bayrama on milyonlarla dollar xərcləndi.

Şah 1975-ci ildə təqvim islahatı apardı — hesab artıq hicrətdən (622-ci ildə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçü) deyil, fars hökmdarı Kirin taxta çıxmasından başlanırdı. 

Bu vaxt Xomeyni sürgündən şahla mübarizəni davam etdirirdi. Onun moizələrinə cavab olaraq saray ayətullahı həm kommunistlərlə, həm də Britaniya kəşfiyyatı ilə əlaqədə ittiham edən məqalə dərc etdirdi. Lakin bu yazı gözlənilmədən yeni iğtişaşlara səbəb oldu və hakimiyyət onları yenə atəş açmaqla yatırdı.

1978-ci il avqustun 19-da etirazların kəskin genişlənməsinə gətirib çıxaran faciə baş verdi: Abadan liman şəhərində “Rex” kinoteatrı yandırıldı, içəridə qalan 500-dən çox insan həlak oldu. Şah yanğında islamçıları günahlandırdı, müxalifət isə xüsusi xidmət orqanlarını. Həlak olanlara saxlanılan matəm tezliklə iğtişaşlara çevrildi və ölənlərin sayı minlərlə ölçülməyə başladı.

Etirazlar həmin ilin 8 sentyabrında pik həddə çatdı — həmin gün sonradan tarixə “Qara Cümə” kimi düşdü. Tehranın mərkəzindəki Jalə meydanında minlərlə insan toplaşaraq “Şaha ölüm! Müstəqillik, azadlıq, İslam Respublikası!” şüarları səsləndirirdi. Hərbçilər yenidən öldürmək məqsədilə atəş açdılar, lakin bu, etirazçıları dayandırmadı.

Kütlənin güllələnməsi ilə bağlı kadrlar dünyaya yayıldı və rejimin arxalandığı xarici dəstək sürətlə əriyib yoxa çıxdı: müttəfiqlər dinc əhaliyə atəş açan monarxiya ilə assosiasiya olunmaq istəmirdilər. Vaşinqton şahı müvəqqəti “məzuniyyətə” getməyə məcbur etdi. “Taxtdan imtina” sözü hələ səslənməsə də, küçə artıq monarxiyanın sonunu qeyd edirdi.

1979-cu ilin yanvarın 16-da Məhəmməd Rza Pəhləvi həyat yoldaşı və yaxın çevrəsi ilə birlikdə Misirə uçdu, fevralın əvvəlində isə Ruhullah Xomeyni İrana qayıtdı. 

 14 illik sürgündən sonra onu artıq müxalif vaiz kimi deyil, yeni hakim kimi milyonlarla tərəfdar qarşılayırdı. 11 fevralda İslam inqilabı qələbə qazandı — şahənşah ordusu müqaviməti dayandırdı.

Şahın “məzuniyyəti” alçaldıcı dünya turuna çevrildi: yeddi ölkə, sonsuz danışıqlar, bağlı qapılar. Heç kim — hətta keçmiş tərəfdaşları belə — onun taleyinə görə məsuliyyət götürmək istəmirdi: nə Vaşinqton, nə də London. Şahın səhhətində problemlər dərinləşirdi — o, son illər limfomadan əziyyət çəkirdi. Nəhayət, ona Qahirədə sığınacaq verildi və 1980-ci ildə orada vəfat etdi.

Şah İranının varisi

Sonuncu şahın oğlu Rza Pəhləvi 1967-ci ildə, hələ yeddi yaşı tamam olmadan vəliəhd elan edildi. İnqilab ərəfəsində o, ABŞ-a göndərildi və Texasdakı hərbi-hava bazasında Hərbi Hava Qüvvələrində təlim keçdi. O, bir daha İrana qayıtmadı.

Atasının ölümündən sonra Pəhləvi özünü II Rza — sürgündə şah elan etdi, lakin onu İranın qanuni hökmdarı kimi heç kim tanımır. Müxtəlif dövrlərdə şahzadəni ayətullah rejiminin əleyhdarları — ilk növbədə israilli və səudiyyəli iş adamları — maliyyələşdirirdilər; məqsəd onu mümkün qədər tanıtmaq və İslam Respublikasının müxalifət lideri kimi təqdim etmək idi.

II Rza həqiqətən də ən tanınmış iranlı müxalif simaya çevrildi, lakin media populyarlığını ölkə daxilində real dəstəyə konvertasiya edə bilmədi. 1986-cı ildə CIA televiziya siqnalını ələ keçirərək onun vətənə qayıtması barədə müraciətini İran efirində yayımladı. Lakin gözlənilən effekt baş vermədi.

Pəhləvi dəfələrlə bildirib ki, monarxiyanın əleyhinədir və özünü keçid dövrünün fiquru kimi görür. Ancaq ailəsinin tarixi göstərir ki, belə bir “keçid” onilliklərlə davam edə bilər.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada