200 illik qanlı tarix: dağlılar necə ram edildi... - II YAZI
Rusiyanın Qafqazı işğalının acı xronikası
07 Oktyabr 2025
Əvvəli: Burada
“Böyük vahimə yaymağa başlayıram”
Hərbiçilərlə yerli sakinlər arasında Staraya Sunda kəndində baş vermiş adi məişət münaqişəsi bir neçə Sunja kəndinin dağıdılmasına və əhalinin dağlara çəkilməsinə gətirib çıxardı. 1819-cu ildə Vnizapnaya qalasının inşasına başlandı. Çeçen və Dağıstan dəstələri onun tikintisinə mane olmağa çalışırdılar. Yayda tikinti yaxınlığında dağlılarla rus qoşunları arasında döyüş oldu və sonuncular qalib gəldi. 15 (27) sentyabr 1819-cu ildə 6 piyada bölüyündən, 700 kazakdan və 4 topdan ibarət qoşun Dadi-yurt kəndinə hücum etdi.
General Potto bu qorxutma əməliyyatı barədə yazırdı: “Gərək hər bir ev hücumla alınaydı, özü də yalnız damları sökərək… Artilleriya, çox vaxt, ən yaxın məsafədən işləyirdi, yəni yüz addımdan da az və düşmənin atəşi altında. […] Bu dəhşətli döyüş beş saat davam etdi və kənd yalnız bütün müdafiəçilər yerində həlak olduqdan sonra alındı; yalnız yaralar üzündən taqətdən düşmüş 14 nəfər əsir alındı. Güllədən xilas ola bilən az sayda qadın və uşağa aman verildi […] amma onların sayından ikiqat çoxu öldürüldü və ya kəndi bürüyən yanğında öldü. Aul sözün əsl mənasında yerlə-yeksan edildi”. 500-dən çox çeçen öldürüldü, rusların itkisi isə 61 nəfər ölü və 200 yaralı oldu.
Aleksey Yermolov özü Dadi-yurt aksiyasına belə qiymət verirdi: “Günün böyük bir hissəsində döyüş ən şiddətli şəkildə davam etdi və indiyədək heç bir halda bu qədər ciddi itki verməmişdik. Zabitlərdən əlavə, öldürülən və yaralananların sayı 200 nəfərə çatdı. Düşmən tərəfdən isə silah tutanların hamısı məhv edildi və onların sayı dörd yüz nəfərdən az deyildi. Qadın və uşaqlardan 140 nəfərə qədər əsir götürüldü, əsgərlər rəhm edib aman verdilər, çünki onlar artıq tamamilə müdafiəsiz qalmış və rəhm diləmişdilər (lakin onlardan qat-qat çoxu qılıncdan keçirilmiş və ya evlərində artilleriya və yanğından ölmüşdülər). Əsgərlərə yetərincə bol qənimət qaldı, çünki kəndin sakinləri əsas quldurlar idilər və sərhəd xəttinə yaxın olduqları üçün, demək olar, heç bir oğurluq və qarət onların iştirakı olmadan baş vermirdi. Lakin əmlakın böyük hissəsi alovda məhv oldu. Kənd 200 evdən ibarət idi”.
General yazırdı: “Bu diyarda belə nümunə hələ görünməmişdi, mən də bunu yalnız vahimə yaymaq üçün göstərdim”. O, məmnun idi və başqa bir məktubunda bildirirdi: “Bizə düşmənçilik bəsləyən xalqlar arasında dağlarda böyük vahimə yaymağa başlayıram”.
Qafqazdakı rus qoşunlarına komandanlıq edən praqmatik Yermolov əsgərləri paradlarla əldən salmağı qadağan etdi, ərzaq və içki normalarını artırdı, kiverlərin əvəzinə papaq, çantaların əvəzinə kətan torba, qışda şinel əvəzinə yarımkürk geyməyə icazə verdi, möhkəm kazarmalar və Tiflisdə hospital tikməyi əmr etdi və hərbçilərin həyatını yaxşılaşdırmağa çalışdı. Onun üçün əsas döyüşə hazırlıq idi, meydan təlimləri və forma onu maraqlandırmırdı. Bu isə sonradan mərkəzdən gələn yoxlamaların iradına və general İvan Paskeviçlə ziddiyyətlərə səbəb oldu. Yermolov Qafqazı, demək olar ki, mütləq səlahiyyətlə idarə edir, soyuq hesabla, planlı, israrlı və enerjili şəkildə bölgəni zorla ram etmə siyasətini həyata keçirirdi və kütləvi qurbanlar hesabına qələbəni adi hal sayırdı.
Tarixçi Sergey Lazaryan qeyd edir: “Yermolov Qafqaza onu ram etmək, zəhmətinə qarşılıq mükafat-qənimət kimi ələ keçirmək və bu şəkildə Rusiyaya təqdim etmək üçün gəlmişdi. […] O, Qafqazda hər şeydən əvvəl imperiyanın hərbi və cəza gücünü nümayiş etdirirdi, təslim və itaət əldə etməyə çalışırdı […], səbirsizlik və qəzəb dolu idi. O, Qafqazı üç ilə dəyişmək niyyətində idi, onun üçün hər hansı ‘lənglik’ zərərli idi”.

1819-cu ildə Yermolov çeçenlərə Çeçenistandan kənarda bütün ticarət əməliyyatlarını qadağan etdi. Dağıstanlıların Azərbaycana, Gürcüstana və Çeçenistana gedişi bağlandı. Çeçenistan və Dağıstana ərzaq gətirilməsi qadağan edildi. Yermolov hətta Çeçenistanın və Dağıstanın qonşu bölgələri arasında ticarəti də yasaqladı. Bu, hətta generalın tabeliyində olanlarda da anlaşılmazlıq yaradırdı, lakin kök salmış korrupsiya qadağaları aşmağa imkan verirdi.
1820-ci ildə səfərbər olunan düzənlik sakinlərinin qüvvəsi ilə yeni yollar salındı və meşələrdə yollar açıldı. Meşə yolları tüfəng atəşi məsafəsinə qədər (ərazi imkan verirdisə, 500 metrədək) genişləndirilirdi. Tolli və Germençuk kəndləri talandı, Dərbiş və Şelçixa aulları məhv edildi.
1820-ci ildə, demək olar, bütün çeçen kəndlərindən nümayəndələr Qroznı qalasına gəldi. Yermolov başbilənlərdən qeyd-şərtsiz itaət tələb etdi, lakin cəza ekspedisiyalarının dayandırılacağına dair heç bir təminat vermədi. Belə siyasət 1821-ci ildə faktiki bütün Çeçenistanda üsyan başlamasına səbəb oldu. Yermolov bu diyarı daim “bütün quldurların yuvası” adlandırırdı. 1821-ci ilin mayında Mayrtup kəndində “ümumçeçen” yığıncağı keçirildi, Beybulat Taymiyev üsyançıların hərbi rəhbəri, Məmməd Mayrtupski isə ruhani rəhbəri seçildi. Sonradan onlara qazı Əbdülqədir də qoşuldu. Buna cavab olaraq general Nikolay Qrekov yayda Mayrtup ətrafındakı aulları dağıtdı.
1822-ci ilin yanvarında general Nikolay Qrekov Qroznıda cəza dəstəsi topladı: üç piyada taboru, üç kazak alayı və 13 top. Beybulat Taymiyev qüvvələrini Şali yaxınlığındakı meşə yolunda topladı və buranı səngərlərlə, barrikadalarla möhkəmləndirdi. Lakin Grekov Kiçik Çeçenistana yürüdü, bir neçə kənddən keçdi və çeçenlərin qurduğu barrikadaları sökdü. Məhv edilmə təhlükəsi qarşısında qalan kəndlər girov verdilər, qoşunları ərzaq və yemlə təmin etdilər. 8 (20) fevral 1822-ci ildə ruslar əvvəlcədən salınmış körpüdən keçərək Arqun çayını adladılar və üsyançılara hücum etdilər. 9 (21) fevralda baş verən döyüşün taleyini rus artilleriyası həll etdi. 12 (24) fevral 1822-ci ildə şiddətli hücumdan sonra Şali və Novıye Ataqi kəndləri tutuldu və tamamilə yerlə-yeksan edildi.
Yermolov Kumıkiyanın ram edilməsi üçün buranın kəndlərinə cəza yürüşləri təşkil edirdi. 1818-ci ilin oktyabrında general Andrey Pestelin iki minlik dəstəsi Başlı şəhərində dağlı dəstələri və Dağıstan qoşunları tərəfindən mühasirəyə alındı. Üç günlük döyüşdə 500 nəfərə qədər itki verən dəstə Dərbəndə çıxa bildi. Yermolovun qisası isə dəhşətli oldu. Pestel əsasən nüfuzlu ailələrdən olan 29 nəfər gənc və yeniyetmə girovu Dərbənd zindanına saldı. Yermolov onlardan 17 nəfər daha böyüyünün asılmasına əmr verdi, qalan azyaşlılar isə “bağışlandı” və Dərbənddə girov sarayında saxlanıldı. General fərmanında yazırdı: “Bu hadisə haqda Hökmdara məlumat verməyə ehtiyac yoxdur, çünki bu diyarda mənə Rusiyaya xəyanət edənləri ölümə məhkum etmək ali səlahiyyətlə verilmişdir”. I Aleksandrın öz canişini haqda bir dəfə “Yermolovun qəlbi onun çəkməsi qədər qaradır” deməsi təsadüfi deyildi.
1819-cu ilin dekabrında Yermolov Akuşa auluna yürüş etdi. Qısa döyüşdən sonra akuşalıların dəstələri darmadağın edildi və əhali Rusiya imperatoruna sədaqət andı içməyə məcbur oldu.
Eyni dövrdə Qaziqumuxlu Surxay xan 1819-cu ildə Çiraq qarnizonuna hücum edərək, demək olar, tamamilə məhv etdi, lakin geri çəkilməyə məcbur oldu. Yermolov Qaziqumux xanlığını tutmaq və lakları ram etmək qərarına gəldi. Surxay Kunbuttay lak dəstələrini topladı və Xosrex kəndi yaxınlığında möhkəmləndi. Qonşu azad icmalardan dağlılar da gəldi. 1820-ci ilin iyununda Xosrex aulu yaxınlığında şiddətli döyüş oldu. Əvvəlcə çar qoşunları bir neçə dəfə geri çəkildi, lakin sonda dağlılar artilleriya atəşi altında döyüş meydanını tələsik tərk etməli oldular, 1000-dən çox adam öldürüldü, 600 nəfər əsir düşdü. General Yermolov imperatora verdiyi raport nikbin idi: “Dağıstanın keçən il başlanmış ram edilməsi işi tamamlandı, ilk dəfə itaət göstərən bu qürurlu və döyüşkən ölkə Sizin İmperator Əlahəzrətinizin müqəddəs ayaqları altına sərildi. Öz torpaqlarından qovulan Surxay xan Soqratla qaçdı…”.
Yermolov Dağıstanın kiçik xanlıqlarını nifrətlə qarşılayırdı, düşünürdü ki, onlarsız da keçinmək olar və bölgəni hərbi üsulla idarə etmək mümkündür. Əraziyə nəzarət üçün pristav institutu tətbiq edildi; onlar mahiyyətcə hərbi məmurlar idi. Vəzifələri dağlı üsyanlarının qarşısını almaq üçün həyatlarına nəzarət etmək idi. 1819–1821-ci illərdə bir neçə dəfə məğlubiyyətə uğrayan Dağıstan hakimlərinin mülkləri ya Rusiyaya vassal olanlara verilir, ya da ləğv edilirdi. Lakin xanlar öz təbəələrinə Yermolov və onun məmurlarından daha anlaşıqlı idilər. Və elə ki xanlıqlar dağıdıldı, onların hökmdarları xalqı nəzarətdə saxlaya bilən vasitəçilər kimi rollarını itirdilər, Qafqazın dağlı cəmiyyətləri dini əsas üzərində birləşməyə başladılar ki, bu da milli səfərbərlik imkanını təmin edirdi.
“Həlak olanlar arasında günahsızlar da vardı”
Yermolovun siyasəti I Aleksandr tərəfindən ümumən bəyənilirdi. İmperator 1820-ci ildə qərar verdi ki, bütün Qara dəniz kazak qoşunu (40 min nəfərə qədər) Əlahiddə Gürcüstan korpusuna daxil edilsin və onun adı dəyişdirilərək, Əlahiddə Qafqaz korpusu olsun. Yermolov kazaklara ödənişi iki il sonra başlamaqla Kuban sahillərində torpaq verdi.
1821-ci ildə Xəzər dənizi sahilinə yaxın Tərki şamxallığı ərazisində Burnaya qalası tikildi. Onun tikintisinə mane olmağa çalışan avar xanı Əhmədin qoşunları darmadağın edildi. 1823–1824-cü illərdə Kubanarxası çərkəzlərə qarşı bir sıra cəza ekspedisiyaları aparıldı. Knyaz Mixail Şervaşidzeyə qarşı üsyan edən abxazlar 1824-cü ildə silah gücünə ram edildilər.
Aleksandr Puşkin yazırdı:
“Lakin budur - Şərq hayqırır!
Əy qarlı başını, Qafqaz,
Təslim ol, Yermolov gəlir!”
Ancaq Qafqaz təslim olmadı. 1825-ci ildə Çeçenistanda yeni böyük üsyan başladı. 8 (20) iyulda dağlılar Əmirhacıyurt postunu ələ keçirdilər və Gerzel istehkamını tutmağa çalışdılar. 15 iyulda generallar Dmitri Lisanoviç və Nikolay Qrekov 3360 nəfərlik dəstə və toplarla mühasirədəki Gerzel-aul qalasının köməyinə gəldilər. 18 (30) iyulda Gerzel-aulda 318 nəfər kumık və çeçen ağsaqqalı toplandı. Onların qarşısında çıxış edən general Qrekov öldürüldü, Lisanoviç isə ağır yaralandı.
Generalın qətli və Lisanoviçin son əmri – “Vurun!” – nəticəsində əsgərlər ya dəvət edilmiş ağsaqqalların hamısını, ya da 200-ə qədərini qılıncdan keçirdilər. Tarixçi Vasili Potto yazırdı: “Çoxlu kumıklar bəlanı görüb ikiayaqlıdan əsgər tüfənglərini qamarladılar, digərləri xəncərlərlə müdafiə olunaraq on səkkiz əsgəri yaraladılar, amma hamısı oradaca həlak oldu. Həlak olanlar arasında heç bir günahı olmayan, ruslara sadiqliyi sınanmış adamlar da vardı. Qəzəblənmiş əsgərlər asiyalı geyimində gözlərinə sataşan heç kimə aman vermirdilər”.

Çeçenistandakı üsyanın lideri Beybulat Taymiyevin dəstəsi 1825-ci ilin avqustun sonunda Qroznı qalasını ələ keçirmək üçün uğursuz cəhd göstərdi. 25 noyabr (7 dekabr) tarixində isə o, Kalinovskaya stanisası yaxınlığında general Yermolovu əsir götürməyə çalışdı. Bunun əvəzində Yermolov 1826-cı ilin yanvar–fevral aylarında Böyük Çeçenistana cəza ekspedisiyası təşkil etdi və Ataqi, Çaxkeri, Uruş-Martan və Gexi aullarını məhv etdi. 30 yanvarda (11 fevralda) Arqun çayı sahilində baş verən döyüşdə çeçen və ləzgilərdən ibarət qoşun məğlub edildi. 1826-cı il ərzində ordu Çeçenistana bir neçə dəfə yürüş etdi, meşələr qırıldı, meşə yolu açıldı, rus qoşunlarını qəbul etməkdən azad aullar ram edildi. Tabe olmayan kəndlər yerlə-yeksan edilir, dağlılar isə getdikcə daha ucqar dağlara sıxışdırılırdı. Tarixçi və Yermolovun bioqrafı Yakov Qordin yazırdı: “Çeçen qadın və uşaqların qanlı kölgələrinin Yermolovu narahat etdiyini düşünmək üçün heç bir əsas yox idi”.
Təəccüblüdür ki, Yermolov təxminən 1824–25-ci illərdə imperiya üçün yeni təhlükəli hərəkatın – müridizmin yaranmasına o qədər də diqqət yetirmədi. Məhəmməd Yaraqi və onun müridləri dağlıların düşüncəsini alovlandırır, qeyri-müsəlmanlara qarşı müqəddəs müharibə – qəzavatın yaxınlaşdığını təbliğ edirdilər. Bu ideologiyanın kütləvi yayılmasını çox gözləmək lazım gəlmədi.
Yermolovun fikrincə, Qafqaz yalnız qorxu gücü ilə idarə oluna bilərdi. Bu, kobud səhv idi, lakin canişin doğruluğuna şübhə etmirdi. 1827-ci il yanvarın 11-də (23-də) Stavropolda balkar knyazlarının nümayəndə heyəti Balkariyanın Rusiyanın təbəəliyinə qəbul edilməsi barədə ərizə təqdim etdi. Amma bu da Yermolovun Qafqaz prokonsulu mövqeyini qorumasına kömək etmədi. Hələ 1826-cı ildə Qafqazdakı qoşunlara komandanlıq etmək üçün general İvan Paskeviç göndərilmişdi. Onun Yermolova tabeçiliyi formal idi.
Ola bilər, I Nikolay 1827-ci ilin martında Yermolovu vəzifəsindən azad edib malikanəsində yaşamağa göndərərkən, yalnız çarın sevimlisi, Qafqazdakı yeni “gözü” Paskeviçlə olan münaqişəni, ordudakı nizamsızlıqları və dekabristlərlə əlaqələrə dair qeyri-müəyyən şübhələri deyil, həm də dağlı xalqlara yanaşmada buraxılmış bu sistemli səhvi də nəzərə alırdı. Müfəttiş general İvan Dibıç imperatora yazırdı: “General Yermolov hələ də mənim mülki işlərlə bağlı qeydlərimə heç bir izahat verməyib. Mən əvvəlki fikrimdə qalıram: nöqsanlar olduqca çoxdur, amma zülm və cinayətlər barədə donoslara heç bir inam yoxdur”. Şikayətlər var idi ki, qoşunlar pis vəziyyətdə, intizamsız, səhlənkar idilər, korpusda oğurluq qeyri-adi dərəcədə çox idi; əsgərlər bir neçə illər boyu maaşlarının ödənilməməsindən narazı idilər, hər şeyə ehtiyac duyurdular, maddi təminatın özü isə tamamilə baxımsız vəziyyətdə idi.
Çar isə Dibıçdan tələb edirdi: “Ümid edirəm, siz özünü aldada bilən, yalanı özünə faydalı olduqda fəzilət sayan və aldığı göstərişləri heçə sayan adama aldanmazsınız”. Bununla belə, Dibıç Yermolovun istefasının əleyhinə idi. Amma 1827-ci ilin martına qədər Yermolovla Paskeviçin münasibətləri elə gərginləşdi ki, birgə xidmət tamamilə mümkünsüz oldu. Amma qərarı verərkən əsas amil, görünür, başqa idi: məsələ təsərrüfatdakı nöqsanlarda və ya İranla müharibə planı ətrafında mübahisələr deyildi, imperatoru narahat edən əsas məqam Yermolova ordunun yüksək sədaqəti idi ki, bu da təhlükəli görünürdü. Məhz buna görə də o, vəzifədən kənarlaşdırıldı. Yermolovun gedişinə əsgərlər və zabitlər təəssüflənirdilər. Onun sayəsində Rusiyanın hakimiyyəti altına düşən xalqlar ümid edirdilər ki, dəyişikliklər onlara xeyir gətirəcək.
Amma yeni rəhbərlik dövründə orduda prinsipial dəyişikliklər olmadı, çünki baş komandan olan İvan Paskeviç əsasən “xarici cəbhə” ilə – Türkiyə və İranla müharibələrlə məşğul idi. Paskeviçin komandanlığı altındakı “Yermolov” ordusu 1827-ci ilin avqustunda Naxçıvanı, oktyabrda isə İrəvanı ələ keçirdi. 1828-ci ilin fevralında Türkmənçay kəndində İranla sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, İran İrəvan və Naxçıvan xanlıqlarını Rusiyaya güzəşt edir, üstəlik 20 milyon gümüş rubl təzminat ödəməli olurdu.
1828–29-cu illərin Türkiyə müharibəsində Paskeviçin ordusu Qars, Atskur, Ərdəhan, Bəyazid və Diyadın qalalarını aldı. Sərəskər Saleh paşanın ordusu Qarsdan Ərzuruma gedən yolda 1829-cu ilin iyununda darmadağın edildi, 30 verst təqib olundu, möhkəmləndirilmiş düşərgə tutuldu. Qənimət kimi 31 top, böyük artilleriya və ərzaq ehtiyatları ələ keçirildi. “İki gün ərzində rus qoşunlarından sayca üç dəfə artıq olan iki ordu qraf Paskeviçin başçılığı altında darmadağın edildi”, – zəfər raportunda deyilirdi. Bu zəfərlərdən sonra Paskeviç ordunu Anadolunun paytaxtı Ərzuruma yönəltdi və şəhərin təslim olmasını tələb etdi. Şəhər təslim oldu. Paskeviç I dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi.
Paskeviç Ədirnə sülhündən əvvəl də, sonra da dağlılara qarşı Yermolov kimi amansız daxili müharibələr aparmadı. Yeni canişin daha çox türklərin desant ehtimalının qarşısını almaq üçün Qara dəniz sahilində yaşayan adıqların üsyanlarını yatırmağa diqqət edirdi. Qoşunlar şapsuqların və abzahların torpaqlarında istehkamlar qurur, Qaqra keçidini tutur, Soyuqsu burnunu və Pitsunda körfəzini ələ keçirirdilər.
Paskeviç məhkəmə və idarəetmədə sui-istifadələrin aradan qaldırılmasına diqqət yetirirdi, əlbəttə, imkan daxilində. O, erməni-qriqoryan kilsəsinin idarəsi haqqında nizamnamə hazırladı, Tiflisdəki “zadəgan məktəbi”ni gimnaziyaya çevirdi, xanım qızlar institutu təsis olundu, ictimai kitabxana yaradıldı, “Tiflis xəbərləri” qəzeti nəşr olunmağa başladı. Paskeviç bu idarəçilik təcrübəsi ilə 1831-ci ildə Polşa üsyanını yatırmağa göndərildi.
Yermolovun gedişindən sonra bir neçə il ərzində dağlılarla hərbi qarşıdurmanın səviyyəsi azaldı: hökumət Türkiyə və İranla müharibə şəraitində əlavə problemlər istəmirdi və yerli əhaliyə qarşı yeni əsassız yürüşlərə başlamırdı.
General Aleksey Yermolovun rəhbərliyi ilə aparılan Qafqaz müharibəsi onu 1812-ci il Vətən müharibəsinin qəhrəmanından XIX əsrin ən qəddar rus müstəmləkəçilərindən birinə çevirdi. Onun yaratdığı nifrət və qəzəb mühiti həm sonrakı rus generallarına, həm də onların rəqiblərinə təsir göstərirdi. Yermolov Qafqazı tərk edəndə müharibənin sonu görünmürdü…
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada