Yeni təhsil nazirindən nə gözləməli?
27 İyul 2020
Prezident İlham Əliyevin sərəncamı ilə Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilib. Xatırladaq ki, əvvəlki nazir Ceyhun Bayramovun xarici işlər naziri təyin olunmasından sonra təhsil naziri vəzifəsi boş qalmışdı.
Qısa tərcümeyi-hal: Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib. Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin, bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib. 2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib. Ailəlidir, 2 övladı var.
Yeni təyin olunmuş nazir haqqında onu tanıyanların rəyini öyrənməyə çalışdıq.
Hazırda Fransada yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli hesab edir ki, E.Əmrullayevin təyinatı olduqca uğurlu təyinatdır:

“Mən Emini tələbəlik illərindən tanıyıram. Bizim qurduğumuz Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumunun (FASE) yığıncaqlarında iştirak edib. Ölkə prezidentinin təsdiqlədiyi 2007-2015-ci illərdə dövlət təqaüdü hesabına xaricdə təhsil proqramının iştirakçısı olub və ABŞ-da masgistratura təhsili alıb. Uzun illər təhsil sektorunda işləyirdi”.
Jurnalist düşünür ki, gənc olmasına baxmayaraq, E.Əmrullayevin təhsillə bağlı böyük təcrübəsi var: “Hesab edirəm ki, milli təhsilimizin “yaralı” yerlərini çox gözəl bilir. Təhsil sahəsinin mütəxəssisi kimi onun nazir təyin olunması sevindiricidir”.
Təhsil üzrə ekspert Elçin Əfəndiyev bu sahəyə həsr olunmuş tədbirlərdə və TV verilişlərində E.Əmrullayevlə bir neçə dəfə görüşdüyünü söylədi:

“Çox sadə və işini bilən insandır. Təhsilimiz adına xeyirli bir təyinatdır. Emin müəllimin islahatlara açıq adam olduğunu bilirəm və düşünürəm ki, qarşıdakı illərdə və onun vəzifədə olduğu dönəmlər ərzində heç kəsin təhsillə bağlı narazılığı yaranmayacaq. Uğurlar arzulayıram!”
İctimai fəal Bəxtiyar Hacıyev də Emin Əmrullayevin uğurlu seçim olduğunu düşünür:

“Xəzər Xəbər”in aparıcısı Yusif Kərimli yeni naziri şəxsən tanıdığını bildirdi:

“Emini 12 ildir tanıyıram. Xaricdə təhsil alan tələbələrimizlə bağlı bir çox tədbirlərdə bərabər iştirak etmişik. O zaman Emin Mərkəzi Avropa Universitetində təhsil alırdı. Onun şəxsən özünün təşkil etdiyi təbdirlərdə də iştirak etmişəm. 7 il əvvəl “TEDxBakı” platformasındakı möhtəşəm çıxışı hələ də yadımdadır. Emin Əmrullayev sadə, bacarılqlı insandır. Təşkilatçılıq qabiliyyəti onu təhsil sektorunda bir çox böyük vəzifələrə gətirib. O, təhsil işini mükəmməl bilir və əminəm ki, nazir kimi ölkəmiz, balalarımız üçün faydalı olacaq”.
Ülviyyə Şahin