Ümid “Qara qutu”ya qalıb...
Köhnə, amma etibarlı C-130 qəzaya uğradı, yoxsa...
13 Noyabr 2025
Bakıda Zəfər paradında iştirak etmiş Türkiyə hərbi personalına aid yükləri geri aparan hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb, nəticədə qardaş ölkənin Silahlı Qüvvələrinin 20 hərbçisi həlak olub.
Müdafiə Nazirliyinin məlumatına görə, C-130 təyyarəsi uçuşdan yarım saat sonra hündürlüyünü itirib və Gürcüstan sərhədi yaxınlığında dağlıq ərazi üzərində havada parçalanıb. Təyyarənin düşdüyü yerdə Türkiyə və Gürcüstan hüquq mühafizə orqanları tərəfindən hərtərəfli araşdırma aparılır, həlak olanlardan 18-nəfərin cənazəsi, habelə C-130-un “qara qutu”su tapılıb.
Hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda xalqa məlumat verib, Prezident İlham Əliyev də ona zəng edərək, başsağlığını çatdırıb.
Türkiyədə hakimiyyətin ortağı MHP sədri Dövlət Baxçalının açıqlamasında isə qeyd olunub ki, bu faciəvi hadisənin bütün detalları hərtərəfli araşdırılacaq:
"Hər ehtimal diqqət və titizliklə araşdırılacaq. Bizim gözləntimiz və arzumuz da budur. Rəsmi açıqlama verilmədən və qəzanın səbəbləri gün üzünə çıxarılmadan yayılan hər bir iddia yalnız spekulyasiya xarakteri daşıyır və əsassız qalacaq", – deyə Baxçalı canlı yayımda bildirilib.
Təyyarənin hansı səbəbdən qəzaya uğraması barədə mediada və sosial şəbəkələrdə geniş diskussiyalar başlayıb. Hadisə barədə region uğrunda geopolitik mübarizənin təzahüründən tutmuş pilotun səhvi, təyyarənin köhnə olması və bir sıra konspiroloji iddialar irəli sürülür. Bu sırada dünən Pakistanın paytaxtı İslamabadda baş vermiş və onlarla insanın ölümünə səbəb olmuş terror hücumu da konspiroloji iddiaları gücləndirir.
Bu kontekstdə, diqqətlər Türkiyənin və Pakistanın Azərbaycanın Zəfər günü ilə bağlı düzənlədiyi hərbi paradda ən yüksək siyasi-hərbi səviyyədə iştirak etməsinə yönəldilir. Qeyd olunur ki, regionda dəngələrin sürətlə dəyişməsi, bəzi regional oyunçuların, o cümlədən Rusiyanın maraqlarına ziddir. Mediada dolayısı ilə Rusiyaya ünvanlanan ittihamlara bu ölkənin Ankaradakı səfirliyi cavab verib. İttihamları “iftira” adlandıran diplomatik missiya bildirib ki, C-130 təyyarəsinin Rusiya tərəfindən vurulması barədə deyilənlər cəfəngiyyatdır. “Rusiya Türkiyə ilə düşmən deyil” - açıqlamada qeyd olunur.
Qeyd edək ki, qəzaya uğrayan C-130 “Herkules” tipli hərbi-nəqliyyat təyyarəsi yarım əsrdən çox istismarda olub. Təyyarə 1968-ci ildə istehsal edilib və əvvəlcə Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə xidmət edib. 2010-cu ildə Türkiyə Silahlı Qüvvələri onu satın alaraq, Kayseridə yerləşən 12-ci Hərbi Hava Bazasının tərkibinə daxil edib və orada 222-ci “Kərgədan” eskadrilyasına məxsus olub.
Bu tip təyyarələr – Lockheed C130 Hercules 1960-cı illərdən bəri Türkiyə ordusunun silahlanmasındadır və öz sinfində ən etibarlı modellərdən sayılır. Lakin bəzi təyyarələrin yaşı artıq 50–60 ilə çatır. Oktyabr ayında Türkiyə Müdafiə Nazirliyi onları yeni nəsil C130J Super Hercules modelləri ilə əvəz etməyi planlaşdırdığını və yaxın illərdə təhvilin başlanacağını açıqlamışdı.
Qəza ilə bağlı ekspertlərin fikirləri isə müxtəlifdir. İstanbul Aydın Universiteti Uçuş Texnologiyaları Proqramı rəhbəri Dr. Osman Nuri Sunar bildirib ki, C-130 təyyarələri illərdir Türkiyə Hərbi Hava Qüvvələrində etibarlı şəkildə istifadə olunur: "Bu təyyarələr özünü sübut edib, pilotlarımız bu marşrutu əvvəllər də istifadə edib. Buna görə pilotların hazırlığı ilə bağlı şübhəm yoxdur" - deyə Sunar qeyd edib.
Təyyarə qəzalarında texniki səbəblərin, pilotaj səhvlərinin və hava şəraiti ilə bağlı problemlərin hər zaman mövcud ola biləcəyini vurğulayan Sunar, həmçinin içəridən və ya xaricdən fiziki müdaxilə ehtimalını istisna etməyib:
"Təyyarə karqo olaraq müxtəlif yük daşıyırdısa, bu yükün hərəkəti və ya balansın pozulması təyyarəni çətin vəziyyətə sala bilər. Yükün yerdəyişməsi və bərpa olunmaması havada fiziki problemlərə səbəb ola bilər. Bunların hamısı araşdırılmalıdır", - deyə o əlavə edib.
Təqaüddə olan Hava Korgeneralı Dr. Erdoğan Karakuş isə təyyarənin düşməsində mühərrikin qopması və kokpitin parçalanmasının, hava təzyiqinin isə quyruq hissəsini parçaladığını proqnozlaşdırır: "ABŞ-da oxşar qəza baş verib və orada da mühərrik parçalarının qopduğu göstərilib" – deyə Karakuş bildirib. O, təyyarənin vurulması ehtimalına dair hazırkı mərhələdə konkret fikir bildirməyin mümkün olmadığını, lakin siyasi və regional gərginlikləri qeyd edib:
"Zəngəzur dəhlizinin açılması bölgədə gərginlik yaradır. Rusiyanın buna qarşı olduğu bilinir. Ermənistanda isə qarışıq vəziyyət var. Gürcüstanda da ABŞ və Rusiya tərəfdarları qarşı-qarşıya gəlir. Amma konkret bir şərh vermək üçün araşdırma aparılmalıdır" – deyə qeyd edib.
Ekspertlər vurğulayırlar ki, “qara qutu” məlumatlarının deşifrə olunması qəzanın səbəblərinin aydınlaşmasında kritik rol oynayacaq. Sunar bildirib ki, "Ana səbəb çox qısa zamanda aydınlaşacaq və sonrasında detallara baxılacaq. Hər hansı partlayıcı izi və ya xarici müdaxilə ehtimalları tez müəyyənləşə bilər". Karakuş isə “qara qutu”nun deşifrə olunmasının sürətli olacağını bildirib, çünki təyyarələr Türkiyədə modernləşdirilib.
Sunar, pilotlardan hər hansı bir xəbərdarlıq gəlməməsini də vacib bir detal kimi qeyd edib: "Hadisə çox ani baş verib, pilotlardan heç bir xəbərdarlıq gəlməyib. Bu, hadisənin qəfil olduğunu göstərir və araşdırılmalıdır" – deyə bildirib.
C-130 təyyarələrinin uzun müddətdir istifadədə olmasına baxmayaraq, ekspertlər vurğulayırlar ki, önəmli olan müntəzəm baxım və modernizasiyanın vaxtında aparılmasıdır. Karakuş bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələrinin baxım və logistika qabiliyyətləri yüksək səviyyədədir və bu, təyyarələrin etibarlılığına təsir edir.
Dr. Sunar əlavə edir: "Əhəmiyyətli olan təyyarənin zamanında baxımının aparılmasıdır. Material yorulması və ya gövdənin yorulması kimi hallarda ciddi problem yarana bilər. Lakin bu təyyarə 70 il ərzində istifadədə olub və hər hansı ciddi siqnal verməli idi. Texniki səhv mümkündür, amma çox ekstremal bir vəziyyət olmalıdır".
Türkiyəli ekspert, ehtiyatda olan hərbçi Coşkun Başbuğ CNN Türk telekanalında bildirib ki, qəzaya texniki nasazlıq səbəb olmayıb: “Fərqli versiyalar araşdırılmalıdır, lakin əsas götürülməli olan budur ki, C-130 zamanla sınaqdan çıxmış etibarlı hərbi-nəqliyyat təyyarəsidir. Bu modelin son məlum insidenti 1982-ci ildə baş verib. Texniki nasazlıq ehtimalını istisna etmək lazımdır. Hava şəraiti də səbəb deyil, çünki pis hava olsaydı, aidiyyəti qurumlar bu barədə məlumat verərdilər. Hava toqquşması, diversiya və ya hücum ehtimalları nəzərdən keçirilməlidir”.
Eyni mövqeni təhlükəsizlik məsələləri üzrə digər ekspert İbrahim Keleş də bölüşüb: “Qəzanın müxtəlif səbəbləri nəzərdən keçirilməlidir – texniki nasazlıq, pilotun səhvi, mövsümi və hava şəraiti amilləri, zəif görünür. Lakin xarici təsir ehtimalı da mövcuddur”.
Hərbi ekspert Kazım Dalkıran isə ehtimal edib ki, C-130 hava hücumundan müdafiə vasitələri ilə vurula bilərdi: “Sərhəd bölgələrində bəzi HHM sistemləri daimi döyüş hazırlığında olur və tanınmayan təyyarələri avtomatik şəkildə vura bilər. Lakin bu məsələdə Müdafiə Nazirliyinin açıqlamasını gözləmək lazımdır”.
Turqut