Logo
news content
User
Kateqoriyalar

Analitika

Ultimatum verilib – cavab üçün manevr imkanları tükənir
KTMT üzvləri özlərini “qaynar qazana” atmaq istəyəcəklərmi?

Ukrayna prezidenti Vladimir Zelenski iyunun 19-da bəyan edib ki, Minsk Rusiyaya Ukraynanın dinc şəhərlərinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələri dəqiqləşdirməyə kömək edən retranslyatorları sökməlidir. Prezident bildirib ki, Brest və Qomel vilayətlərində yerləşən dörd belə obyekt haqqında məlumatı var və onların sökülməsi üçün bir həftə vaxt verib. O xəbərdarlıq edib ki, əks halda Ukrayna həmin obyektləri özü məhv edəcək. Yəni ultimatumun müddəti iyunun 26-da başa çatır.

Minsk Kiyevin tələblərinə açıq şəkildə cavab verməyib, Moskva isə Ukraynanın xəbərdarlıqlarını Belarusun suverenliyinə qəsd adlandırıb.

Burada bir maraqlı məqama diqqət yetirmək lazımdır. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bu hərbi ittifaqda onunla yanaşı Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan da təmsil olunur. Əgər Ukrayna Belarus ərazisindəki obyektlərə zərbə endirsə, Minsk bunu “xarici təcavüz” adlandıra və müttəfiqlərindən hərbi dəstək istəyə bilər.

Yəni hüquqi baxımdan bu, onların üzərinə Belarusun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklər qoyur. Lakin bu gün həmin postsovet ölkələrinin potensial münaqişə zonasına birbaşa qoşun yeritməyə hazırlaşdığına dair ən kiçik işarə belə yoxdur. Çox güman ki, belə bir şey baş verməyəcək. Yəqin ki, bu gün heç kim buna şübhə etmir.

Yeri gəlmişkən, prezident Zelenski iyulun 22-də açıqlama ilə çıxış edərək bildirib ki, xəbərdarlıqdan sonra Belarusdakı retranslyatorların fəaliyyəti dayandırılıb. Lakin bu, retranslyatorların sökülməsi anlamına gəlmir. Rusiya və Belarus istənilən an qurğunu yenidən işə sala bilərlər. Və çox güman ki, Moskva ona potensial hədəfləri müəyyən edən retranslyatorlardan imtina etməyəcək. Yəni, gərginlik bir qədər səngisə də, problemin tam həll olunduğunu söyləmək olmaz və istənilən an nəsə baş verə bilər. Bunu Zelenski də təsdiq edib: “Onların sökülüb-sökülmədiyini, hələ bilmirəm. Amma biz bunun üzərində işləyirik və vəziyyəti çox yaxından izləyir, gündəlik hesabatlar alıram”.

Belə olan halda sual yaranır – KTMT ilə necə olacaq? Onun fəaliyyət qabiliyyəti haradadır? Putinin üzv ölkələrdən hər hansı birinə təzyiq göstərərək onu “müttəfiqlik öhdəlikləri çərçivəsində” Belarusa heç olmasa hansısa hərbi kontingent göndərməyə razı salmaq ehtimalı varmı? Digər tərəfdən, Rusiyanın özü də KTMT-nin üzvüdür. Bəs onun Belarus ərazisindəki həmin retranslyatorları fiziki olaraq qorumaq imkanları varmı? Bu gün onun belə bir vəzifəni yerinə yetirmək üçün hər hansı sərbəst hərbi ehtiyatları qalıbmı?

Bu sualları Pressklub.az-a tanınmış xarici ekspertlər cavablandırıblar.

Belaruslu analitik və jurnalist, demokratik fəal Aleksandr Otroşenkovun (Varşava) fikrincə, söhbətə ondan başlamaq lazımdır ki, Rusiya özü heç vaxt KTMT-yə müraciət etməyib. Halbuki Ukraynaya qarşı təcavüzün beşinci ilində artıq tam aydın olub ki, ildırımsürətli “xüsusi hərbi əməliyyat” kimi planlaşdırılan bu müharibə elə bir mərhələyə çatıb ki, bu gün Rusiyanın bütün Avropa hissəsində yerləşən silah istehsalı zavodları və neft infrastrukturu Ukraynanın zərbələrinə məruz qalır.

Rusiya bunu 2024-cü ildə də etmədi, Ukrayna qoşunları Kursk vilayətinə daxil olanda da KTMT-yə müraciət etmədi. Aydındır ki, həmin vaxt KTMT-dəki müttəfiqlərinə müraciət etmək üçün bütün formal şərtlər mövcud idi, lakin bu baş vermədi. Rusiya özünü hərbi supergüc və KTMT-nin əsas hərbi donoru kimi təqdim edir. Qazaxıstan, Qırğızıstan və ya Tacikistandan Kursk vilayətini müdafiə etməyi xahiş etmək təkcə alçaldıcı görünməzdi, eyni zamanda belə bir sual da doğurardı: əgər Rusiya özü başladığı və ilişib qaldığı müharibəyə bizi də sürükləyirsə, onda o necə sabitlik və təhlükəsizlik donorudur?

Uzun illərdir NATO ölkələrinin məşhur Beşinci maddə üzrə öhdəliklərinə əməl etməyə hazır olub-olmaması barədə müzakirələr aparılır. KTMT-yə gəldikdə, bu sualın cavabını artıq bilirik. 1992-ci il tarixli “Kollektiv Təhlükəsizlik haqqında” müqavilənin 4-cü maddəsi demək olar ki, həmin maddənin tam analoqudur. Əgər kimsə KTMT müttəfiqlərinin bir-birini müdafiə etməyə hazır olduğunu düşünürsə, ona İrəvana təyyarə bileti almağı və ermənilərdən bunun praktikada necə işlədiyini soruşmağı məsləhət görmək olar.

Buna görə də həm Lukaşenko, həm də Putin təkcə yardım istəməyin alçaldıcı məqamından deyil, həm də bu xahişə rədd cavabı almaqdan qorxurlar. Təbii ki, həmin rədd cavabı üstüörtülü və yayınan formada veriləcək. Əgər Putin müttəfiqlərinə təzyiq göstərərək onların öz qüvvələrini işə salmasını (yəni heç kimə lazım olmayan müharibəyə cəlb olunmasını) tələb etsə, onlar qaçılmaz olaraq belə bir nəticəyə gələcəklər ki, KTMT-də iştirakın xərcləri onun üstünlüklərini xeyli üstələyir.

Bununla belə, KTMT dağılmayacaq və kağız üzərində formal ittifaq olaraq qalacaq, çünki burada hər kəs öz rolunu anlayır. Bu blok Rusiyaya özünü peykləri olan həqiqi supergüc kimi nümayiş etdirməyə imkan verir, həmin peyklərə isə Moskva ilə əlavə əlaqə kanalı saxlamaq və xalq etirazları baş verəcəyi təqdirdə öz rejimləri üçün polis və cəza dəstəyinə arxalanmaq imkanı yaradır”, – politoloq hesab edir.

Onun sözlərinə görə, Lukaşenkonun vəziyyətinə gəldikdə, bu gün ona həsəd aparmaq olmaz.

O, uzun müddət ərzində Ermənistanın Azərbaycanla münaqişə zamanı düşdüyü vəziyyətlə bağlı özünə təkəbbürlü və açıq-aşkar istehzalı ifadələr işlətməyə imkan verirdi. İndi isə özü oxşar, hətta daha ağır vəziyyətə düşüb: o, KTMT üzrə müttəfiqlərinin köməyinə qətiyyən ümid edə bilməz, çünki onlar özlərini bu işə salmaq istəməyəcəklər. Rusiyanın onu müdafiə etmək qabiliyyəti də ciddi şübhələr doğurur, çünki Rusiya öz ərazisindəki kritik obyektləri belə qoruya bilmir.

Bu gün onun yaralanmış, amma çox qəzəbli Ukrayna ilə təkbətək qalmaq riski son dərəcə yüksəkdir. Ukrayna, şübhəsiz ki, Avropanın ən güclü hərbi qüvvəsidir və üstəlik, Lukaşenkoya qarşı çox uzun iradlar siyahısına malikdir: Rusiyanın hücumu üçün ərazinin təqdim edilməsi, bunun sayəsində mümkün olmuş Buça hadisələri, Zelenskinin bəhs etdiyi retranslyatorlar, Rusiya hərbi-sənaye kompleksinə işləyən Belarus sənayesi, işğal olunmuş ərazilərdən çıxarılaraq Belarus hakimiyyətinin iştirakı ilə anti-Ukrayna ideoloji təsirinə məruz qalan ukraynalı uşaqlar və sərt cavab almaq istəməyən yaxşı qonşuların etməməli olduğu bir çox başqa hərəkətlər”, – Otroşenkov vəziyyəti belə təsvir edib.

Qazaxıstanlı siyasi icmalçı Qaziz Abişev isə hesab edir ki, əslində bu, müzakirə üçün o qədər də sadə mövzu deyil.

Burada məsələ ondadır ki, əgər müstəqil araşdırma aparmaq istəyiriksə, soyuqqanlı təhlilə ehtiyac var və hər iki tərəfdən olan analitiklərin etdiyi kimi bu mövzuda istehza etmək yolverilməzdir. Məsələnin mahiyyəti bundan ibarətdir: Belarus həqiqətən də KTMT-nin üzvüdür. Belarus ərazisində yerləşən Rusiya retranslyatorlarına zərbə endirilməsi Belarusa hücum kimi qiymətləndiriləcək. Bu mənada KTMT-yə üzv olan bütün ölkələr kifayət qədər mürəkkəb vəziyyətə düşəcəklər, çünki müqavilə müqavilədir.

30 il ərzində KTMT-yə üzv heç bir ölkə, ilk növbədə də Qazaxıstan Qarabağı Ermənistan ərazisi kimi tanımayıb. Ermənistanın 1994-cü ildə ittifaqa qəbul edilməsi zamanı açıq şəkildə vurğulanmışdı ki, bu, yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində baş verir. Bu isə Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi demək idi.

Ona görə də Azərbaycanın KTMT üzvü olan Ermənistana qarşı Azərbaycan ərazisində həyata keçirdiyi istənilən hərəkət ərazi bütövlüyünün bərpası kimi qiymətləndirilirdi. Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatları isə iki dövlət arasında müharibədir. Lakin Belarus müharibədə birbaşa iştirak etmir və onun ərazisinə zərbə endirilməsi müəyyən suallar doğuracaq. Şübhəsiz ki, vəziyyət kifayət qədər həssas olacaq və bir sıra suallar yaradacaq.

Daha geniş mənada isə belə bir məqamı nəzərə almaq lazımdır: əgər siz hər hansı ölümcül xarakter daşımayan kəşfiyyat və ya radiolokasiya infrastrukturunu düşmən infrastrukturu hesab edirsinizsə, həmin infrastrukturun yerləşdiyi ölkənin ərazisində onu sıradan çıxarmaq hüququna maliksinizmi?

Yəni, əgər müasir Belarusun ərazisində – Ukraynaya qarşı müharibədə iştirak etməyən bir dövlətin ərazisində – Ukraynanın təhlükəsizliyinə təhdid yaradan nəsə varsa, Ukraynanın buna qarşı tədbirlər görmək hüququ varmı? Əgər bu məntiqi qəbul etsək, onda bütün ölkələrin belə bir hüquqa malik olduğunu etiraf etməliyik. O zaman isə vəziyyəti elə çevirmək olar ki, Rusiyanın NATO infrastrukturunun sərhədlərinə yaxınlaşması ilə bağlı narahatlığının da müəyyən əsasları olduğu iddia edilsin.

Axı Baltikyanı ölkələr, Finlandiya, eləcə də Ukrayna və Gürcüstan deyirdilər ki, NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədləri yaxınlığında yerləşməsi onların suveren hüququdur. Eyni zamanda, həm NATO-nun, həm də Rusiyanın doktrinalarında onlar bir-birlərini potensial rəqib kimi nəzərdən keçirirlər.

Əgər bu mülahizələr o qədər də relevant deyilsə, onda belə bir sualı çox diqqətlə araşdırmaq lazımdır: Belarusa hərbi zərbənin endirilməsi nə dərəcədə əsaslandırılmış sayıla bilər? Aydındır ki, retranslyatorlar hədəflərin müəyyənləşdirilməsinə kömək edir, amma bu məntiqi bir qədər genişləndirsək, təhlükəli nəticələrə gəlib çıxa bilərik. Məsələn, belə demək olardı ki, Qazaxıstan yataqlarından hasil edilən və Rusiya ərazisindən keçən KTK boru kəməri dağıdılmalıdır, çünki o, Rusiya büdcəsinə silah almaq üçün vəsait gətirir. Yenə də beynəlxalq hüququn çərçivələri qorunmalıdır.

Bu, kifayət qədər həssas vəziyyət yaradır və mən demirəm ki, Qazaxıstan dərhal Belarusu müdafiə etmək üçün müharibəyə qoşulacaq. Lakin bu, vəziyyəti mürəkkəbləşdirəcək. Ona görə də Lukaşenkonu birmənalı şəkildə ələ salmazdan və Zelenskini dəstəkləməzdən əvvəl bütün arqumentləri bir daha diqqətlə ölçüb-biçmək lazımdır.

Şəxsən mən heç bir eskalasiya istəməzdim.

Aşağıdakı iki məqam arasında ciddi fərq var:

a) Bunlar yenicə gətirilmiş və məhz bu statusda rəsmiləşdirilmiş Rusiya retranslyatorlarıdır, belarusların onlara heç bir aidiyyəti yoxdur, lakin zərbələr Belarusun mülki infrastrukturuna toxunacaq;

b) Retranslyatorlar Belarus ordusunun tərkib hissəsi kimi rəsmiləşdirilib.

Məhz burada fərq yaranır. Və məhz bu halda Rusiya da Baltikyanı ölkələrə zərbələr endirmək üçün bəhanə əldə edə bilər – guya oradan Ukraynaya silah göndərilir”, – Abişev xəbərdarlıq edib.

Rauf Orucov