Ukrayna üçün “ölüm, ya olum” anı
Tramp tələb edir, Zelenski razılaşacaqmı?
22 Noyabr 2025
“Axios” nəşri “Ukrayna–Rusiya münaqişəsinin tənzimlənməsi üzrə Tramp planı”nı dərc edib. Sənəddə 28 bənd var. Nəşrin məlumatına görə, bu bəndlər Rusiya və Ukrayna tərəflərinə müzakirə üçün təqdim edilib.
Əslində, ABŞ-ın yeni sülh planı “başlanğıc nöqtəsinə qayıdış”dır. Bu barədə adı açıqlanmayan avropalı rəsmilər məlumat verib. Onlar ABŞ prezidenti Donald Trampın Kiyevi Moskvanın şərtlərini qəbul etməyə məcbur edəcəyi və ya Ukraynanın ABŞ hərbi dəstəyindən məhrum ola biləcəyi ilə bağlı narahatlıqlarını bildiriblər.
Tramp administrasiyası və Rusiya prezidenti Vladimir Putinin nümayəndələri tərəfindən hazırlanmış 28 bənddən ibarət plan Ukraynanın əhəmiyyətli ərazilərdən, o cümlədən hazırda Kiyevin nəzarətində olan torpaqlardan imtina etməsini nəzərdə tutur. Sənəddə Moskva üçün digər ciddi güzəştlər də var. Məsələn, Ukraynanın gələcəkdə NATO-ya qoşulması qadağan edilir.
“Torpaq müqabilində pul” modeli adlandırılan plan Rusiyanın Donbassa faktiki nəzarətini rəsmiləşdirir və bunun müqabilində Kiyevin müəyyən “icarə haqqı” almasını, həmçinin Ukrayna dövlətinə ciddi məhdudiyyətlər qoyulmasını nəzərdə tutur. Bura ordunun ixtisarı və əcnəbi qoşunların yerləşdirilməsinə qadağa kimi bəndlər daxildir.
Avropalı rəsmilər planın bu qədər sürətlə irəli sürülməsinin onları çaşdırdığını etiraf ediblər.
“Biz vəziyyəti hələ də təhlil edirik, amma proses düşündüyümüzdən daha sürətlə gedir”, – danışıq iştirakçılarından biri bildirib.
Başqa bir diplomat əlavə edib: “Əsas məsələ – soyuqqanlı qalmaq və daha məntiqli nəticə üçün işləməkdir”.
Bir çox analitiklər xəbərdarlıq edir: Dərc olunan planın bəndləri açıq-aşkar Rusiyanın maraqlarına uyğundur və Ukraynanı zəif vəziyyətə salır. Bu sənəd həyata keçirilsə, Rusiya zaman qazanacaq və Donetskdə döyüşsüz yeni ərazilər əldə edəcək. Sonradan bu ərazilər Ukraynaya qarşı növbəti hücum üçün platsdarm ola bilər.
Sual yaranır: Kiyev bu şərtlərlə razılaşacaqmı? Əgər razılaşmasa, Tramp Ukraynaya ABŞ silah satışını tam dayandıra bilərmi?
Yaranmış vəziyyəti Pressklub.az üçün şərh edən tanınmış ukraynalı jurnalist və bloqer Roman Tsımbalyukun sözlərinə görə, hər şeydən əvvəl qeyd olunmalıdır ki, ortada tam real plan yoxdur.

“Bizə müzakirə üçün təklif olunan müəyyən çərçivə təklifləri var. Əslində, burada bizim üçün tənqidi olan yalnız bir məsələdir – Donetsk vilayətinin Ukrayna nəzarətində olan hissəsindən qoşunların çıxarılması. Ukrayna tərəfinin buna razı olacağı çox az ehtimal olunur. Digər bəndlərin hamısını müzakirə etmək olar. Amma gəlin əvvəlcə sual verək: bəs Moskva nə edəcək? Fikir verin, bu barədə heç bir şərh yoxdur.
Putin elə davranır ki, guya hamını məhv edib və hər şeyi nəzarətə götürüb – bu, həqiqətə uyğun deyil. O, çətin durumda hərbi forma geyinir ki, guya vəziyyət onun üçün əlverişlidir. Xatırladım ki, o, sonuncu dəfə Pokrovska xarici jurnalistləri, o cümlədən azərbaycanlı jurnalistləri dəvət edərək guya “ukraynalı əsirlərlə və ya mühasirəyə alınmış hərbçilərlə görüş” təşkil etmək istəyirdi. Sonra bu ideya öz-özünə yoxa çıxdı. Çünki heç bir mühasirə yox idi. Yəni Putinin hərbi formada görünməsi Qərbə və Ukraynaya psixoloji təzyiq elementidir. Biz isə açığı, buna tüpürmək istərdik.
Əsas məqam – plandan belə çıxır ki, Ukraynanın müstəqilliyinin və müdafiəsinin əsas təminatçısı Ukrayna ordusunun özü olacaq. Təklif olunan 600 minlik ordu kifayət qədərdir. Xatırladım ki, 2014-dən əvvəl ordumuz cəmi 160 min idi və onu 140 minə endirməyi planlaşdırırdılar.
Sülh dövrü üçün 600 minlik ordu – Avropanın ən böyük ordusudur. Burada heç bir problem yoxdur. Bunu qəbul etmək olar. Üstəlik, bu rəqəmə daxil olmayan başqa güc strukturları da var. Real olaraq Ukraynada bütün güc strukturlarının sayı bir milyon olacaq – bura Ukrayna Təhlükəsizlik Xidməti, Milli Qvardiya, Hərbi Kəşfiyyat, hətta Xarici Kəşfiyyat Xidmətinin bəzi xüsusi bölmələri daxildir.
Planla bağlı xoşuma gələn məqamlar da var (baxmayaraq ki, sənədin axmaqcasına, səriştəsiz adam tərəfindən yazıldığı aydın görünür). Orada yazılıb: “Əgər Ukrayna Moskvaya raket zərbəsi endirsə...” Bu o deməkdir ki, Ukraynanın öz raketləri olacaq. Bu isə vacibdir. Deməli, biz uzaq mənzilli raketlərdən imtina etmirik”, – bloqer qeyd edib.
O, sənəddə rus dili, Moskva kilsəsi ilə bağlı bəzi məsələlər də qeyd olunduğunu xatırladıb. “Bu humanitar blok elə abstrakt yazılıb ki, bununla da razılaşmaq olar. Onsuz da biz Avropa qaydaları ilə yaşayacağıq və burada real problem yoxdur.
Amma əsas məsələ Ukrayna qoşunlarının Rusiya tərəfindən işğal olunmamış ərazilərdən çıxarılmasıdır. Bu çox ağrılıdır və məncə, real deyil.
Tramp Ukraynaya təzyiqi artıra bilərmi? Maraqlıdır ki, Trampın hakimiyyətə gələndən sonra Ukraynaya silah verməməsi nəticəsində biz artıq ABŞ-dan əvvəlki qədər asılı deyilik. Tramp sayəsində Avropanın müdafiə sənayesi aktivləşdi. Hazırda ABŞ-dan nə qədər asılıyıq? HIMARS raketlərini yalnız ABŞ istehsal edir. “Patriot” üçün raketləri başqaları da istehsal edir, amma yenə də ABŞ razılığı lazımdır. Amma qlobal olaraq, 4 illik müharibə Ukraynanı çox dəyişib. Əgər Tramp desə ki, silah satışını dayandırır – biz bunu artıq yaşamışıq və bu, həlledici amil deyil.
Bizim üçün əsas olan ABŞ-ın siyasi dəstəyini qorumaqdır. Çünki kim nə deyir-desin, Putin yalnız ABŞ-a baxır və yalnız onlarla hesablaşmağa məcburdur.
Ona görə yekunlaşdırıram: plan yoxdur, sadəcə ABŞ tərəfinin istəklər toplusu var. Prinsipcə, danışıqlar üçün bu yaxşı impulsdur. Qoy amerikalılar ruslarla danışsınlar – bu onların təşəbbüsüdür. Biz isə narahat edən məsələlər üzrə həm ABŞ-la, həm Avropa ilə məsləhətləşəcəyik. Biz burada məğlub tərəf deyilik. Ukraynanın kapitulyasiyası olmayacaq. Bunu artıq hamı anlayır. Ruslar isə bu mövzuda isteriyaya düşüb.
Başqa bir vacib detalı da əlavə etmək lazımdır. ABŞ mətbuatı yazır ki, bu plan Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verir. On il müddətinə zəmanətçi Donald Tramp olacaq. Yəni bu sənədlə işləmək lazımdır. Amma əsas problem nədir? Bizə təklif edirlər ki, öz torpağımızdan çıxaq və bunun müqabilində ABŞ-ın sözünə güvənək. Bu isə Budapeşt memorandumu ilə eyni kateqoriyadandır. Heç kim ABŞ-ın sözünə inanmır.
Amma mənə elə gəlir ki, sonda ruslar bu sənədi imzalamaqdan imtina edəcəklər. Çünki birinci bənd: Ukraynanın suverenliyinin təsdiqi onların müharibəyə başladığı məqsədlərlə tam ziddiyyət təşkil edir”, – Tsımbalyuk bildirib.
Rauf Orucov