Logo
news content
User
Kateqoriyalar

Analitika

Tramp İrana qarşı zərbələri təxirə saldı
Ağ ev başçısı danışıqların getdiyini deyir, Tehran isə təkzib edir; nə baş verib?

ABŞ Prezidenti Donald Tramp son iki gün ərzində Birləşmiş Ştatlar və İran hakimiyyəti arasında Yaxın Şərqdə hərbi əməliyyatların tam dayandırılması məsələsi üzrə "yaxşı və məhsuldar müzakirələrin" aparıldığını bildirib. Tramp özünün "Truth Social" şəbəkəsində yazıb ki, danışıqlar bu həftə də davam edəcək. Bu irəliləyişə əsaslanaraq, Tramp İranın enerji infrastrukturuna endiriləcək zərbələri 5 gün müddətinə təxirə salmaq barədə göstəriş verib.

Trampın sözlərinə görə, növbəti addımlar danışıqların nəticəsindən asılı olacaq.

Qeyd edək ki, Trampın bazar günü gecəsi irəli sürdüyü tələbin vaxtının bitməsinə az qalmışdı. O, İrandan Hörmüz boğazını dərhal gəmilərin hərəkəti üçün açmağı tələb etmiş, əks halda, ölkənin elektrik stansiyalarına zərbə endirəcəyi ilə hədələmişdi. İran isə buna cavab olaraq, Fars körfəzi ölkələrinin enerji obyektlərini vuracağını və körfəzi minalayacağını bəyan etmişdi.

Maraqlıdır ki, bu danışıqların harada, nə vaxt və kimlər arasında keçirildiyi barədə rəsmi məlumat yoxdur. İranın hökumətyönlü mediası – “Fars” agentliyi, ümumiyyətlə, heç bir birbaşa və ya dolayısı ilə danışıqların olmadığını iddia edir. Onların fikrincə, Tramp Tehranın təhdidlərinə görə geri çəkilib. Yarımrəsmi "Mehr" agentliyi isə bildirir ki, bu bəyanatlar sadəcə dünya bazarlarında yanacaq qiymətlərini aşağı salmaq və vaxt udmaq məqsədi daşıyır.

Xatırladaq ki, Trampın bu açıqlamasından dərhal sonra birja indeksləri yüksəlib, "Brent" markalı neftin qiyməti isə 10%-dən çox ucuzlaşaraq, bir barrel üçün 100 dolların altına düşüb.

İranın yarı-rəsmi “Tasnim” xəbər agentliyi hökumət rəsmisinə istinadən bildirib ki, hazırda ABŞ ilə heç bir danışıqlar getmir. Onlar Trampın bu bəyanatını “hərbi və iqtisadi təzyiqlər qarşısında geri çəkilmə” kimi qiymətləndirirlər. İran tərəfi iddia edir ki, Tramp dünya maliyyə bazarlarındakı qeyri-sabitlik və neft qiymətlərinin kəskin artması səbəbindən zərbə endirməkdən qorxub.

İran hərbi komandanlığı bəyanat yayaraq bildirib ki, Hörmüz boğazı heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq. ABŞ İranın elektrik stansiyalarına zərbə endirərsə, boğaz tamamilə bağlanacaq və stansiyalar bərpa olunana qədər açılmayacaq. Bəyanatda regiondakı bütün ABŞ bazaları və onların enerji infrastrukturu legitim hədəf elan olunur.

Maraqlıdır ki, bir tərəfdən rəsmi Tehran danışıqları inkar etsə də, digər tərəfdən İranın BMT-dəki nümayəndələri və bəzi rəsmiləri əvvəlki günlərdə "qarşılıqlı etimadın bərpası" və "təcavüzün dayandırılması" şərti ilə diplomatiyaya açıq olduqlarına eyham vurmuşdular. Lakin ali rəhbər Əli Xameneinin öldürülməsindən sonra yaranan hakimiyyət boşluğu və daxili siyasi gərginlik fonunda rəsmi bəyanatların vahid mərkəzdən gəlmədiyi hiss olunur.

Beləliklə, İran rəsmi olaraq Trampın dediyi formatda "məhsuldar danışıqları" təsdiqləmir. Onlar bunu ABŞ-nin zəifliyi və ya vaxt udmaq cəhdi kimi qələmə verirlər.

Turqut