Sülhməramlılıq, yoxsa sülhə məcburetmə – Azərbaycan qırmızı xəttini dilə gətirdi
Ekspert: 100 milyonluq ərəblər missiyanı üzərinə götürmürsə, biz niyə orda olmalıyıq?
10 Yanvar 2026
Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan xaricə hərbi kontingent göndərməyəcək və beynəlxalq sülhməramlı missiyalarda, o cümlədən Qəzzada mümkün stabilləşdirici qüvvələrin tərkibində iştirak etməyəcək. Beləliklə, dövlət başçısı bu məsələ ilə bağlı ABŞ administrasiyası ilə təmasların mövcudluğunu təsdiqləsə də, Azərbaycanın bu cür missiyalarda iştirakının istisna olunduğunu xüsusi vurğulayıb.
İlham Əliyev mövqeyini onunla əsaslandırıb ki, Azərbaycan özü işğal və ağır itkilərdən keçib və başqa münaqişələr naminə öz vətəndaşlarının həyatını riskə atmaq niyyətində deyil. Prezident həmçinin qeyd edib ki, Fələstin xalqına hörmətlə yanaşılmasına baxmayaraq, Qarabağ müharibələri dövründə Azərbaycan Fələstindən real dəstək almayıb. Bu kontekstdə xatırlatmaq yerinə düşər ki, Birinci Qarabağ müharibəsi zamanı erməni tərəfinin tərkibində Livandan olan fələstinli silahlı dəstələrin döyüşdüyü barədə israrlı şayiələr yayılırdı.
Bu fonda sual yaranır: Azərbaycanın bu mövqeyi Vaşinqtonun Yaxın Şərqdəki güc ssenarilərindən şüurlu şəkildə uzaqlaşması kimi qiymətləndirilə bilərmi? Və bu yanaşma ABŞ-da və İsraildə necə qəbul olunur – ölçülüb-biçilmiş neytrallıq, yoxsa proseslərə qoşulmaqdan imtina kimi? Nəhayət, belə bir xətt Bakı ilə Donald Tramp administrasiyası arasında dialoqu çətinləşdirə bilərmi, yoxsa əksinə, onu möhkəmləndirəcək?
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Pressklub.az-a açıqlamasında suallara cavab verib.

Onun fikrincə, bu, sadəcə spontan səslənmiş bir bəyanat deyil. “Azərbaycan qərar qəbul etməzdən əvvəl konkret olaraq 20 sual formalaşdırıb və bu suallara cavab almaq istəyirdi: Yaxın Şərqdə, Qəzzada bu zonaya öz əsgər və zabitlərini göndərmək lazımdırmı, yoxsa yox? Bu suallara cavablar hələ ki, verilməyib.
Azərbaycan sülhməramlı əməliyyatlarda iştirak edə bilərdi. Amma bu, Qəzzada mövcud olan formatdan tamamilə fərqli mexanizmdir. Oradakı vəziyyət sülhə məcburetmə əməliyyatını tələb edir. Yəni ora HƏMAS-ı tərksilah edəcək hərbi kontingentlər daxil olmalıdır. Azərbaycan, necə deyərlər, belə bir missiyaya “imza atmayıb”. Ərəb ölkələrinin belə bu missiyanı üzərinə götürməkdən yayınması fonunda bu prosesdə iştirak etmək öz əsgər və zabitlərini risk altına salmaq deməkdir”, – deputat hesab edir.
Onun fikrincə, bu işi misirlilər görməlidir. “Onlar həmin ərazi ilə həmsərhəddirlər, orada kimin nə olduğunu yaxşı bilirlər. Qoy İsraillə birbaşa sərhədi olan, 100 milyonluq dövlətlər bu məsuliyyəti üzərinə götürsün. Axı onlar da fələstinlilər kimi ərəb dövlətləridir. Əgər onlar bu missiyadan yayınırsa, əgər İordaniya bundan imtina edirsə, əgər Körfəz ölkələri bu məsuliyyəti öz üzərinə götürmürsə, bəs niyə orada Azərbaycan olmalıdır? Bu, tam məntiqli sualdır. Prezident də haqlı olaraq vurğuladı ki, bu, ilk növbədə ərəb dövlətlərinin missiyasıdır. Azərbaycan isə bu prosesdə iştirak etmək üçün üzərinə heç bir öhdəlik götürməyib.
Üstəlik, Azərbaycan əraziləri işğal altında olarkən biz fələstinli ərəblərdən yüksək səviyyədə həmrəylik görməmişik. Onlar bunu ümumiyyətlə nümayiş etdirmirdilər. Əksinə, çox vaxt erməni terror təşkilatları ilə birlikdə çıxış edir, onlarla əməkdaşlıq edirdilər. Yasir Ərafat vaxtilə deyirdi ki, ermənilərlə fələstinlilər dırnaqla ət kimidir və onları ayırmaq mümkün deyil. O, hətta erməni məhəllələrinin (Qüdsün bir hissəsi) ərəb hissəsi ilə birlikdə olmasına iddia irəli sürürdü. Bu gün isə Fələstin Muxtariyyətinin xarici işlər naziri ermənidir.
Daha əvvəl Suriya və Livan Ermənistanla müttəfiq münasibətlərə malik idi. İordaniya isə Ermənistana hava hücumundan müdafiə sistemləri satıb.
Belə olan halda Azərbaycan niyə ərəb ölkələrinin əvəzinə “əllərini oda salmalıdır”? Xeyr, bu baş verməyəcək. Bu mənada prezident birmənalı mövqe ortaya qoyub.
Mən hesab edirəm ki, bu, sadəcə bəyanat deyil. Ondan əvvəl başqa suallar da qoyulmuşdu. Azərbaycan İsraillə sıx təmasdadır və düşünürəm ki, orada da çox yaxşı başa düşürlər: bu missiya Azərbaycan üçün deyil. Burada önə çıxmalı olan tərəflər ərəb dövlətləri, ilk növbədə Misirdir. Bu baş verməyənə qədər Azərbaycanın hansısa iştirakını gözləmək real deyil. Və mən düşünmürəm ki, Azərbaycanın bu cavabı İsraili və ya Amerika Birləşmiş Ştatlarını ciddi şəkildə məyus edib”, –Rasim Musabəyov bildirib.
Rauf Orucov