Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya var qüvvəsi ilə Qafqaza qayıtmağa çalışır – İmkan veriləcəkmi?
Ekspert: Rusiyanın Cənubi Qafqaza aparıcı oyunçu kimi qayıtmaq cəhdinin özü region üçün faciə anlamına gələcək

Moskvanın son açıqlamaları belə qənaətə gəlməyə əsas verir ki, Rusiya rəhbərliyi Qafqaza tam miqyasda qayıdışı və regionda əvvəlki təsir imkanlarını bərpa etmək yolları üzərində düşünür. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqinin RİA Novosti agentliyinə verdiyi son müsahibə bunu açıq şəkildə göstərir.

Məsələn, o bildirib ki, “Qərb Cənubi Qafqazda dağıdıcı səylərini aktivləşdirib və region dövlətlərinin Rusiya ilə münasibətlərinə nifaq salmağa çalışır”. Və ya növbəti sitatlar: “Rusiyanın Cənubi Qafqazdakı maraqları sarsılmazdır. Bizim əsas məqsədimiz orada sabitlik və rifah kəmərini qorumaq, region ölkələri ilə birlikdə onun potensialını üzə çıxarmaq, mehriban qonşuluğu möhkəmləndirməkdir...

Xüsusi vurğulamaq istəyirəm ki, Rusiya Cənubi Qafqazın sadəcə qonşusu deyil. Rusiya özü Qafqaz dövlətidir…

Vaxtilə Rusiya ilə yaxınlaşma region xalqlarına öz kimliklərini qoruyub saxlamaq imkanı verdi. Cənubi Qafqaz respublikalarının dövlətçilik əsaslarının formalaşması SSRİ dövrünə təsadüf edir…

Bu gün Qərb ölkələri “qaydasız oyun” çərçivəsində dağıdıcı səylərini gücləndiriblər. Onlar Cənubi Qafqazı qarışdırmağa, region dövlətlərinin Rusiya ilə münasibətlərinə nifaq salmağa, bizi bir-birimizə düşmən etməyə çalışırlar. Bu, yaradıcılıq yox, parçalama siyasətidir. Çünki Qərbin bir çox ölkələri üçün Cənubi Qafqaz Rusiyanın potensial “ağrılı nöqtəsi”ndən başqa bir şey deyil. Əsas məqsəd başqalarının maraqları bahasına ölkəmizə zərər vurmaq, daha bir regionu anti-Rusiya planlarına cəlb etməkdir.

Son nümunələrdən biri: Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas normal yaşayışı Rusiya ilə əməkdaşlıqdan və Aİİ-yə üzvlük üzərində qurulan Ermənistanı anti-Rusiya “sanksiya koalisiyası”na qoşulmağa çağırıb. Yəni avro-məmur faktiki olaraq Brüsselin aqressiv və bölücü gündəliyini ifşa edən “etiraf ərizəsi” təqdim edib”.

Regionda “optimal əməkdaşlıq formatı” ilə bağlı suala cavab verən Kaluqin bildirir: “Cənubi Qafqazda “regional problemlərə – regional həllər” prinsipini irəli sürürük. “3+3” regional əməkdaşlıq platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, İran, Türkiyə) işi məhz bu formul ətrafında qurulub. Azərbaycan tərəfindən təklif olunan bu konsepsiya, “3+3” xarici işlər nazirlərinin 2023-cü ilin oktyabrında Tehranda keçirilən iclasında təsdiqlənib.

Bu format əhəmiyyətli potensiala malikdir. Platformanın üç iclası keçirilib. Nazirlərin 2024-cü ilin oktyabrında İstanbulda baş tutan son görüşünün yekun kommünikesində regional fəaliyyətin etimad, rifah və əməkdaşlığın möhkəmləndirilməsində konstruktiv rolu qeyd olunub, bu da mübahisəli məsələlərin tənzimlənməsi yolu ilə iqtisadiyyat və ticarətin inkişafı üçün imkanlar yaradır. Nəqliyyat, energetika, mədəniyyət, yeni çağırışlar və təhdidlər sahəsində əməkdaşlığa başlanması qərara alınıb. Mümkün qədər tez bir müddətdə Bakı və İrəvandan xarici işlər nazirlərinin qarşıdan gələn görüşlərinin razılaşdırılmış qrafikini almağa ümid edirik”.

Daha sonra məlum olur ki, Rusiya XİN-i 44 günlük müharibənin nəticələrinə dair Üçtərəfli Bəyanatla bağlı xatirələri hələ də “dəfn etməyə” hazır deyil: “Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq formatına gəldikdə, Rusiyanın mövqeyi yaxşı məlumdur və dəyişməz qalır. 2020–2022-ci illərdə ali səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dayanıqlı sülhün bərqərar olmasına dəstəyi davam etdiririk. Rusiya, Azərbaycan və Ermənistan liderləri bütün əsas istiqamətlər üzrə “yol xəritəsi”ni razılaşdırıblar: sülh müqaviləsinin hazırlanması, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan–Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası, iki ölkənin ictimaiyyətləri arasında dialoqun inkişafı. Bütün bu istiqamətlər bir-biri ilə bağlıdır və onların hər biri üzrə ardıcıl irəliləyiş ümumi nəticələr əldə etməyə imkan verir…

Rusiya tərəfinin və şəxsən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistan–Azərbaycan normallaşması prosesinə verdiyi töhfəni nəzərə alaraq, yekun sənədin imzalanması üçün tərəfləri öz platformamızda qəbul etməyə hazırıq”.

“Tramp yolu” layihəsinə gəldikdə, Kaluqin bildirir ki, onlar “təşəbbüsün parametrlərini və Rusiyanın mümkün iştirakını müzakirə etmək üçün erməni tərəfdaşlarla məsləhətləşmələr aparmağa hazırdırlar: “Bunun üçün kifayət qədər əsaslar var. Əslində, söhbət Üçtərəfli İşçi Qrup çərçivəsində razılaşdırılmış marşrutun bir hissəsindən gedir. “Cənubi Qafqaz Dəmir Yolu” şirkətimiz – “RJD” ASC-nin törəmə qurumu – Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması üzrə konsessiyaya malikdir. Regionda Rusiya dəmir yolu ölçüsü istifadə olunur. “Yol”un böyük hissəsi sərhədçilərimizin məsuliyyət zonasından keçəcək. Ermənistanın Aİİ-yə üzvlüyü faktoru da nəzərə alınmalıdır. Aydındır ki, tərəfdaşlar Rusiyasız ötüşə bilməzlər”.

Müsahibə zamanı Bakıdakı Rus Evinin fəaliyyətinin bərpası mövzusu da toxunulub. XİN rəsmisi bildirib ki, onlar “ölkələrimizin dost xalqları arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə vermiş Bakıdakı Rus Evinin fəaliyyətinin tezliklə bərpası üçün qarşılıqlı məqbul həll yollarının tapılmasına kökləniblər”.

Daha sonra o, Moskva–Tbilisi münasibətlərinin hazırkı vəziyyətini belə qiymətləndirib: “Gürcüstanla sabit münasibətlərə can atırıq. Tbilisi sağlam praqmatizm və xarici siyasətdə çoxvektorluluq meyli nümayiş etdirir. Gürcüstan anti-Rusiya sanksiya koalisiyasına qoşulmadı, ona kənardan sırınan Rusiyaya qarşı “ikinci cəbhə”nin açılması ilə bağlı düşünülməmiş ssenarini rədd etdi…

Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasına ciddi şəkildə köklənib. Əsas odur ki, Gürcüstan anti-Rusiya oyunlarında “xırda pul”a çevrilməsin”.

Mixail Kaluqinin bu açıqlamalarından hansı nəticələri çıxarmaq olar? O, demək olar ki, heç bir mövzunu kənarda qoymayıb. Onun fikirlərinə əsaslansaq, Moskva Cənubi Qafqazın aktual gündəliyinin bütün məqamlarına müdaxilə etməyə hazırlaşır. Üstəlik, yanaşmanın mahiyyəti dəyişməyib – bu, hələ də “böyük qardaş” mövqeyindən çıxış etmək istəyidir, hərçənd Kaluqin bunu diplomatik ritorika və ikimənalı formullarla pərdələməyə çalışır.

Rusiyanın Cənubi Qafqaza tammiqyaslı qayıdışı mümkün olacaqmı? Bu niyyətin yenidən ortaya çıxmasına kim və ya nə səbəb olub? Bəlkə Tramp Putinə bununla bağlı “yaşıl işıq” yandırıb? Belə bir qayıdış regionun üç ölkəsi üçün hansı perspektivləri vəd edir?

Pressklub.az-ın xahişi ilə bu suallara tanınmış siyasi şərhçilər cavab veriblər.

İrəvan Press-klubunun media-eksperti Akop Karapetyan hesab edir ki, Rusiyanın Cənubi Qafqazdakı təsirindən imtina etmək niyyətində olmadığı aydındır və imkan yarandıqca onu bərpa etməyə çalışacaq.

Eyni zamanda aydındır ki, 2020-ci ilə qədər mövcud olan vəziyyət artıq heç vaxt aktual olmayacaq. Düşünürəm ki, bu halda Cənubi Qafqaz ölkələrinin bir-birinə və Rusiyaya münasibətdə mövqelərinin necə formalaşması mühüm əhəmiyyət daşıyır; başqa sözlə, Rusiya regiona qayıdarsa və ya qayıtdığı zaman, biz onu hansı şərtlərlə və hansı vəziyyətdə qarşılayacağımıza özümüz qərar verməliyik”, –  analitik bildirib.

Onun sözlərinə görə, bu baxımdan əlbəttə ki, Ermənistan–Azərbaycan barışıq prosesi həlledici əhəmiyyət daşıyır və onun əsas komponentlərindən biri nəqliyyat kommunikasiyalarının açılmasıdır. “Aydındır ki, gələn ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri də bu proseslər üçün mühüm əhəmiyyət kəsb edir və böyük ehtimalla cənab Kaluqinin bəyanatlarının mahiyyəti də məhz bundan ibarətdir. Əgər 2026-cı ilin iyununda Ermənistanda gözlənilməz hadisələr baş verərsə, regiondakı münaqişənin əsas sponsoru və əsas benefisiarı olan tərəf təbii ki, bu imkandan istifadə edəcək. Əgər İrəvan və Bakı əsas məsələlər üzrə razılığa gələ bilsələr, o zaman Rusiya və ya hər hansı digər regional dövlət bu razılaşmaların məntiqinə uyğun şəkildə daxil olaraq, gələcək konfiqurasiyada öz yerini və rolunu tuta biləcək”, – Karapetyan qeyd edib.

Kiyevdə yerləşən Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda isə hesab edir ki, Rusiyanın Cənubi Qafqaza aparıcı oyunçu kimi qayıtmaq cəhdinin özü belə region üçün faciə anlamına gələcək.

Çünki mənim fikrimcə, oradakı elitalar buna ümumiyyətlə hazır deyillər və buna, yumşaq desək, böyük həvəs göstərmirlər. İstisna olaraq bəlkə də “Gürcü Arzusu”nu qeyd etmək olar.

Üstəlik, mənə elə gəlir ki, Ermənistan və Azərbaycan kifayət qədər uzun müddət ərzində balanslaşdırılmış dialoqa hazır vəziyyətə gəlmək üçün çalışıblar və Kremlin preferans oyununda “fiqur” olmaq istəmirlər.

Tramp buna “yaşıl işıq” yandırıbmı? Buna şübhə edirəm və bunun çox sadə səbəbi var. Çünki Xəzər dənizi enerji sabitliyinin resurslarından biridir və Xəzər üzərində təsir imkanlarını Moskvaya vermək... – doğrusu, bunun Trampa nə üçün lazım olduğunu təsəvvür edə bilmirəm. Ona görə də deyərdim ki, Rusiya sadəcə çox vaxt ovurdunu şişirtməyi, arzularını reallıq kimi qələmə verməyi, guya hamını satın aldığını və hamıya təsir göstərə bildiyini nümayiş etdirməyi sevir. Amma praktika göstərir ki, bu belə deyil. Konkret olaraq Ukraynanın Rusiya ilə qarşıdurma təcrübəsi bunu açıq şəkildə sübut edir.

Regiondakı vəziyyəti preferans oyununa bənzətmək olar. Burada yerli oyunçular artıq qərarları onların əvəzinə verən bir iri oyunçunun əlində passiv fiqur olmaq istəmir, əksinə, öz kartları və resursları üzərində nəzarəti saxlamağa çalışırlar”, – Maqda yekunlaşdırıb.

Rauf Orucov