“Qəssab”ın məhkəməsi, bayram günündə həbs, ölü tapılan prezident
Haaqa presedenti: Miloşeviç tribunal qarşısına çıxarılan ilk dövlət başçısı idi...
09 Aprel 2026
25 il əvvəl, 1 aprel 2001-ci ildə Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviç həbs olundu. Bir neçə ay sonra o, Haaqadakı Beynəlxalq Tribunala təhvil verildi. Bu, keçmiş dövlət başçısının məhkəmə qarşısına çıxarıldığı ilk hal idi. O vaxtdan bəri beynəlxalq ədalət sistemində dövlət liderlərinin təqib olunmasının başqa nümunələri də olub: 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verdi, 2025-ci ildə isə Filippinin keçmiş prezidenti Rodrigo Duterte Haaqaya gətirildi. Amma məhz Miloşeviçin həbsi insanlığa qarşı cinayətlərə görə kimin mühakimə oluna biləcəyi barədə təsəvvürləri dəyişən presedent oldu.
28 iyun Serbiyada Vidovdan (Müqəddəs Vit günü) —Kosovo çölündə serblər üçün faciəvi nəticələnən döyüşlə bağlı bayram günü qeyd olunur. 1389-cu ildə birləşmiş serb qoşunu Osmanlı ordusuna məğlub oldu və ona rəhbərlik edən knyaz Lazar Xrebelyanoviç döyüşdə həlak oldu.
Əfsanəyə görə, döyüşdən əvvəl Lazarın qarşısına bir mələk çıxaraq, ona seçim təklif edir: yer üzündəki səltənət — yəni türklər üzərində qələbə və onun həyatı boyu ölkənin rifahının qorunması, yaxud özü üçün göylər səltənəti və serb xalqının pravoslav inancında əbədi qalması. Knyaz belə cavab verir: “Yer üzündəki səltənət bir anlıqdı, səmavi səltənət isə əbədidir”.
2001-ci ildə, Vidovdan günündə Serbiya yenidən yer və göy səltənəti arasında seçim məsələsini xatırladı. Axşam televiziya efirində gözlənilmədən baş nazir Zoran Cinciçin müraciəti yayımlandı. Aydın şəkildə həyəcanlanan baş nazir belə dedi:
“Əziz vətəndaşlar, düz 12 il əvvəl, məhz bu gün Slobodan Miloşeviç xalqımızı onun “səmavi Serbiya” adlandırdığı idealları həyata keçirməyə çağırdı. Bu isə 12 il davam edən müharibələrə, ölkəmizin fəlakətinə və tənəzzülünə gətirib çıxardı. Bu gün hökumət “yer üzündəki Serbiya”nın ideallarını izləmək öhdəliyini üzərinə götürür — təkcə bizim və valideynlərimizin xatirinə deyil, daha çox uşaqlarımızın gələcəyi naminə. Çünki belə etməklə onların gələcəyini xilas edirik. Mən sizdən bu çətin, lakin hazırkı anda yeganə düzgün qərarı anlamağınızı xahiş edirəm”.
Bundan yarım saat əvvəl 1 apreldə həbs olunmuş və Belqradın Mərkəzi həbsxanasında təkadamlıq kamerada saxlanılan Slobodan Miloşeviç paytaxtın cənubuna aparıldı. Orada, Polis Akademiyasının həyətində onu artıq tribunal nümayəndələri ilə birlikdə helikopter gözləyirdi. Miloşeviçi tribunalın baş müstəntiqi, britaniyalı zabit Kevin Kertis qarşıladı və onun həbs olunduğunu elan etdi. Daha sonra içində keçmiş prezident olan helikopter Bosniyadakı NATO bazasına uçdu. Oradan isə axşam saat ona yaxın Miloşeviç konvoyla Niderlandın Eyndhoven şəhərinə, daha sonra isə Haaqaya aparıldı.

Bu, ilk nümunə idi ki, keçmiş dövlət başçısı belə səviyyəli beynəlxalq tribunal qarşısına çıxır.
Səmavi Serbiyaya aparan yol
1989-cu ilin yayında Slobodan Miloşeviç sıravi partiya aparatçısından serb milli liderinə çevrildi. Dönüş nöqtəsi 1987-ci ilin aprelində, siyasi rəhbərliyin tapşırığı ilə onun Kosovo çölünə gedərək yerli serblərin Kosovo və Metoxiyadakı vəziyyətlə bağlı şikayətlərini dinləməsi oldu.

Görüş zamanı basabas oldu və albanların daha çox olduğu polislə toqquşmalar başladı. Məhz o vaxt Miloşeviç toplaşanların qarşısına çıxaraq, onu məşhur edən sözləri dedi: “Heç kim sizi döyməyə cürət etməz”. Həmin gün bu epizod serb televiziyasında yayımlandı və Miloşeviç Belqrada milli qəhrəman kimi qayıtdı.
Sonrakı illərdə o, Kosovo mövzusuna söykənərək, Yuqoslaviya daxilində Serbiyanın rolunu gücləndirmək kampaniyasına başladı və daha mülayim rəqiblərini siyasi səhnədən uzaqlaşdırdı.
1989-cu ildə Kosovo döyüşünün 600 illiyinin qeyd olunması Miloşeviç üçün öz siyasi kursunu serblərin əsas tarixi miflərindən biri ilə əlaqələndirmək baxımından ideal fürsət oldu. Tədbirlər böyük miqyasda təşkil olundu və bir neçə gün davam etdi. Onlara Belqrad, Kruşevats və Qraçanitsada keçirilən mərasimlər, dini ayinlər, kütləvi mədəni tədbirlər və fasiləsiz televiziya yayımı daxil idi.
Bu, sadəcə xatirə tədbiri deyil, tarix, din və siyasətin vahid süjetdə birləşdiyi genişmiqyaslı dövlət aksiyası idi. Hakimiyyət yüz minlərlə iştirakçı gözləyirdi və yubiley yeni kursa kütləvi dəstəyin nümayişinə çevrildi.
Bayramların kulminasiyası 28 iyunda — 1389-cu il Kosovo döyüşünə həsr olunmuş Qazimestan memorialında baş verdi. Slobodan Miloşeviç təxminən 1 milyon nəfərlik nəhəng kütlə qarşısında çıxış etdi. O, nitqində XIV əsr hadisələrini müasir siyasətlə əlaqələndirdi və Serbiyanın “milli, mənəvi və dövlət bütövlüyünün” bərpasını elan etdi. Onun ən məşhur fikirlərindən biri isə belə idi ki, altı əsr sonra ölkə yenidən “döyüşlərdə və döyüşlər ərəfəsindədir”.
Qazimestandakı çıxış artıq sadəcə formal bayram nitqi kimi deyil, ümumdövlət miqyaslı siyasi bəyanat kimi səslənirdi. Sonralar onu Yuqoslaviyanın dağılmasının qanlı başlanğıcını işarələyən simvolik hədlərdən biri kimi qiymətləndirdilər.
Serbiyanın özündə bu çıxış Slobodan Miloşeviçin milli gözləntiləri ifadə edən lider obrazını möhkəmləndirdi. Lakin digər respublikalarda, xüsusilə Sloveniya və Xorvatiyada bu nitq narahatlıq doğurdu. Onu serb rəhbərliyinin kompromislərdən güc, səfərbərlik və milli qürur dilinə keçidinin siqnalı kimi qəbul etdilər. Digər Yuqoslaviya respublikaları Serbiyanı artıq bərabər tərəfdaş kimi görmədilər və öz dövlətçiliklərinə can atmağa başladılar.
Qan, zəmin və hərbi cinayətlər
25 iyun 1991-ci ildə Sloveniya və Xorvatiya müstəqilliklərini elan etdilər. Cəmi iki gün sonra Sloveniya ərazi müdafiə qüvvələri ilə Yuqoslaviya Xalq Ordusu arasında döyüşlər başladı. Toqquşmalar cəmi 10 gün davam etsə də, böhranın hərbi mərhələyə keçdiyini göstərdi. Bundan sonra zorakılığın miqyası yalnız artdı — etnik təmizləmələrə, şəhərlərin mühasirəsinə, kütləvi qətllərə və mülki əhalinin deportasiyasına qədər.
Xorvatiyada müharibə 1995-ci ilə qədər uzandı və son dərəcə qəddar xarakter aldı. Onun simvollarından biri Vukovar şəhərinin süqutu oldu: serb silahlı birləşmələri onu 87 günlük mühasirədən sonra ələ keçirdilər.

Təxminən 300 xorvat əsiri, o cümlədən mülki şəxslər, şəhər yaxınlığındakı Ovçara fermasına aparılaraq edam edildi.
Digər mühüm epizodlardan biri Dubrovnikin Yuqoslaviya Xalq Ordusu tərəfindən atəşə tutulması idi. Bununla belə, cinayətlər yalnız serblər tərəfdən törədilmirdi: 1995-ci ildə “Fırtına əməliyyatı” zamanı xorvat qüvvələri də mülki şəxsləri öldürmüş və yüz minlərlə serbi evlərini tərk etməyə məcbur etmişdi.
1992–1995-ci illərdə Bosniya müharibəsi ən qanlı münaqişə oldu və onun ən dəhşətli epizodları əsasən bosniyalı serblərin qüvvələri — Serb Respublika Ordusu ilə bağlı idi. Məhz onlar Sarayevonun uzunmüddətli mühasirəsinə görə əsas məsuliyyəti daşıyırdılar; şəhər sistemli şəkildə atəşə tutulur və snayperlərin hədəfində saxlanılırdı. Həmçinin 1995-ci ilin iyulunda Srebrenitsa soyqırımı zamanı yeddi mindən çox bosniyalı müsəlman kişi və oğlan öldürüldü. Bununla belə, digər tərəflər də cinayətlər törədirdi — məsələn, bosniyalı xorvat qüvvələri və hökumət bölmələri.
Kosovoda genişmiqyaslı müharibə 1998–1999-cu illərdə başladı. Burada ən səs-küylü cinayətləri kosovolu albanlara qarşı döyüşən serb ordusu və polisi törədirdi. Söhbət Raçakda, Suva Rekada və Mejada kütləvi qətllərdən, həmçinin 1999-cu ilin yazında alban əhalisinin Kosovodan qovulmasından gedir. Qəddarlığın izlərini gizlətməyə çalışırdılar: öldürülənlərin cəsədləri Serbiyaya aparılır və gizli şəkildə ümumi məzarlıqlarda basdırılırdı — məsələn, Belqrad yaxınlığındakı Bataynitsada. Kosovo Azadlıq Ordusunun döyüşçüləri də serblərə, romlara və siyasi rəqiblərə qarşı cinayətlərdə ittiham olunurdu. Lakin bu müharibənin əsas epizodu məhz serb qüvvələrinin apardığı zorakılıq kampaniyası idi.
Balkanlardan kənarda Yuqoslaviya müharibəsi getdikcə artan dəhşət doğururdu: İkinci dünya müharibəsindən sonra ilk dəfə idi ki, Avropanın mərkəzində şəhərlərin mühasirəsi, etnik təmizləmələr və minlərlə əsgərin iştirak etdiyi döyüşlər baş verirdi. Kütləvi məzarlıqların, hərbi düşərgələrdə zəif düşmüş məhbusların və öldürülmüş mülki şəxslərin görüntüləri bütün dünyaya yayıldı.
Başlanğıcda beynəlxalq ictimaiyyət yavaş və çox vaxt aciz reaksiya verirdi: BMT sanksiyalar tətbiq edir, Yuqoslaviyaya silah embarqosu qoyur və münaqişə zonalarına sülhməramlılar göndərirdi. Lakin mülki əhaliyə qarşı zorakılığın artması fonunda hərbi cinayətkarların mühakimə olunmasının zəruriliyi aydın oldu.
Tribunalın yaradılması
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal 25 may 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə yaradıldı. Maraqlıdır ki, həmin iclasa Rusiyanın nümayəndəsi Yuri Vorontsov sədrlik edirdi. O bildirmişdi ki, “beynəlxalq ictimaiyyət tribunal vasitəsilə yalnız hüquq normalarını deyil, həm də elementar mənəviyyat və humanizm anlayışlarını kobud şəkildə pozanlara öz hökmünü verəcək”.
Təhlükəsizlik Şurası qətnaməni yekdilliklə qəbul etdi. Tribunal 1 yanvar 1991-ci ildən etibarən keçmiş Yuqoslaviya ərazisində Cenevrə konvensiyalarının ciddi pozuntularına, müharibə qanunları və adətlərinin pozulmasına, soyqırıma və insanlığa qarşı cinayətlərə görə məsul olan fiziki şəxsləri təqib etmək səlahiyyəti aldı. O, ittiham irəli sürə, şübhəlilərin həbsini və təhvil verilməsini tələb edə, şahidlər çağırmağa səlahiyyətli idi; BMT-yə üzv dövlətlər isə onunla əməkdaşlıq etməyə və qərarlarını inkar etməməyə borclu idilər.
1993–1998-ci illərdə tribunal əsasən məhkəmə mexanizmlərinin qurulması ilə məşğul idi. Hakimlər seçildi, prosessual qaydalar qəbul olundu və prokurorluq yaradıldı. Daha sonra istintaqlar başlandı və ilk ittihamlar irəli sürüldü. Bu dövrdə tribunal Xorvatiya və Bosniya və Herseqovinada törədilmiş cinayətlər barədə materiallar toplayır və təqsirləndirilən şəxslərin siyahısını formalaşdırırdı.
Dönüş nöqtəsi Kosovo müharibəsi oldu. Bu fonda tribunalın baş prokuroru Luiza Arbur 22 may 1999-cu ildə Slobodan Miloşeviç və daha dörd yüksək vəzifəli yuqoslav və serb məmuruna qarşı ittiham aktını təqdim etdi.
Onlar insanlığa qarşı cinayətlərdə — qətllərdə, siyasi, irqi və dini motivlərlə təqiblər və deportasiyalarda ittiham olundu. Bir neçə ay sonra baş prokuror vəzifəsini İsveçrənin baş prokuroru Karla del Ponte tutdu. Onun dövründə Yuqoslaviya müharibələrinin Xorvatiya və Bosniya epizodları işə əlavə edildi.
Miloşeviç: rejimin sonu
BMT mandatına baxmayaraq, tribunalın təqsirləndirilənləri həbs etmək üçün öz güc strukturları yox idi. Formal olaraq ölkələr məhkəmə ilə əməkdaşlıq etməyə borclu idilər, lakin praktikada hər şey siyasi iradədən asılı idi: hakimiyyət şübhəliləri təhvil vermək və ya sübutlara çıxışı təmin etmək istəmirdisə, tribunal yalnız BMT Təhlükəsizlik Şurasına şikayət edə və xarici sanksiyalara nail olmağa çalışa bilərdi.

Del Ponte sonradan xatırlayırdı ki, Serbiya və Xorvatiyaya belə təzyiq təşkil etmək üçün çox vaxt sərf etməli olurdu. Bəzi Qərb diplomatlarında Balkanları tez bir zamanda beynəlxalq sistemə qaytarmaq, regionu sabitləşdirmək və hərbi cinayətlər məsələsini əsas şərt etməmək meyli vardı. Del Ponte isə daim xatırladırdı: münaqişənin tam həlli tribunalsız mümkün deyil.
Avropa və ABŞ partnyorları ilə danışıqlardan əlavə, prokuror Yuqoslaviya hakimiyyəti ilə də dialoq qurmağa çalışırdı. 2000-ci ilin aprelində o, əməkdaşlıq barədə sorğunu ədliyyə naziri Petar Yoiçə göndərdi.
Cavab ilk sətirlərdən diqqət çəkirdi: “Özünü prokuror elan etmiş qancıq del Ponteyə, cinayətkar Haaqa tribunalına”. Nazir təhqirlərlə kifayətlənmir, əməkdaşlıqdan imtina edir və məhkəmənin legitimliyini tanımırdı. Lakin Miloşeviç rejiminin də sonu yaxın idi.
Slobodan Miloşeviç 2000-ci il 5–6 oktyabr tarixlərində baş verən kütləvi etirazlardan və prezident seçkilərində məğlubiyyətdən sonra hakimiyyəti itirdi; həmin vaxt nümayişçilər parlament binasını və televiziya mərkəzini ələ keçirmişdilər. Lakin onun gedişi dərhal tribunala təhvil verilməsi demək deyildi.
Serbiya çox ağır dövr yaşayırdı. Ölkə onillik müharibələrdən, sanksiyalardan və beynəlxalq təcriddən dağıdılmış infrastruktur, zəifləmiş iqtisadiyyat və dərin parçalanmış siyasi sistemlə çıxmışdı. 2001-ci ilin yanvarında Belqrada gələn Karla del Ponte soyuq qarşılandı. “Mən Belqrad hava limanından şəhər mərkəzinə gedirəm. Qarşıma “Karla — fahişə (puttana)” yazılmış böyük plakat çıxır... Bir kilometr gedirik — daha biri, sonra daha biri”, — o, xatirələrində yazırdı.
Prezident Vojislav Koştunitsa da hesab edirdi ki, Miloşeviç ölkə daxilində mühakimə olunmalıdır. Baş nazir Zoran Cinciç isə əksinə, Haaqa ilə əməkdaşlığı təcriddən çıxış və xarici dəstək əldə etmək üçün zəruri şərt sayırdı.
2001-ci ilin yazına doğru artıq ABŞ Miloşeviçin təhvil verilməsi ilə bağlı ultimatum irəli sürdü — Vaşinqton Serbiayaya maliyyə yardımının göstərilməsini bununla əlaqələndirdi. Belqraddan martın sonuna qədər real addımlar tələb olundu: tribunalla əməkdaşlıq haqqında qanunun qəbulu, Miloşeviçin saxlanılması, ən azı bir təqsirləndirilənin təhvil verilməsi və arxivlərə çıxışın açılması.
Bu fonda martın əvvəlində Karla del Ponte ilə Zoran Cinciç arasında İtaliyada gizli görüş keçirildi. Cinciç açıq deyirdi ki, Miloşeviç Serbiya Sosialist Partiyasının rəhbəri olaraq siyasətə qayıtmağa çalışır, yeni hakimiyyət isə təcili olaraq ABŞ dəstəyinə və vəd olunan iqtisadi yardıma ehtiyac duyur.
Tribunalla əməkdaşlıq haqqında qanunu tez qəbul etmək, demək olar ki, mümkün deyildi: yeni hökumət güc strukturlarına tam nəzarət etmirdi və onların bir çoxu Miloşeviçə sadiq qalırdı. Üstəlik, hakimiyyət həbsin ABŞ tələblərinin birbaşa yerinə yetirilməsi kimi görünməsini istəmirdi. Buna görə dolanbac yol seçildi: əvvəlcə keçmiş prezidenti daxili ittihamlarla — korrupsiya, vəzifədən sui-istifadə və digər cinayətlər üzrə — həbs etmək, sonra da onun Haaqaya verilməsi məsələsini həll etmək.
Həbs
Slobodan Miloşeviçin saxlanılması təxminən iki gün çəkdi və bütün dünyanın canlı izlədiyi açıq dramaya çevrildi. Martın 30-u axşam saat altı radələrində ona qarşı maliyyə maxinasiyaları ittihamı ilə həbs orderi verildi. Əməliyyatı tez və səssiz keçirmək planlaşdırılsa da, məlumat sızdı. Artıq saat 20:00-a doğru keçmiş liderin tərəfdarları onun Belqradın Dedinye rayonundakı iqamətgahı ətrafına toplaşmağa başladılar.
Ordunun mövqeyi vəziyyəti daha da çətinləşdirirdi. General Neboyşa Pavkoviçin başçılıq etdiyi hərbi rəhbərlik qeyri-rəsmi şəkildə Miloşeviçi dəstəkləyirdi. Ərazini qoruyan qoşunlar faktiki keçmiş liderin maraqları naminə hərəkət edirdilər: daha əvvəl onlar polisin mühafizəni dəyişməsinə imkan vermədilər, əməliyyat gecəsi isə mühafizəçilərə iqamətgahın açarlarını geri qaytardılar. Üstəlik, onun varisi Koştunitsa da həbsə qarşı idi.

Şayiələrə görə, aralarında toxunulmazlıq barədə gizli razılaşma vardı: Miloşeviç istefaya getməyə razılaşmışdı, əvəzində ona toxunulmayacaqdı. Həbsin əsas təşəbbüskarı polisin dəstəklədiyi baş nazir Cinciç idi.
Martın 31-i gecə saat 1 radələrində xüsusi təyinatlılar Miloşeviçin iqamətgahına yaxınlaşdılar, səhər saat beşdə isə hücum başladı. Yüzlərlə insanın və onlarla televiziya kamerasının gözü qarşısında döyüşçülər darvazanı partlatdı və içəri daxil oldu. Miloşeviçin mühafizəsi intensiv atəş açdı və bir neçə dəqiqə sonra əməliyyatı dayandırmaq lazım gəldi.
Səhərə yaxın polis ərazini tam mühasirəyə aldı, toplaşanları sıxışdırmağa başladı və faktiki olaraq iqamətgahı blokadaya saldı. İçəridə elektrik və su kəsildi. Slobodan Miloşeviç isə yeni hakimiyyəti tanımadığını və diri təslim olmayacağını bəyan etdi.
Paralel olaraq siyasi məsələlər də həll olunurdu. Martın 31-i gün ərzində prezident Vojislav Koştunitsa, baş nazir Zoran Cinciç və güc strukturlarının rəhbərlərinin iştirakı ilə saatlarla davam edən müşavirə keçirildi. Danışıqlardan sonra dövlət başçısı mətbuat qarşısına çıxaraq dedi: “Heç kim, hətta Slobodan Miloşeviç belə, onun ucbatından vətəndaş müharibəsinin başlanmasına dəyməz. Biz bir nəfərin milli təhlükəsizliyimizi təhdid etməsinə imkan verməyəcəyik”.
Xüsusi təyinatlılar və eks-prezidentin mühafizəsi onun təslim olması barədə danışıqlara başladılar; bu danışıqlar bütün gecəni davam etdi. 1 aprel səhər saat 4:50-də Miloşeviç təslim olmağa razılaşdı. Cəmi 20 dəqiqə sonra o, Belqradın mərkəzi həbsxanasına gətirildi və onun üçün əvvəlcədən bütöv mərtəbə ayrılmışdı. Həmin vaxt hakimiyyət keçmiş milli liderin beynəlxalq tribunala təhvil verilməsi ehtimalını açıq şəkildə inkar edirdi.
Məhkəmə gəlir
3 iyul 2001-ci ildə Slobodan Miloşeviç Haaqa tribunalı qarşısına çıxarıldı. O, özünü təqsirli saymadı və tribunalın qeyri-qanuni, qeyri-legitim olduğunu bildirdi. Prokuror Karla del Ponte onu dindirməyə çalışanda, serbcə söyüşlər yağdırdı:
“Miloşeviç çox həyəcanlanmışdı, səsi qəzəbdən titrəyirdi. O, hələ də güc və enerji dolu görünürdü. Amma artıq uzun müddət diplomatları və siyasətçiləri aldatmış cazibəsi, sakitliyi və özünə inamı olan o adam deyildi. O, daha çox nazı ilə hamını bezdirən ərköyün uşağı xatırladırdı... “Onu aparın”, — dedim mühafizəçilərə. Onlar Miloşeviçə ayağa qalxmağı əmr etdilər və onu zaldan çıxardılar. Biz bir-birimizlə əl sıxmadıq. Bir daha heç vaxt təkbətək görüşmədik”.
Məhkəmə prosesi təxminən beş il davam etdi. Miloşeviç vəkillərdən imtina etdi və özünü özü müdafiə etdi. Ona qarşı iş eyni anda üç müharibəni — Kosovo, Xorvatiya və Bosniya müharibələrini əhatə edirdi. Məhkəmə iclasları müttəhimin sağlamlıq vəziyyətinə görə tez-tez dayandırılırdı: onun ciddi ürək problemləri vardı. Nəticədə, onun ölümünə qədər proses başa çatmadı.
11 mart 2006-cı ildə Slobodan Miloşeviç Sxeveningendəki həbsxana kamerasında ölü tapıldı. Bir neçə gün sonra iş hökm çıxarılmadan bağlandı. Ölümündən sonra belə keçmiş Yuqoslaviya lideri ziddiyyətli siyasi fiqur olaraq qaldı: Serbiya hakimiyyəti onunla rəsmi vida mərasimi keçirməkdən imtina etdi.

Martın 18-də Miloşeviç doğma Pojarevatsdə adi vətəndaş kimi dəfn edildi — onu yola salmağa minlərlə tərəfdarı gəldi.
1989-cu ilin Vidovdan günündə Slobodan Miloşeviç siyasi karyerasının zirvəsində idi. O, nomenklatura məmurundan milli liderə, “böyük Serbiya” uğrunda mübarizə çevrilirdi. Onun sözlərini yüz minlərlə insan dinləyir, qərarları isə milyonların taleyinə təsir edirdi. Lakin sonrakı hadisələr Yuqoslaviya prezidentinin səhvlərinin bədəlini göstərdi.
28 iyun 2001-ci ildə, onu Haaqaya aparmalı olan NATO təyyarəsinin trapına qalxarkən, Slobodan Miloşeviç bir anlıq dayandı və konvoydakı zabitə müraciət etdi: “Bilirsinizmi ki, bu gün Vidovdandır?”
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada