Logo
news content
User
Kateqoriyalar

Analitika

Qars və Moskva müqavilələrinə istinadlar çıxarıldı – Bəs sonra?
Naxçıvan Konstitusiyasına dəyişikliklər və yeni reallığın başlanğıcı

Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına edilən dəyişiklikləri təsdiqləyib. Bununla da, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin Konstitusiyaya daxil edilməsi təsdiqlənib.

Bununla bağlı prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin təsdiq edilməsi haqqında” konstitusiya qanununu imzalayıb.

Sənədə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə – 3-1 və 28-1 əlavə edilir, 5-ci maddə çıxarılır, həmçinin bir sıra digər maddələrə və Preambulaya dəyişikliklər edilir.

Naxçıvan Konstitusiyasının əvvəlki redaksiyasında Preambulada qeyd olunurdu ki, Naxçıvanın muxtariyyətinin əsasları 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi və 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsi kimi beynəlxalq sənədlərlə təsbit olunub.

Yeni redaksiyada isə vurğulanır ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Beləliklə, köhnə sovet dövrünə aid müqavilələrə istinadlar Naxçıvan Konstitusiyasından çıxarılır.

Maraqlıdır, bu addım hansı məqsədlə atılıb? Moskva və Qars müqavilələrinə istinadların çıxarılması nə deməkdir? Bu, regionda yaranmış yeni reallıqların nəticəsi və sovet irsi ilə vidalaşmanın göstəricisidir? Və Bakının bu qərarına qonşu dövlətlərin reaksiyası necə ola bilər?

Tanınmış ekspertlər bununla bağlı fikirlərini Pressklub.az-al bölüşüblər.

Cənubi Koreyanın Hankuk Xarici Araşdırmalar Universitetinin professoru, politoloq Rövşən İbrahimov bildirib ki, Moskva və Qars müqavilələrinin özlərinin ləğvindən söhbət getmir.

Bunu həyata keçirmək üçün müvafiq dövlətlərlə danışıqlar aparılmalıdır. Belə məsələlər birtərəfli qaydada, xüsusilə də sadəcə konstitusiyaya dəyişiklik etməklə həll olunmur. Amma görünür, vaxtilə bu istinadların Naxçıvan Konstitusiyasına daxil edilməsi məqsədəuyğun hesab edilib, indi isə həmin məqamlar çıxarılır.

Bundan əlavə, dəyişdirilən maddələrə diqqət yetirsəniz görərsiniz ki, onların əksəriyyəti Naxçıvanın Azərbaycanın icra, qanunvericilik və məhkəmə hakimiyyəti institutlarına daha sıx inteqrasiyası ilə bağlıdır. Çünki Konstitusiyaya görə Azərbaycan unitar dövlətdir. Naxçıvan Muxtar Respublikasında isə geniş səlahiyyətlərə malik institutların mövcudluğu müəyyən mənada Azərbaycanın unitar dövlət modeli ilə tam uyğunlaşmır.

Eyni zamanda qeyd etmək lazımdır ki, beynəlxalq müqavilələr Naxçıvan Muxtar Respublikasının daxili idarəetmə qaydasını müəyyən etmir. Bu baxımdan aparılan dəyişikliklər əsasən məhz bu aspektlə bağlıdır.

Bundan başqa, Naxçıvan Konstitusiyasına dəyişiklik edildiyini və eyni maddələrin Azərbaycan Respublikasının Konstitusiyasında da yer aldığını nəzərə alsaq, yaxın vaxtlarda ölkənin əsas qanunvericilik aktına da müəyyən düzəlişlərin edilməsi ehtimalı istisna edilmir”, – professor Rövşən İbrahimov bildirib.

Tanınmış politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov isə qeyd edib ki, o hüquqşünas olmasa da, bu dəyişiklik ona tam əsaslı görünür. Çünki Azərbaycan özünü Sovet Azərbaycanının deyil, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edib.

Bu mənada Azərbaycan Xalq Cümhuriyyəti üçün Naxçıvanın Azərbaycana məxsusluğunun (eləcə də Zəngəzurun və Qarabağın) Ankara ilə Moskva arasında bağlanmış razılaşmalarla müəyyənləşdirilməsinə ehtiyac yox idi. Əgər biz hüquqi varisliyi məhz ADR-dən bərpa etmişiksə, onda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi kontekstində Moskva və Qars müqavilələrinə istinad tamamilə mənasızdir.

Məhz buna görə də Azərbaycan Respublikasının Konstitusiyasında Qars və Moskva müqavilələrinə istinad yoxdur və bu istinadlar Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da olmamalıdır. Məsələ bununla bitir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ankara ilə Moskva arasında bağlanmış razılaşmalarla müəyyən edilməsinə və ya təsdiqlənməsinə ehtiyac yoxdur”, – parlament üzvü vurğulayıb.

Rauf Orucov