Putin-Paşinyan dueli: nələr olacaq?
Kreml Ermənistanda Qərb xəttini kəsməyə qərar verib
03 Aprel 2026
Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkiqabağı Rusiyaya işgüzar səfəri “müttəfiqlər” arasında örtülü qaynayan qazanı daşırdı. Onu Kremldə qəbul edən Prezident Vladimir Putin jurnalistlər qarşısında çox açıq danışdı, Paşinyan da ona öz tərzində səmimi cavablar verdi.
Liderlərin dialoqundakı əsas məqamlara keçməzdən əvvəl qeyd edək ki, erməni Baş naziri Moskvada heç də xoş qarşılamayıblar. Paşinyan-Putin görüşündən əvvəl bəzi insidentlər və etiraz aksiyaları baş verib, xüsusən də Moskvadakı Ermənistan səfirliyinin binası qarşısında. Teleqram kanallarında yayılan görüntülərdə din xadimlərinin də aksiyada iştirak etdiyi görünür; etirazçılar Erməni Apostol Kilsəsinin daxili işlərinə qarışmamağı tələb ediblər. Paşinyan Rusiyadakı erməni yeparxiyasının rəhbəri arxiyepiskop Ezrası sovet DTK-sının (KQB) agenti olmaqda ittiham etmişdi.
Digər insident isə erməni nümayəndə heyətinin qaldığı otelin dəhlizində baş verib. Bir kişi Paşinyana yaxınlaşaraq, uşaqla şəkil çəkdirməyi təklif edib və bunu belə izah edib ki, uşaq sonra “Qarabağı təslim edənləri” tanısın. Baş nazir görüntülərə görə heç bir reaksiya vermədən oradan uzaqlaşıb.
Vurğulayaq ki, Paşinyanın Moskvaya getməsi Ermənistan hökuməti üçün münasibətlər sistemindən irəli gələn şərtdir. Həm də nəzərə alaq ki, bir ay sonra - mayın əvvəlində İrəvanda Avropa Siyasi Birliyinin sammiti, daha sonra seçkilərə, demokratiya və təhlükəsizlik problemlərinə həsr olunmuş Aİ-Ermənistan tədbiri keçiriləcək. Daha əvvəl Moskvaya getmək lazımdır...
İki ölkə rəsmən müttəfiqdirlər, iqtisadi və hərbi ittifaqlarda təmsil olunurlar, ticarət, iqtisadi əlaqələri yüksək səviyyədədir, nəhayət, Ermənistanda Rusiyanın hərbi bazası var. Amma rəsmi İrəvanın yürütdüyü xarici siyasət bu reallıqları dəyişməyə, Rusiyanın düşmənləri ilə dostlaşmağa hədəflənib. Bu da Moskvada möhkəm qıcıq doğurur, elə Prezident Putinin onunla sərt və açıq danışması da seçki qabağı erməni cəmiyyətinə, oradakı rusiyapərəst qüvvələrin tərəfdarlarına, eləcə də Rusiyada çalışan ermənilərə açıq mesaj idi. Şübhəsiz, həm də Paşinyan hökumətinin Qərb tərəfdaşlarına da aydın mesaj ötürülür ki, Rusiya bu dəfə sakit dayanmayacaq, “öz maraqlarını” müdafiə etmək üçün lazım gələn bütün addımları atacaq.
Putin-Paşinyan dialoquna gəlincə, Kreml rəhbəri bəyan edib ki, Rusiya Ermənistanda fəaliyyət göstərən bütün siyasi qüvvələrin seçkilərdə iştirak etməsini istəyir: “Rusiyada çox sayda erməni yaşayır. Bizim hesablamalarımıza görə, bu, 2 milyondan çox insandır. Ermənistanda ruspərəst olan bir çox siyasi qüvvə var. Biz çox istərdik ki, həmin siyasi qüvvələr və siyasətçilər seçkilər zamanı daxili siyasi proseslərdə iştirak edə bilsinlər”.
Rusiya rəhbəri ad çəkmədən qeyd edib ki, bəzi şəxslər “Rusiya pasportu daşımalarına baxmayaraq” həbsdədir. “Bu sizin qərarınızdır, biz qarışmırıq. Lakin istərdik ki, onlar həmin daxili siyasi fəaliyyətdə iştirak edə bilsinlər”, - deyə o vurğulayıb və əlavə edib ki, Moskva hər zaman erməni xalqının mənafelərini rəhbər tutacaq.
Xatırladaq ki, iyun ayından bəri Rusiya vətəndaşlığı olan milyarder iş adamı Samvel Karapetyan həbsdədir. O, hakimiyyətin hədəfində olan Erməni Apostol Kilsəsini “öz üsulu ilə” müdafiə edəcəyini bildirdikdən sonra müttəhim kürsüsünə əyləşib. Hakimiyyəti qəsb etməyə açıq çağırışdan başqa, iş adamı pulların yuyulması maddəsi ilə də ittiham olunur. Samvel Karapetyan yeddi ay Milli Təhlükəsizlik Xidmətinin zirzəmisində qaldıqdan sonra hazırda ev dustaqlığındadır.
Putinin sözlərinə reaksiya verən Ermənistan rəhbəri, öz növbəsində iyunun 7-nə təyin edilmiş parlament seçkilərinə toxunub. Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının da bu seçkilərdə iştirak edəcəyini bəyan edib.
Ermənistanın demokratik ölkə olduğunu vurğulayan Paşinyan qeyd edib ki, respublikada sosial şəbəkələr yüz faiz azaddır və heç bir məhdudiyyət yoxdur. Onun sözlərinə görə, bir çoxları hətta bunun həddindən artıq olduğunu düşünür.
“Ümumi kontekstdə, səmimi desəm, bizdə həbs yerlərində siyasi proseslərin iştirakçıları yoxdur”, - deyən Paşinyan əlavə edib: “Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu seçkilərdə müstəsna olaraq Ermənistan pasportu olan şəxslər iştirak edə bilər. Rusiya pasportu olanlar isə, Ermənistan Konstitusiyasına görə, nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilməzlər”.
“Güclü Ermənistan”ın baş nazirliyə namizədi Samvel Karapetyandır. Lakin seçki siyahısına onun qardaşı oğlu Narek Karapetyan rəhbərlik edəcək. O, keçid dövrünün koordinatoru və zəmanətçisi olacaq ki, parlament konstitusiya dəyişikliyi edərək Karapetyanı baş nazir seçə bilsin.
Paşinyan-Putin görüşünün açıq hissəsində növbəti mövzu Aİİ (Avrasiya İqtisadi İttifaqı) və Aİ (Avropa İttifaqı) ilə bağlı olub. Moskva daha əvvəl bəyan etmişdi ki, eyni vaxtda həm Avropa, həm də Avrasiya inteqrasiya layihələrində iştirak etmək qeyri-mümkündür. “Biz görürük ki, Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin inkişafı istiqamətində müzakirələr gedir. Biz buna çox sakit yanaşırıq. Başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə maksimum əməkdaşlıq axtarır. Amma bu, elə başlanğıcdan açıq və dürüst olmalıdır. Avropa İttifaqı ilə gömrük ittifaqında olmaq və eyni zamanda Aİİ-də olmaq bir yerdə mümkün deyil. Sadəcə, mümkün deyil”, - deyə Kreml rəhbəri bu gün bildirib.
Onun sözlərinə görə, bu məsələ siyasi deyil, iqtisadidir. Putin vurğulayıb ki, bəlkə illər sonra bu iki ittifaq arasındakı fərqlər tənzimlənə bilər, lakin Ukrayna böhranının lap əvvəlindən avropalılarla birgə işləmək barədə razılığa gəlmək mümkün olmayıb.
“Enerji daşıyıcılarının qiymətinə gəlincə, Avropada qaz kəskin bahalaşıb – min kubmetr üçün 600 dollar, Rusiya isə Ermənistana 177,5 dollara satır. Fərq çox böyükdür. Biz burada sizinlə tez-tez mübahisə edirik, bilirəm ki, siz enerji qiymətlərinin bir az fərqli müəyyən olunmasını tələb edirsiniz, amma baxın: 600 dollar və 177,5 dollar”, - deyə o əlavə edib ki, son illərdə Ermənistanın Aİİ ölkələrinə ixracı 10 dəfə artıb.
Paşinyan isə öz növbəsində deyib ki, İrəvanda iki ittifaqa üzvlüyün qeyri-mümkün olduğunu bilirlər: “Lakin bizim etdiklərimiz və gündəmimiz hazırda uzlaşandır. Bu iki gündəmi uzlaşdırmaq mümkün olduğu müddətcə biz bunu edəcəyik. Mümkün olmayanda və qərar vermək lazım gələndə, mən əminəm ki, Ermənistan vətəndaşları qərar verəcək”. Eyni zamanda o vurğulayıb ki, İrəvanın Moskva ilə münasibətləri heç vaxt şübhə altına alınmayıb və alınmayacaq.
Yeni atom elektrik stansiyasının tikintisinə gəlincə, baş nazir bildirib ki, bunu rusiyalı tərəfdaşlarla yanaşı, digər ölkələrlə də müzakirə edirlər. “Ermənistan Respublikası üçün ən sərfəli təklifi axtarırıq”, - deyə o əlavə edib.
Bu yaxınlarda Parisdə keçirilən nüvə enerjisi sammitində baş nazir yenidən bəyan etmişdi ki, Metsamor AES-in istismar müddəti bitdikdən sonra Ermənistan kiçik modulyar reaktor texnologiyasına keçmək qərarına gəlib.
Putin bu barədə danışmasa da, iki müttəfiq arasındakı iqtisadi münasibətlərin yaxşı templə inkişaf etdiyini məmnuniyyətlə qeyd edib: 2024-cü ildə dövriyyə 11 milyard dollar, 2025-ci ildə isə 6,4 milyard dollar təşkil edib. Rusiya prezidenti vurğulayıb ki, Azərbaycanla bu göstərici 5 milyarddan azdır (4,9 milyard). “Hər halda, bu, nədənsə xəbər verir. Və həmin 6,5 milyardın 1,2 milyard dolları kənd təsərrüfatı məhsullarıdır. Bu tərəvəzdir, meyvədir, şərabdır, yəni Ermənistanın ixrac etdiyi hər şeydir”.
Qeyd edək ki, Ermənistan-Rusiya münasibətlərini 2022-ci ildən bəri gərgin saxlayan növbəti məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak məsələsidir. Putin bildirib ki, erməni tərəfinin KTMT ilə bağlı narazılıqlarından xəbərdardır. “Lakin hesab edirəm ki, 2022-ci ildə Praqada siz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyandan sonra artıq Azərbaycanın daxili məsələsinə çevrilmiş bu mövzuya KTMT-nin müdaxiləsi tamamilə yanlış olardı”, - deyə Kreml rəhbəri bəyan edib.
Paşinyan isə faktı qeyd edib ki, Qarabağı Azərbaycanın tərkibində “yalnız Rusiya ali rəhbərliyi bu barədə açıq danışdıqdan sonra” tanıyıblar. “Mən artıq açıq bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirmirik və Ermənistanla Azərbaycan arasında artıq sülh bərqərar olub. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini tanıyıblar. Bu, Almatı bəyannaməsi əsasında edilib – İrəvan və Bakı qarşılıqlı olaraq qəbul ediblər ki, müstəqil Ermənistan 100 faiz Sovet Ermənistanı ilə, müstəqil Azərbaycan isə Sovet Azərbaycanı ilə eynidir”, - deyə Ermənistan rəhbəri bildirib.
Putinlə Paşinyanın bu dialoqundan hansı nəticələr çıxır? Rusiya seçki öncəsi Ermənistana və regiona hansı mesajları verir?
Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, bu, sıradan bir diplomatik görüş deyil, regionun gələcək taleyini müəyyən edən geosiyasi qarşıdurmanın pik nöqtəsi oldu.
Ekspert vurğulayıb ki, mayın əvvəlində gözlənilən Aİ-Ermənistan sammiti ərəfəsində baş tutan bu görüşdə tərəflər bütün kartlarını masaya qoydular:
“Rusiya Prezidenti Vladimir Putinin adətən bağlı qapılar arxasında deyilən sözləri kameralar qarşısında səsləndirməsi Moskvanın İrəvana qarşı "açıq şantaj" dövrünə keçdiyini göstərir. Görüşün ən maraqlı məqamlarından biri diplomatik etiketlərin kənara qoyulması idi. Putin əlindəki qeydlərə əsaslanaraq, əslində Ermənistandakı ruspərəst müxalifət və Rusiya mediası üçün növbəti seçki kampaniyasının yol xəritəsini cızdı. Putinin birbaşa "ruspərəst qüvvələr" ifadəsini işlətməsi Kremlin Ermənistanın daxili siyasətinə müdaxilə etmək niyyətini gizlətmədiyini sübut etdi”.
Politoloq Kremlin əsas şantaj vasitələrini qiymətləndirəkən vurğulayıb ki, Putin Ermənistanın ixracatını Azərbaycanla müqayisə edərək, dolayısı ilə mesaj verdi: "Bazarımızı bağlasaq, məhsulunuz əlinizdə qalacaq. Onun növbəti mesajı Ermənistana qazın "güzəştli" qiymətlərlə verilməsi və ölkə iqtisadiyyatının Rusiyadan enerji asılılığının xatırladılması idi”.
Fərhad Məmmədov vurğulayır ki, Putinin görüşün sonunda milyarder Samvel Karapetyanın azad edilməsini və onun partiyasının seçkilərə buraxılmasını açıq şəkildə istəməsi görüşün kulminasiya nöqtəsi idi: “Bu, Moskvanın Ermənistanda öz "vəkilini" hakimiyyətə gətirmək və ya ən azı parlamentdə güclü yer qazanmaq istəyinin təzahürüdür. Nikol Paşinyan bu təzyiqlər qarşısında geri çəkilmədi və öz cavab taktikasını nümayiş etdirdi. O, Aİ və Aİİ-nin bir yerdə mümkün olmadığını etiraf etdi, lakin "vaxtı gələndə xalq qərar verəcək" deyərək, məsuliyyəti və qərarı referendumun, yəni xalqın üzərinə atdı. Paşinyanın Ermənistanda sosial şəbəkələrin tam azad olduğunu vurğulaması, söz azadlığının məhdud olduğu barədə dedikləri isə Rusiyaya qarşı çox sərt və "incə" bir toxunuş idi”.
Politoloqun sözlərinə görə, görüş göstərdi ki, Ermənistandakı qarşıdan gələn seçkilər artıq tamamilə geosiyasi xarakter alıb. Rusiya Ermənistandakı resurslarını tam işə salıb və rejim dəyişikliyi üçün bütün iqtisadi və siyasi şantaj metodlarından istifadə edəcək. Kreml bu mübarizəni təkcə Paşinyanla deyil, bütövlükdə Avropa İttifaqı və Qərblə olan böyük qarşıdurmanın bir hissəsi kimi görür. "Paşinyan isə xalqın dəstəyinə və Qərbin iqtisadi alternativlərinə güvənərək, Moskvanın qarşısında durmağa çalışır”, - o qeyd edib.
Turqut