Öcalan Ərdoğandan nə tələb edir?
PKK lideri türkiyə hakimiyyəti qarşısında sərt qoymağa başlayıb
16 Dekabr 2025
PKK terror təşkilatının ömürlük həbs cəzası çəkən lideri Abdullah Öcalan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir sıra tələblər irəli sürüb. Bu tələblər arasında türklərlə bərabər kürdlərin də ölkə Konstitusiyasına salınması yer alır.
“Türkiyənin əsas xəbərləri” adlı Telegram kanalı Abdullah Öcalanın tələblərini sadalayır:
– Neft və elektrik enerjisindən əldə olunan gəlirlərdən pay verilməsi;
– Etnik bölgələrdə ana dildə təhsilin təmin olunması, sonrakı mərhələdə isə kürd dilinin rəsmi dil kimi tanınması;
– Suriya Demokratik Qüvvələrinin (SDQ – faktiki olaraq PKK-nın bölməsi) silahı yerə qoyması tələbinin geri götürülməsi. Öcalan hesab edir ki, bu qüvvələr hərbi deyil, polis strukturu olmalıdır;
– YPG, SDP, PJAK kimi təşkilatların buraxılmasının tələb olunmaması;
– Konstitusiyada türklər və kürdlərin iki xalq kimi təsbit edilməsi;
– Konstitusiyanın 66-cı maddəsinin dəyişdirilməsi;
– PKK üzvü olan terrorçular üçün amnistiya, onların işlə təmin edilməsi, reabilitasiyası və siyasi fəaliyyət imkanlarının açılması.
Xatırladaq ki, bu ilin may ayında PKK silahlı mübarizəni dayandırdığını və özünü buraxdığını elan edib. Daha əvvəl PKK lideri, 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən Abdullah Öcalan təşkilata silahı yerə qoymağa çağırış etmişdi.
PKK ilə silahlı münaqişə Türkiyədə 1984-cü ildə başlayıb və 2015-ci ildə yenidən alovlanıb. Kürd silahlı dəstələrinin bazaları əsasən İraqın şimalında yerləşir, Türkiyə ordusu vaxtaşırı onlara qarşı hava və quru əməliyyatları həyata keçirir.
Maraqlıdır, Öcalanın Türkiyə hakimiyyətinə ünvanladığı gözlənilməz yüksək tələblər nə deməkdir? O, buna qədər daha təmkinli mövqe tutaraq, tərəfdarlarını silahı yerə qoymağa və terrordan imtina etməyə çağırırdı. İndi isə artıq enerji resurslarından pay, kürd dilinin rəsmi statusu, Suriyadakı kürd silahlı dəstələrinin silahlarının saxlanılması kimi tələblər irəli sürür. Birdən-birə nə dəyişib?
Pressklub.az-ın suallarına Yaxın Şərq Araşdırmaları Mərkəzinin (Kiyev) icraçı direktoru İqor Semivolos cavab verib.

Onun fikrincə, bu, həqiqətən də maraqlı mövzudur. Çünki Türkiyə həbsxanasında saxlanılan Abdullah Öcalan tərəfindən səsləndirilən istənilən mesaj və ya tələb həm Türkiyə, həm də bütün region üçün ciddi siyasi əhəmiyyət daşıyır.
“Razılaşmaq olar ki, bu tələblər maksimalist xarakter daşıyır və sadəcə atəşkəs şərtlərini deyil, bütövlükdə kürd hərəkatının tam siyasi gündəliyini əks etdirir. Qeyd etmək lazımdır ki, Ərdoğanın siyasətində realpolitika üçün hər zaman yer var. O, tez-tez “kürd kartı”ndan siyasi manevrlərində istifadə edir. Ola bilsin ki, qarşıdan gələn seçkilər ərəfəsində (və ya öz elektorat bazasını möhkəmləndirmək üçün) Türkiyə hakimiyyəti yenidən Öcalanla dolayı kommunikasiya kanalı açır. Öcalan isə bu marağı və ya ehtiyacı hiss edərək tələb səviyyəsini yüksəldir.
Əgər PKK həqiqətən də silahlı mübarizəni dayandırdığını və özünü buraxdığını elan edibsə, bu addım onun tərəfdarları və döyüşçüləri üçün müəyyən kompensasiya ilə müşayiət olunmalıdır. Öcalan ideoloji lider kimi hərəkat üçün hərbi olmayan, lakin iddialı yeni siyasi məqsəd formalaşdırmalıdır. Bu tələblər də məhz həmin yeni məqsəddir – silahlı mübarizədən konstitusion tanınma və iqtisadi hüquqlar uğrunda mübarizəyə keçid”, – deyə tədqiqatçı bildirib.
Semivolosun sözlərinə görə, SDQ-nin hərbi deyil, polis qüvvəsi kimi saxlanılması və onun buraxılmasından imtina edilməsi tələbi Şimali Suriyada faktiki kürd muxtariyyətinin – Rojavanın qorunmasına yönəlib. “Bu, Öcalan üçün kürd hərəkatının strateji uğurudur və o, Ərdoğandan bu status-kvonun tanınmasını, onun məhv edilməməsini tələb edir.
Konstitusiyanın 66-cı maddəsinin dəyişdirilməsi və kürdlərin Türkiyənin “iki əsas xalqdan biri” kimi təsbit olunması isə ən fundamental tələbdir. Öcalan vətəndaş kimliyi anlayışının etnik və ya çoxmillətli kimliklə əvəz olunmasını istəyir ki, bu da bütövlükdə kürd siyasi hərəkatının əsas tələblərindən biridir.
Beləliklə, ehtimal etmək olar ki, Türkiyə hakimiyyəti ilə Öcalan arasında dolayı kommunikasiya və ya vəziyyətin “yoxlanması” baş verib. Ərdoğan və ya onun ətrafı qapalı şəkildə də olsa dialoqa hazır olduqlarını nümayiş etdirəndə, Öcalan bu fürsətdən kapitulyasiya şərtlərini deyil, öz tərəfdarları tərəfindən qəbul edilə biləcək siyasi tənzimləmə şərtlərini irəli sürmək üçün istifadə edir”, – Semivolos yekunlaşdırıb.
Rauf Orucov