Logo
news content
User
Kateqoriyalar

Analitika

Müharibədə təşəbbüs Ukraynanın əlinə keçir?
Dronların tətbiqi döyüşlərdə köklü dəyişiklik yaratmağa başlayıb

Vladimir Zelenskinin mayın 9-da Moskvadakı Qırmızı meydanda paradın keçirilməsinə “icazə” verməsi yalnız istehza deyil, həm də döyüş meydanında qüvvələr nisbətinin dəyişməsinin nəticəsi olaraq güc nümayişi kimi qiymətləndirilə bilər. Rusiya ordusu ənənəvi yaz hücumunun başladığını göstərən heç bir əlamət nümayiş etdirmir. Əksinə, hər şey onu göstərir ki, artıq ikinci aydır ərazi itirir. Üç ildən sonra müharibədə ilk dəfə təşəbbüsün Ukraynaya keçdiyi müşahidə olunur. Bu barədə The Economist yazır.

Şəhərlərin və enerji sisteminin demək olar hər gecə kütləvi dron və raket hücumlarına məruz qaldığı sərt qışı geridə qoyan Ukrayna hadisələrin gedişatını dəyişə bilib. Hansı göstəriciyə baxırsansa – istər arxa cəbhə infrastrukturun dağıdılması, istərsə də cəbhədəki itkilər – Ukrayna Rusiyaya getdikcə daha ciddi zərbələr vurur.

Belə təəssürat yaranır ki, bu, müharibədə dönüş nöqtəsidir”, – London Kral Kollecinin fəxri professoru, hərbi ekspert ser Lourens Fridman The Economist-ə bildirib. “Əgər rusların səyi bundan sonra da heç bir nəticə verməsə, bəzi istiqamətlərdə onların vəziyyətinin çökməyə başlayacağı məni təəccübləndirməz”.

Döyüş meydanında nəticələrin olmaması Ukrayna Silahlı Qüvvələrinin qurduğu dron “divarı” ilə izah olunur. Bu isə itkilərin ənənəvi nisbətini tamamilə dəyişib. Vladimir Zelenskinin sözlərinə görə, əvvəlki münaqişələrdə bir ölənə adətən 2-3 yaralı düşürdüsə, indi Rusiya Ukrayna cəbhəsində bir yaralıya demək olar, iki ölü itirir. Lourensin fikrincə, “Rusiya əsgərlərinin duruş gətirməsi və fatalizmi artıq tükənmək üzrə ola bilər”.

Hazırda ön xətdə öldürülən rus əsgərlərinin 80 faizi dronların köməyi ilə məhv edilir. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı hərbi analitiki Set Consun sözlərinə görə isə Rusiya ordusunda onsuz da xüsusi qayğı göstərilməyən yaralılar ölməyə tərk edilir, çünki onları təxliyə etmək demək olar mümkün deyil.

Beləliklə, bu tendensiya hazırda nə dərəcədə aydın görünür? Əgər vəziyyət həqiqətən belədirsə, bu müharibədə Ukraynanın xeyrinə dönüş mümkündürmü? Bu nailiyyətlər nəticə etibarilə Ukrayna Silahlı Qüvvələrinin quruda uğurlu əks-hücuma keçməsinə və bəlkə də işğalçıların ölkə ərazisindən qovmasına gətirib çıxara bilərmi?

Tanınmış ukraynalı analitik, siyasi elmlər doktoru, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Petro Oleşuk vəziyyətlə bağlı qiymətləndirməsini Pressklub.az-la bölüşüb.

Belə görünür ki, müharibədə müəyyən dönüş nöqtəsi yaranır. Hərçənd, hələlik irəli gedən nəticələrindən danışmaq çətindir. Xüsusilə də nəzərə alsaq ki, texnoloji inqilab çox sürətlə inkişaf edir və onun yekun nəticələri hələ tam aydın deyil.

Lakin Moskvadakı parad bir çox baxımdan dönüş hadisəsinə çevrildi. Əgər bir il əvvəl Putin özünü inamlı hiss edir və Çindən nüfuzlu qonaqları dəvət edirdisə, indi vəziyyət köklü şəkildə dəyişib. Ukrayna Rusiyanın bütün ərazisinə, o cümlədən Şimali və Cənubi Urala effektiv şəkildə uzaq mənzilli zərbələr endirir və yaxın vaxtlarda faktiki olaraq Sibiri də vura biləcək. Bu cür şəraitdə artıq hətta Moskvada belə təhlükəsizliyə heç kim zəmanət verə bilməz.

Bunun nəticəsində Putin parad zamanı Moskvanın atəşə tutulmaması ilə bağlı təminat almaq üçün Ukraynaya Tramp vasitəsilə diplomatik təzyiq göstərməyə məcbur oldu. Bu isə həm ruslar, həm də Qərb siyasətçiləri tərəfindən zəiflik və özünəinam itməsinin açıq nümayişi kimi qiymətləndirildi. Əgər bir il əvvəl Tramp Zelenskinin “əlində kart olmadığını” deyirdisə, indi vəziyyət dəyişir”, – siyasi elmlər doktoru bildirib.

Onun sözlərinə görə, diqqətçəkən hadisələrdən biri Amerikanın Palantir şirkətinin CEO-sunun (Chief Executive Officer – şirkətin ən yüksək vəzifəli şəxsi, yəni baş və ya icraçı direktorun analoqu) Kiyevə səfəri olub. O, Kiyevdə prezident Zelenski və müdafiə naziri Fyodorovla görüşüb.

Onlar dronlar, rabitə sistemləri və süni intellekt kimi müasir texnologiyaların daha geniş tətbiqini müzakirə ediblər. Ukrayna bu istiqamətləri fəal şəkildə inkişaf etdirir və artıq öz təklifləri ilə dünya bazarına çıxaraq Yaxın Şərq ölkələri ilə əlaqələr qurur.

Hazırda hər şeyin Ukraynanın məğlubiyyətinə doğru getdiyini birmənalı şəkildə demək olmaz – bu faktdır. Lakin yaxın qələbədən danışmaq üçün də hələ tezdir, çünki Rusiya da yeni texnologiyaları tətbiq etməyə çalışır. Bu müharibədə texnoloji yarış görünməmiş miqyas alıb: döyüş yanaşmaları və silahlar son dərəcə sürətlə köhnəlir.

Ümumilikdə bir neçə əsas məqamı qeyd etmək olar:
– Baş verənlər həqiqətən dönüş nöqtəsini xatırladır.
– Putin artıq özünü əvvəlki qədər inamlı hiss etmir.
– Ukrayna sürətlə dəyişərək tərəfdaşlardan getdikcə daha müstəqil hala gəlir.
– Ukrayna öz nailiyyətlərini uğurla resurslara və siyasi təsirə çevirir”, –Oleşuk yekunlaşdırıb.

Rauf Orucov