Müharibə və danışıqlar: hansı ssenari daha realdır?
İran kampaniyası ölkənin özü, qonşuları və dünya üçün nə vəd edir?
03 Fevral 2026
Birləşmiş Ştatlar İran ətrafında hərbi gücünü getdikcə artırır. Həmsərhəd ölkələrdəki hərbi bazalar hücum siahları və onların sursat, yanacaq ehtiyatları, kəşfiyyat, radiolakasiya sistemləri, radioelektron, HHM vasitələri yerləşdirilir.
Paralel olaraq, diplomatik danışıqlar üçün qapılar açıqdır, bu günlərdə hər iki ölkənin rəhbərləri bu barədə bəyanatlar veriblər. Türkiyə, bəzi ərəb ölkələri də böhranın hərbi toqquşmaya gətirib çıxarmaması üçün ciddi səylər göstərirlər.
Proseslər hansı istiqamətdə cərəyan edə bilər, anlaşma mümkündürmü?
Hərbi ekspert Aqil Rüstəmzadə Pressklub.az-a İran ətrafında yaranmış mövcud vəziyyəti şərh edərkən bildirib ki, hazırda müşahidə olunan proseslərin əsas hissəsi informasiya və psixoloji müharibənin tərkib hissəsidir. Onun sözlərinə görə, son bir-iki həftədə bunun əlamətləri aydın şəkildə görünür.
Ekspert qeyd edib ki, ABŞ və İsrail bu mərhələdə İrana qarşı genişmiqyaslı hava kampaniyası aparmaq üçün yetərli hərbi-logistik potensial toplaya bilməyiblər. O vurğulayıb ki, İran böyük əraziyə və ciddi hərbi imkanlara malik dövlətdir və bu amil mümkün hərbi ssenariləri xeyli çətinləşdirir.
Aqil Rüstəmzadə xatırladıb ki, İraq müharibəsi zamanı ABŞ aylarla hazırlıq görmüşdü və İraqın nə ciddi raket arsenalı, nə də ABŞ və İsrail bazalarından endirilən zərbələrə cavab vermək imkanı vardı. Onun sözlərinə görə, İran isə həm qısa, həm orta, həm də uzun mənzilli raketlərə sahibdir və divara sıxılacağı təqdirdə, bu arsenalı işə sala bilər.
Ekspert bildirib ki, hazırkı hərbi fəallıq real müharibədən daha çox təzyiq mexanizmi xarakteri daşıyır. Onun fikrincə, ABŞ müəyyən məhdud və lokal zərbələr endirə bilər, 10–20–30 hədəfin vurulması mümkündür, lakin bunun strateji nəticə verməsi inandırıcı deyil.
Rüstəmzadə vurğulayıb ki, İranda idarəetmə sistemi artıq çoxpilləlidir və hər bir vəzifənin alternativ mexanizmləri mövcuddur. Bu səbəbdən ölkədə xaos yaratmaq asan deyil.
Onun sözlərinə görə, əsas məqsəd İranı siyasi danışıqlara məcbur etməkdir. Ekspert bildirib ki, nüvə proqramından imtina və ballistik raket sınaqlarının dayandırılması əsas tələblər sırasında yer alır və hazırkı təzyiqlər də məhz bu məqsədə xidmət edir.
Aqil Rüstəmzadə İranın mümkün cavab zərbələrinə də toxunaraq qeyd edib ki, ölkənin yüzlərlə, bəlkə də minə yaxın raketi mövcuddur: “Bu raketlər ABŞ-ın regiondakı bazalarını və İsrailin hərbi obyektlərini hədəf ala bilər və məhz bu amil ABŞ və İsraili genişmiqyaslı müharibədən çəkindirən əsas səbəblərdən biridir”.
Ekspert əlavə edib ki, ABŞ və İsrailin radioelektron mübarizə imkanları kifayət qədər güclüdür və İranın hava məkanına nəzarət imkanları ciddi şəkildə zəiflədilə bilər. Bununla belə, raket zərbələri təhlükəsi hələ də qalır.
Rüstəmzadə yaxın dövrdə İrana qarşı geniş hərbi kampaniya aparılması ehtimalını aşağı qiymətləndirib. Onun sözlərinə görə, hətta kiçikmiqyaslı əməliyyat üçün belə ABŞ və İsrailə ən azı bir neçə həftədən bir neçə aya qədər hazırlıq vaxtı lazımdır. Ekspert döyüş sursatı, yanacaq və logistikanın ciddi zaman tələb etdiyini vurğulayıb.
O qeyd edib ki, ABŞ başqa qitədə yerləşir və mümkün müharibə ekspedisiya xarakterli olardı. Rüstəmzadə xatırladıb ki, İsrailin cəmi 12 gün ərzində apardığı intensiv əməliyyatlar belə ciddi resurs itkisi ilə nəticələnmişdi.
Hərbi ekspert İran daxilində destabilizasiya və qaçqın axını riskinə də toxunub. O, bildirib ki, İran üçün Suriya ssenarisi ən təhlükəli variantdır və 90 milyonluq ölkədə belə bir xaos bütün regionu silkələyə bilər. Ekspert hesab edir ki, bu vəziyyət Azərbaycan və Türkiyə üçün də ciddi milli təhlükəsizlik təhdidi yaradar.
Aqil Rüstəmzadə sərhədlərin açılmasının əleyhinədir. Bununla belə, mərkəzi hakimiyyət idarəetməni itirərsə, Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarla birgə İran ərazisində humanitar məqsədli sülhməramlı əməliyyat keçirməsinin müzakirə oluna biləcəyini qeyd edib. Ekspert bildirib ki, bu halda əsas məqsəd dinc əhalinin qorunması olmalıdır, qaçqınların ölkə ərazisinə buraxılması yox.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, ABŞ tərəfindən İrana qarşı dörd əsas şərt irəli sürülüb və onların üçü açıq şəkildə səsləndirilir. Dördüncü şərt isə rəsmi formada elan olunmasa da, müxtəlif səviyyələrdə qeyri-rəsmi şəkildə gündəmə gətirilir. Keçmiş nazir qeyd edib ki, bu mövqe təkcə Birləşmiş Ştatlara deyil, eyni zamanda İsrailə və həmin koalisiyada bu və ya digər formada iştirak edən ölkələrə də aiddir.
Tofiq Zülfüqarov bildirib ki, irəli sürülən şərtlərin birincisi İranın nüvə proqramının tamamilə dayandırılmasıdır. İkinci şərt kimi raket proqramının, xüsusilə ballistik raketlərin istehsalının məhdudlaşdırılması göstərilir. Üçüncü şərt isə İranın proksi qüvvələrə verdiyi dəstəyin dayandırılmasıdır. Onun sözlərinə görə, açıq şəkildə səsləndirilməyən dördüncü şərt İranda idarəetmə sisteminin bu və ya digər formada dəyişdirilməsini nəzərdə tutur.
Sabiq XİN başçısı qeyd edib ki, İranda həm mülki, həm də teokratik idarəetmə sistemi mövcuddur və daha geniş səlahiyyətlər əsasən teokratik qanadın əlində cəmləşib. Bu baxımdan, T.Zülfüqarovun fikrincə, İran siyasətindən teokratik qanadın kənarlaşdırılması şərtlərdən biri kimi nəzərdə tutulur. O, vurğulayıb ki, söhbət dini liderdən və ona bağlı strukturlardan, ilk növbədə isə İran İslam İnqilabı Keşikçiləri Korpusundan gedir.
Tofiq Zülfüqarov bu şərtlərin mahiyyət etibarilə ultimatum xarakteri daşıdığını desə də, təmasların davam etdiyini və müəyyən razılaşmanın əldə olunmasının istisna edilmədiyini bildirib. O, hər halda, buna ümid etdiyini vurğulayaraq qeyd edib ki, hərbi əməliyyatlar baş verərsə, istər-istəməz İranın kritik infrastrukturu hesab edilən obyektlərə zərbələr endiriləcək. Bunun qarşılığında isə İranın Fars körfəzindən neft və digər enerji daşıyıcılarının ixracını dayandırmaq üçün addımlar ata, zərbələr endirə biləcəyini diqqətə çatdırıb.
Sabiq nazirin sözlərinə görə, belə bir vəziyyət ümumi iqtisadi böhrana səbəb ola, neftin qiymətinin kəskin artmasına gətirib çıxara bilər ki, bu da qlobal iqtisadiyyata ciddi təsir göstərəcək. O, mövcud mənzərəni təxminən bu şəkildə qiymətləndirib.
T.Zülfüqarov hazırkı mərhələdə hansı tələblərin yerinə yetiriləcəyini, hansılarının isə qəbul olunmayacağını deməyin çətin olduğunu da bildirib. Onun fikrincə, bu məsələlərlə bağlı İran daxilində də mövqelər fərqli ola bilər. Keçmiş XİN başçısı əlavə edib ki, İran cəmiyyətində teokratik hakimiyyətə qarşı ciddi tənqidlər səslənir və etirazlar müşahidə olunur.
Tofiq Zülfüqarov Azərbaycanın mövqeyinə də toxunaraq bildirib ki, Bakı bu məsələlərin siyasi dialoq və sülh yolu ilə həll olunmasında maraqlıdır. O, qeyd edib ki, Azərbaycanın qonşuluğunda yerləşən, dini və tarixi baxımdan yaxın olan bir ölkədə genişmiqyaslı hərbi əməliyyatların aparılması, böyük dağıntılar və bunun nəticəsində qaçqın axınının yaranması Azərbaycanın maraqlarına uyğun deyil.
Sabiq nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İran Prezidentinə zəng edərək xoşniyyət nümayiş etdirib, gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu təşəbbüs müəyyən kommunikasiya kanallarının yaradılmasını və mesajların ötürülməsini nəzərdə tutur. T.Zülfüqarov sonda proseslərin necə nəticələnəcəyini zamanın göstərəcəyini qeyd edib.
Turqut