Maduro “əməliyyatı” nəyi ortaya çıxardı?
“Köhnə dünya” dağıldı, “güclünün üstünlüyü” dövrü başlayıb
05 Yanvar 2026
İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya nizamının çöküşü, güclünün üstünlüyü hüququnun bərpa olunması... 2026-cı ilin ilk günlərində ABŞ ordusu və xüsusi xidmət orqanlarının 3 saatlıq əməliyyatla Venesula Prezidenti Nikolas Maduro və həyat yoldaşını yatağından götürüb qaçırması dünya mediasında belə şərh olunur. Artıq bizim istinad etdiyimiz beynəlxalq hüquq yoxdur, Birləşmiş Millətlər Təşkilatı iflas edib, qüdrətli ölkələr dünyanı öz maraqları əsasında yenidən bölüşdürürlər.
Venesuela neft və mineral yataqlarla zəngindir. Xüsusilə dünyanın ən böyük neft ehtiyatları (303 milyard barel) bu ölkədə yerləşir. 2025-ci ilin noyabr ayında Venesuela üzrə xam neft hasilatının həcmi gündəlik 1 milyon 121 min barel, ixracın həcmi isə 921 min barel təşkil edib. Bu rəqəm il ərazində 1 milyon barel civarında dəyişib. Müqayisə üçün qeyd edək ki, eyni dövrdə Azərbaycanda gündəlik xam neft hasilatı 577 min barel, ixrac isə 349 min barel səviyyəsində olub.
Uzun illərdir ölkəni dəmir yumruqla idarə edən, sosialist Uqo Çavesin davamçısı Maduro rejimi ABŞ ilə düşmən, onun rəqibləri Rusiya və Çinlə strateji tərəfdaşdır. Bu ölkələr həm istehsalda, həm də sərfəli qiymətə neft alışında müstəsna paya malikirlər.
3 saatlıq əməliyyatla bağlı ciddi suallar yaradan əsas məqamlardan biri də bununla bağlıdır: belə qüdrətli tərəfdaşlara malik olan, güclü HHM sistemləri əldə etmiş hakim rejim niyə ABŞ xüsusi təyinatlılarına müqavimət göstərmədi? Hansısa sövdələşmələr mümkündürmü?
“Maduro faktiki olaraq satıldı”
Konfliktoloq Arif Yunus bildirib ki, Venesuelada Nikolas Maduronun ələ keçirilməsindən cəmi iki gün keçməsinə baxmayaraq, artıq bəzi mühüm məqamlara diqqət yetirmək mümkündür. Onun sözlərinə görə, hərçənd yekun nəticələr çıxarmaq hələ tezdir, lakin baş verənlərin mahiyyətini anlamaq üçün müəyyən suallar qaçılmazdır.
Arif Yunus deyib ki, ilk növbədə cavablandırılmalı olan əsas sual Venesuela ordusunun niyə heç olmasa minimal müqavimət göstərməməsidir. O vurğulayıb ki, ABŞ-nin əməliyyata ciddi hazırlaşdığı və onu qüsursuz şəkildə həyata keçirdiyi şübhə doğurmur. Eyni zamanda, ABŞ və Venesuelanın hərbi potensiallarının müqayisə edilməsinin mümkünsüz olduğunu da qeyd edib.
Bununla belə, konfliktoloq bildirib ki, Venesuela ordusunun müəyyən zərbələr endirmək və ən azı simvolik müqavimət göstərmək üçün kifayət qədər imkanları mövcud idi. Onun sözlərinə görə, xüsusilə hava hücumundan müdafiə sistemlərinin tam fəaliyyətsiz qalması ciddi suallar doğurur.
Arif Yunus diqqətə çatdırıb ki, əməliyyatın son mərhələsində ABŞ ordusu desantın endirilməsi üçün ağır nəqliyyat helikopterlərindən istifadə edib. O qeyd edib ki, Venesuela ordusunun arsenalında təxminən 5 min ədəd “İqla-S” tipli daşınan zenit-raket kompleksləri var və bu vasitələrlə, xüsusilə helikopterləri vurmaq olduqca asandır. Buna baxmayaraq, onun sözlərinə görə, ABŞ helikopterləri Karakas üzərində tam maneəsiz uçub və onları vurmağa cəhd belə göstərilməyib.
Konfliktoloq bildirib ki, Nikolas Maduronun çoxsaylı və yaxşı silahlanmış mühafizə dəstəsi olub. Buna baxmayaraq, o, heç bir atışma olmadan, yatağında ələ keçirilib və hətta ABŞ-yə aparılarkən ev ayaqqabılarında olub.
Arif Yunus bütün bunların bir məqamdan xəbər verdiyini deyib. Onun fikrincə, ABŞ yalnız hərbi baxımdan deyil, həm də ötən ilin sonlarında Venesuela ordusunda və Maduronun ən yaxın siyasi çevrəsində son dərəcə effektiv iş aparıb. O, qədim Makedoniya kralı II Filippin – Makedoniyalı İsgəndərin atasının məşhur sözlərini xatırladaraq bildirib ki, “ən yaxşı qorunan şəhərdə belə qızıl yüklü eşşəyin keçə biləcəyi bir qapı tapılar”.
Konfliktoloq bu fikri izah edərək deyib ki, Venesuela ordusu və Maduronun siyasi ətrafı amerikalılarla razılaşmağa, öz liderlərini təslim etməyə üstünlük verib. Onun sözlərinə görə, razılaşmanın əsas şərtlərindən biri ABŞ neft şirkətlərinə məxsus, əvvəllər milliləşdirilmiş bütün aktivlərin geri qaytarılması və onların ölkənin neft sektorunda əsas oyunçuya çevrilməsi olub. Arif Yunus bildirib ki, bütün bunlar hakimiyyətin qorunub saxlanılması qarşılığında edilib.
O vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın dünənki çıxışında neft mövzusu xüsusi yer tutub və əsas mesajlardan biri “ABŞ Venesuelanın neft sənayesində ciddi şəkildə iştirak edəcək” fikri olub.
Arif Yunus qeyd edib ki, cəmiyyət olaraq hamı diktatorun devrilməsinə, ələ keçirilməsinə və məhkəmə qarşısına çıxarılacağına sevinir. Lakin onun sözlərinə görə, real vəziyyət ondan ibarətdir ki, Venesuelada hakimiyyət hələ də Uqo Çaves ideologiyasına – sosializm xəttinə sadiq olan qüvvələrin əlində qalır.
Konfliktoloq demokratik müxalifətin taleyinə də toxunaraq bildirib ki, illərlə mübarizə aparan, repressiyalara məruz qalan müxalifət hələlik real hakimiyyət imkanlarından kənarda qalıb. O xatırladıb ki, müxalifət lideri Maria Maçado hakimiyyəti ələ almağa hazır olduqlarını bəyan edib. Bununla belə, Arif Yunusun sözlərinə görə, Donald Tramp bu açıqlamaya istehzalı və soyuq reaksiya verərək bildirib: “Maçado Venesuelanın lideri ola bilməz, onun liderlik keyfiyyətləri yoxdur, o, sadəcə xoş görünüşlüdür”.
Arif Yunus yekunda vurğulayıb ki, nəticə etibarilə diktator devrilib və həbs olunub, lakin real hakimiyyət hələ də onun tərəfdarlarının əlində qalır. Onun fikrincə, Venesuelada real dəyişikliklərə ümid yalnız gələcək seçkilərlə bağlıdır və yeganə ümid ondan ibarətdir ki, demokratik müxalifət həmin seçkilərdə qalib gələrək ölkədə hakimiyyətə sahib ola bilsin.
“ABŞ-ın Venesuela əməliyyatı “gücün hüququ” dövrünü başladır”
Siyasi təhlilçi, Xəzər Universitetinin professoru Ramiz Yunus isə bildirib ki, ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat, prezident Nikolas Maduronun ələ keçirilməsi və ABŞ-yə gətirilməsi, bunun BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan baş verməsi, yalnız Latın Amerikası üçün deyil, bütün dünya üçün mühüm hadisədir. Onun sözlərinə görə, beynəlxalq hüquq baxımından bu, suverenlik prinsipinin və müharibədən sonrakı qüvvə tətbiqi arxitekturasının birbaşa pozulmasıdır.
Professor vurğulayıb ki, ABŞ 1945-ci ildən bəri dünya nizamının memarı və əsas qarantı olmasına baxmayaraq, indi özü həmin sistemi pozur. O qeyd edib ki, bu əməliyyat köhnə qaydaların qorunması deyil, onun dizaynının dəyişdirilməsidir.
Ramiz Yunus deyib ki, SSRİ-nin dağılmasından sonra dünya qeyri-rəsmi unipolyar sistemdə mövcud olub. Bu sistem hüquqi baxımdan formal deyildi, amma siyasi olaraq qəbul edilmişdi: ABŞ arbitrdir, beynəlxalq hüquq universal dil, qaydalar isə gücün legitimləşdirilməsi mexanizmi idi. O bildirib ki, hətta Qərb hərbi əməliyyatları belə normativ və istisnaçı ritorika ilə müşayiət olunurdu ki, bu da sistemin sabitliyi illüziyasını yaradırdı.
Professor vurğulayıb ki, bu sistemdə ilk ciddi çatlar 2007-ci ildə Vladimir Putinin Münhen çıxışı ilə meydana çıxıb, Rusiya açıq şəkildə ABŞ-nin qərarvermə monopoliyasını qəbul etmədiyini bəyan edib. Ardınca 2008-ci ildə Gürcüstanla müharibə, 2014-cü ildə Krımın ilhaqı, 2022-ci ildə isə Ukraynaya genişmiqyaslı müdaxilə baş verib. Onun sözlərinə görə, bu addımlar beynəlxalq hüququ kobud şəkildə pozub, amma uzun müddət sadəcə “sistemə qarşı çıxan revizionist” hərəkətlər kimi qəbul olunub.
Ramiz Yunus qeyd edib ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma başladıqdan sonra öz mövqeyi radikal şəkildə dəyişdi. O bildirib ki, Rusiya böyük dövlət statusunu bərpa etmək əvəzinə, uzunmüddətli müharibə, strateji zəifləmə, texnoloji geriləmə və Çin asılılığının artması ilə üzləşib. Bu səbəbdən Rusiya hazırda yeni dünya qütbü deyil, siyasi və iqtisadi baxımdan zəifləmiş, hərbi baxımdan təhlükəli, resurs və sağ qalma limitləri ilə müəyyənləşən aktordur. Professor vurğulayıb ki, Rusiyanı ABŞ və Çinlə eyni sıraya qoymaq real güc balansını nəzərə almamaq deməkdir.
O əlavə edib ki, bu müddət ərzində Çin sistemi sarsıtmaq üçün radikal addımlar atmır, lakin alternativ – iqtisadi, maliyyə və institusional sistem qurur. Ramiz Yunus qeyd edib ki, Pekin xaosla deyil, Qərb mərkəzli sistemin idarə olunan dekonstruasiyası ilə maraqlanır.
Professor vurğulayıb ki, bu kontekstdə ABŞ-nin Venesuela əməliyyatı keyfiyyətcə dönüş nöqtəsidir. Əvvəllər beynəlxalq hüququn pozulması sistemə qarşı çıxan qüvvələrdən gəlirdi, indi isə bu fəaliyyətin mərkəzində özü sistemin qarantı dayanır. Ramiz Yunus deyib ki, arbitrin eyni qaydalarla oynamağa başlaması ilə arbitraj mövcudluğunu itirir. Əməliyyatın miqyası ikincidir; əsas məsələ presedent yaratmaqdır. Bundan sonra hüquq hətta onu yaradanlar üçün də mütləq olmayacaq.
Professor qeyd edib ki, dünya “hüququn gücündən” “güclünün hüququna” keçir. Bu, dərhal qlobal sistemin dağılması demək deyil, amma normativ universallığın sonu deməkdir. Onun sözlərinə görə, normativlər yalnız məna etibarı ilə saxlanır, faydalı olduğu müddətcə. Beynəlxalq institutlar son instansiyanın rolunu itirir, yerini situativ koalisiyalar, razılaşmalar və təhdid balansları tutur.
Ramiz Yunus bildirib ki, Ukrayna üçün bu, 2026-cı ilin sülh ili olmayacağını göstərir. O vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsi abstrakt ədalət və ya bəyanatlarla deyil, Ukraynanın hərbi dayanıqlığı, Rusiyanın məhdud resursları və Avropanın ardıcıl dəstəyi ilə müəyyənləşəcək. Professor əlavə edib ki, Avropa İttifaqı üçün Ukraynaya yardım artıq əhval və ya həmrəylik məsələsi deyil, öz təhlükəsizliyinin təminatı məsələsidir.
Ramiz Yunus qeyd edib ki, Cənubi Qafqaz üçün köhnə nizamın dekonstruasiyası daha sərt reallıq yaradır. O bildirib ki, Rusiyanın zəifləməsi onun bölgəni nəzarətdə saxlamaq qabiliyyətini azaldır, amma qlobal qaydaların yoxluğu Azərbaycan və Ermənistan arasında müharibənin nəticəsini soyuq hesablamaya çevirir. Professor vurğulayıb ki, Ermənistanın parlament seçkiləri və Konstitusiyanın yenidən nəzərdən keçirilməsi strateji əhəmiyyət kəsb edir, xüsusən də Azərbaycanla bağlı ərazi iddialarını ehtiva edən maddələr sülh üçün real maneədir.
Ramiz Yunus deyib ki, Ermənistan cəmiyyəti vəziyyəti soyuqqanlı qiymətləndirməlidir. O bildirib ki, hazırda Ermənistan zəif tərəf, Azərbaycan isə müharibənin qalibi və Cənubi Qafqazın faktiki lideridir. Professor vurğulayıb ki, qlobal xaos şəraitində revanşizmin güclənməsi riskləri artırır, gələcəyi itirmək deməkdir. Əksinə, güclü qonşu ilə sülh müqaviləsi təhlükəsizlik, inkişaf və regional izolyasiyadan çıxış üçün imkan açır.
Ramiz Yunus yekunda vurğulayıb ki, 2026-cı il dönüş ilidir. O bildirib ki, köhnə referenslər artıq işləməyəcək, yeni qaydalar isə hələ formalaşmayıb. Professor qeyd edib ki, Venesuela hadisələri yalnız əməliyyat deyil, beynəlxalq hüququn üstünlük təşkil etdiyi sistemin sonunun simvoludur.
“ABŞ dünyanın enerji resurslarına və xammala nəzarət əldə etməyə çalışır”
“Dünyada sürətlə üç əsas siyasi-texnoloji mərkəz formalaşır – ABŞ, birləşmiş Avropa və Çin. Bu üçlük yeni qlobal sistemin əsas dayaqlarına çevrilməkdədir”.
Bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Venesuela prezidentinin həbs edilməsinə münasibət bildirərkən deyib. Keçmiş nazir bildirib ki, Rusiya böyük nüvə potensialına sahib olsa da, artıq müstəqil siyasi-texnoloji mərkəz olmaq imkanlarını demək olar ki, tam itirib və bu baxımdan hətta postsovet ölkələri üçün belə cazibədar güc kimi qəbul edilmir.
O qeyd edib ki, ideoloji modellər – kommunizm, liberalizm, çuçxe və digər konsepsiyalar gələcək ittifaqların formalaşmasında əsas baza olmayacaq. T.Zülfüqarovun sözlərinə görə, bugünkü reallıqda dövlətlərin hansı bloklara yaxınlaşması ideologiyalarla yox, həmin mərkəzlərin “kiçik tərəfdaşlara təqdim edə biləcəyi texnoloji imkanlarla” müəyyənləşəcək.
Tofiq Zülfüqarov vurğulayıb ki, texnoloji rəqabət, o cümlədən müdafiə sahəsində yarışma getdikcə daha sərt xarakter alacaq və qlobal proseslərin əsas həlledici amillərindən birinə çevriləcək.
Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyası öz siyasi-texnoloji üstünlüyünü qorumaq və möhkəmləndirmək məqsədilə dünyanın enerji resurslarına və strateji əhəmiyyətli xammallarına tam nəzarət əldə etməyə çalışır.
T.Zülfüqarov əlavə edib ki, Vaşinqton eyni zamanda əhəmiyyətli quru və dəniz kommunikasiya marşrutları üzərində dominantlığı ələ almaq strategiyasını açıq şəkildə elan edib və praktiki addımlara başlayıb.
Keçmiş XİN rəhbəri bildirib ki, bu yeni geosiyasi doktrina fonunda XX əsrin sonu və XXI əsrin əvvəllərində həlledici rol oynayan prinsiplər, götürülmüş öhdəliklər və beynəlxalq hüquq normaları yeni qlobal strategiyanın qurbanına çevrilir. Onun fikrincə, mövcud proseslər fonunda beynəlxalq institutların real təsir imkanları ciddi şəkildə zəifləyib. Bu kontekstdə Zülfüqarov Birləşmiş Millətlər Təşkilatının roluna da diqqət çəkərək bildirib ki, mövcud qlobal proseslər fonunda təşkilat faktiki təsir imkanlarını itirib. Onun sözlərinə görə, müəllif ironiyası ilə desək, “UN” abreviaturasını artıq “United Nothing” – yəni “birləşmiş heç nə” kimi şərh etmək olar.
Turqut