Lavrov hədələyir, amma... hamı hər seyi bilir
Rusiya Cənubi Qafqazı və Orta Asiyanı itirir; postsovet ölkələrinə hədə-qorxu bəyanatının pərdəarxası
30 Oktyabr 2025
Rusiyanın xarici işlər naziri Sergey Lavrov postsovet ölkələrini hədələyən bəyanatla çıxış edib. Nazir Avrasiya Təhlükəsizliyi üzrə Üçüncü Minsk Beynəlxalq Konfransının plenar iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, Qərb öz əməkdaşlıq strukturlarını qurmaqla Zaqafqaziya və Orta Asiya ölkələrini Rusiyadan uzaqlaşdırmağa çalışır. Moskva bu cür cəhdləri bütün mümkün vasitələrlə yatıracaq.
"NATO və Avropa İttifaqı Mərkəzi Asiya və Zaqafqaziya ölkələri ilə öz dialoq və əməkdaşlıq strukturlarını qurur və Qərb bu əlaqələrdən qarşılıqlı faydalı əməkdaşlıqdan başqa, bu ölkələri Rusiyadan ayırmaq üçün istifadə etməyə çalışır. Əlbəttə, biz bu cür meylləri bütün mümkün vasitələrlə - diplomatik, siyasi və iqtisadi vasitələrlə yatıracağıq", - Lavrov qeyd edib.
Lavrov əlavə edib ki, “Rusiya heç vaxt Orta Asiya və Zaqafqaziyadakı müttəfiqlərinin və eyni düşüncəli tərəfdaşlarının xoşməramlılığının istismar edilməsinə və ya Rusiyaya qarşı çıxmağa məcbur edilməsinə razı olmayacaq”.
Rusiya XİN rəhbərinin bəyanatı Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin Qərb-ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığının yeni mərhələyə keçid dövrünə təsadüf edir. Əlbəttə, Rusiya özünün nüfuz dairəsi elan etdiyi postsovet məkanında gedən prosesləri diqqətlə izləyir, Qərbin bu sferaya “müdaxiləsini” maraqlarına təhdid kimi qiymətləndirir. Bu kontekstdə, Cənubi Qafqazda Azərbaycan və Ermənistana ABŞ-nin artan dəstəyi, 8 avqustda Vaşinqtonda paraflanan sülh sazişi və daha sonra Bakı və İrəvanın sülh quruculuğu prosesində xeyli məsafə qət etməsi Moskvanı möhkəm qıcıqlandırıb. Məlumdur ki, Prezident İlham Əliyev Astanada səfərdə olarkən Azərbaycanın Qazaxıstan mallarının Ermənistana daşınmasına tranzit məhdudiyyətlərini ləğv etdiyini açıqlayıb. Bu bəyanata İrəvandan dərhal dəstək gəlib, Baş nazir Nikol Paşinyan öz növbəsində Türkiyə və Azərbaycan arasında daşımaların Ermənistan üzərindən həyata keçirlməsinə hazır olduğunu bildirib. Paralel olaraq, Ermənistan yüklərinin Naxçıvan üzərindən dəmiryolları ilə daşınması təklifi irəli sürülüb. Bu gedişata Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da müdaxilə edib. O, bildirib ki, Rusiya mallarının Azərbaycan üzərindən Ermənistana göndərilməsi vacibdir. Yəni Moskva Zəngəzur dəhlizinə nəzarət imkanlarını tamamilə itirdikdən sonra regional prosesdən təcrid olunmaq istəmir, müdaxilə edərək onun iştirakçısına çevrilməyə çalışır.
Kremli narahat edən ikinci mühüm amil Azərbaycan və Ermənistanın Qərblə güclənən siyasi, iqtisadi əlaqələridir. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, ölkəsi Avropa İttifaqına üzv olmağa can atır. Mirzoyanın sözlərinə görə, bu istiqamətdə Xarici İşlər Nazirliyində Avropa inteqrasiyası departamenti də yaradılıb.
Bununla belə, nazir qeyd edib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya səyləri ölkənin balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursuna zidd deyil. “Bu addımlar bizim elan etdiyimiz balanslı və tarazlaşdırılmış xarici siyasət yanaşmamıza zidd şəkildə atılmır”, – diplomat vurğulayıb.
Xatırladaq ki, Ermənistanın bu hədəfi Rusiyanın Cənubi Qafqazdakı maraqları ilə kəskin ziddiyyət təşkil edir, Lavrovun yuxarıda qeyd olunan hədə-qorxu bəyanatında bundan bəhs olunur. Kreml mənsubları, o cümlədən Aleksey Overçuk dəfələrlə bəyan ediblər ki, Avrasiya İttifaqına üzv olan Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu Moskva tərəfindən qəbul olunmur. İrəvan bəri başdan seçim etməlidir – ya Avrasiya İttifaqında qalmalıdır, ya da təşkilatdan çıxıb, özü yolunu getməlidir. Ermənistan rəhbərliyi isə əlverişli zamana qədər Rusiyanın patronajı olan ittifaqdan yararlanmaqla Avropa ittifaqına doğru yön almağa çalışır. Lavrovun kəskin reaksiyası göstərir ki, Moskva İrəvanın “iki stulda” əyləşməsinə dözmək niyyətində deyil. Ehtimal ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu məsələ Paşinyan hökumətinin qarşısında qəti şəkildə qaldırılacaq və təzyiqlərə start veriləcək.
Azərbaycan-Qərb münasibətlərinə gəlincə, Rusiya Prezident İlham Əliyevin ABŞ lideri ilə sıxlaşan təmaslarından, Bakı-Vaşinqton münasibətlərində yeni səhifə açılmasından qıcıqlanır. Cənubi Qafqazın aparıcı ölkəsinin yürütdüyü siyasət Qərbin regionda möhkəmlənməsinə şərait yaradır və real məzmun kəsb edir, bu isə iqtisadi, siyasi, regional mövzularda Qərbin təsiredici mövqeyinin formalaşmasına gətirib çıxarır. Xüsusilə, Zəngəzur (TRİPP) dəhlizinin ABŞ-nin patronaı altında açılması, Orta dəhlizin strateji məntəqəsinə Vaşinqtonun nəzarət imkanlarının verilməsində Bakının əməyi böyükdür. Prezident İlham Əliyevin bunu ciddi nailiyyət adlandırması Moskvada əsəb yaradır. Ona görə, Lavrovun bəyanatının ünvanlarından birinin Bakı olması təbidir.
Ukraynada uzanan müharibədən dolayı mövqeləri zəifləyən Rusiya Mərkəzi Asiyada gedən proseslərdən də ciddi əndişə keçirir. Xatırladaq ki, region ölkələrinin liderlərinin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə noyabrın 6-da Vaşinqtonda C5+1 formatında sammit keçirilməsi planlaşdırılır.
Görüşdə ABŞ Prezidenti Donald Tramp və Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan liderləri iştirak edəcəklər. Bu sammit ABŞ-nin regiona yönəlik yeni geosiyasi strategiyasının mühüm mərhələsi kimi dəyərləndirilir.
Qərb mediası yazır ki, Vaşinqton görüşündə əsas diqqət aşağıdakı istiqamətlərə yönələcək:
Təhlükəsizlik əməkdaşlığı – regionda terrorizm, sərhəd qaçaqmalçılığı və silahların qanunsuz dövriyyəsi risklərinin azaldılması. ABŞ bu istiqamətdə Mərkəzi Asiya ölkələrinə texniki və kəşfiyyat dəstəyi təklif etməyi planlaşdırır.
İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi – Tramp administrasiyası regionu Amerika biznesi üçün “yeni bazar” kimi görür. Vaşinqton Orta Asiyada infrastruktur və enerji layihələrinə sərmayələrin artırılmasını, o cümlədən Amerika şirkətlərinin bu sahədə iştirakını təşviq edir.
Enerji və resurs təhlükəsizliyi – Mərkəzi Asiya neft, qaz, uran və nadir torpaq elementləri baxımından mühüm strateji əhəmiyyət daşıyır. ABŞ bu resurslara çıxışı təmin etməklə yanaşı, regionu Rusiya və Çin təsirindən balanslaşdırmaq niyyətindədir.
Nəqliyyat və logistika marşrutları – Vaşinqton Cənubi Qafqaz və Mərkəzi Asiya üzərindən keçən Orta dəhliz layihəsini dəstəkləyərək, regionun Avropa və Hind okeanı bazarlarına çıxışını genişləndirmək istəyir.
Texnoloji və informasiya əməkdaşlığı – rəqəmsal təhlükəsizlik, kibermüdafiə və süni intellekt sahəsində ABŞ şirkətləri ilə birgə proqramlar müzakirə ediləcək.
Beləliklə, sammit yalnız siyasi deyil, həm də iqtisadi və texnoloji məzmun daşıyan çoxşaxəli gündəmlə keçiriləcək.
Vaşinqtonda keçiriləcək görüş həm ABŞ, həm də region ölkələri üçün bir sıra strateji mənalar kəsb edir.
Birincisi, bu sammit Mərkəzi Asiya liderlərinə ABŞ-la birbaşa dialoq qurmaq imkanı verir. Bu, region dövlətlərinin çox vaxt Rusiya və Çin kimi güclərin kölgəsində qalmaqdan çıxması baxımından mühüm addımdır.
İkincisi, ABŞ üçün bu sammit C5+1 formatının 10 illiyi çərçivəsində xüsusi simvolik əhəmiyyət daşıyır. Tramp administrasiyası bu görüşlə ABŞ-nin regiona strateji önəm verdiyi mesajını açıq şəkildə göstərmək niyyətindədir.
Üçüncüsü, bu sammit Vaşinqtonun “böyük oyun”da – yəni Avrasiya məkanında nüfuz uğrunda rəqabətdə növbəti diplomatik gedişi hesab olunur. ABŞ həm Rusiya, həm də Çin təsirinin zəiflədiyi şəraitdə regionla yeni əməkdaşlıq modelini formalaşdırmağa çalışır.
ABŞ-nin əsas məqsədi regionu Rusiya və Çin təsirindən tam uzaqlaşdırmaq deyil, ölkələrə çoxvektorlu siyasət yürütmək üçün daha geniş seçim imkanları yaratmaqdır.
Tramp administrasiyasının planında üç əsas istiqamət ön plana çıxır:
Təhlükəsizlik – regionda terrorizm, ekstremizm və qeyri-qanuni miqrasiya risklərinin qarşısını almaq. ABŞ Mərkəzi Asiyanı Əfqanıstandan gələn təhdidlərə qarşı tampon zona kimi görür.
Enerji və resurslar – Vaşinqton uran, qaz və nadir metallara çıxış əldə etməklə yanaşı, enerji marşrutlarını diversifikasiya etmək istəyir.
Geosiyasi balans – ABŞ regionda “böyük güclər arasında körpü” kimi davranaraq, Mərkəzi Asiya dövlətlərini qərbyönlü əməkdaşlığa daha çox cəlb etmək niyyətindədir.
ABŞ-nin bu təşəbbüsü, təbii ki, Moskvada narazılıqla qarşılanır. Rusiya Mərkəzi Asiyanı uzun illərdir öz “təsir dairəsi” kimi görür.
Moskva üçün bu region:
həm siyasi baxımdan – MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində təsir zonası;
həm iqtisadi baxımdan – Avrasiya İqtisadi İttifaqının bir hissəsi;
həm də hərbi-strateji cəhətdən mühüm arxa cəbhə hesab olunur.
ABŞ-nin regionda fəallaşması bu təsir balansını pozur. Xüsusilə Vaşinqtonun Qazaxıstan və Özbəkistanla enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyi Moskvanın iqtisadi maraqları ilə birbaşa ziddiyyət təşkil edir.
Eyni zamanda, ABŞ-nin Orta Dəhlizə dəstək verməsi Rusiyanın nəzarətində olan Şimal dəhlizinə alternativ yaradır ki, bu da logistika və tranzit gəlirlərində Moskvanın payını azalda bilər.
Vaşinqtonda keçiriləcək C5+1 sammiti ABŞ-ın Mərkəzi Asiyada geosiyasi aktivliyinin yeni mərhələsi olacaq. Tramp administrasiyası bu platforma vasitəsilə həm iqtisadi, həm enerji, həm də təhlükəsizlik sahəsində regionda daha güclü mövqe tutmağa çalışır.
Bu, təkcə regional əməkdaşlıq təşəbbüsü deyil, eyni zamanda Rusiya və Çinlə qlobal təsir uğrunda rəqabətin yeni cəbhəsi kimi də dəyərləndirilə bilər. Sammitin nəticələri Mərkəzi Asiya ölkələrinin gələcək xarici siyasət istiqamətlərini müəyyənləşdirəcək və ABŞ-Rusiya münasibətlərində yeni gərginlik dalğasına zəmin yarada bilər.
Qaldı, Sergey Lavorun “biz bu cür meylləri bütün mümkün vasitələrlə - diplomatik, siyasi və iqtisadi vasitələrlə yatıracağıq" hədəsinin nə qədər real olmasına, Ukrayna bataqlığında batmaqda olan Rusiyanın real imkanları məhduddur. Moskva daha çox region ölkələrinə hədə-qorxu gəlməklə, onların yeni xarici siyasətinə təsir göstərməyə çalışır. Amma istər Cənubi Qafqazda, istərsə də Orta Asiyada Rusiyanın imkanlarının hansı həddə olduğunu dəqiq bilirlər…
Turqut