“Laçından çıxanda 9 yaşım var idi”
06 Dekabr 2020
Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmaya əsasən dekabrın 1-də Laçın rayonu da Azərbaycana təhvil verildi. Doğrudur, 5 km enində müəyyənləşdirilmiş dəhliz Rusiya sülhməramlılarının nəzarətindədir və Laçın şəhəri də həmin dəhlizin ərazisinə düşür. Bu səbəblə, ordumuz rayon mərkəzinə daxil olmadı və bu fakt sevincimizi bir qədər azaldır. Amma hər halda, rayonun böyük hissəsinin azad olunması ciddi hadisədir.
Laçının azadlığa qovuşduğu gün laçınlılar hansı hissləri yaşadı?
Yazıçı Şərif Ağayar hisslərini belə ifadə etdi:


“Doğrusu, ikinci Qarabağ savaşı başlayandan Laçının və Kəlbəcərin alınacağına heç inanmırdım. Düşünürdüm ki, ordumuz oraya gedib çıxana qədər Rusiya aranı qatacaq. Əsgərlərimiz düşmənin dizini yerə gətirdikdən sonra dekabrın 1-nə kimi yenə səksəkədə idim, yenə düşünürdüm ki, nəsə ola bilər. Dekabrın 1-də Laçından gələn xəbərlərdən sonra çox qarmaqarışıq, möhtəşəm hisslər yaşadım. Gah sevindiyimdən ağlayır, gah gülürdüm. Bir də, gözümün önünə nənəmgilin həyəti gəlirdi. Nə vaxtdır yadıma salmadığım, artıq xəyallarından belə vaz keçdiyim həyətimizdə oynayacağımı xəyal etməyə başladım. Laçından çıxanda 9 yaşım var idi. Mənə elə gəlir ki, oraya qayıtsam, yenə uşaq olacağam. Yenə nənəmgilin xırmanında alban qəbirlərinin ətrafında xalalarımla (aramızda yaş fərqi çox azdır), bacımla gizlən-qaç oynayacağam. Yenə nənəmin bişirdiyi yuxadan isti-isti götürüb gizlincə Alabaşa, toyuq-cücəyə atacağam. Qısacası, kəndimizi xəyal edəndə çox xoşbəxt bir uşağın çöhrəsi gəlir gözlərimin önünə. O, mənəm. Uşaqlığımı mənə qaytaran qəhrəman qazilərimizə təşəkkür edir, şəhidlərimizin ruu qarşısında baş əyirəm”.
Ülviyyə Şahin