Logo
news content
User
Kateqoriyalar

Analitika

Kremlin daxilində Putinə qarşı narazılıq artır – Elitalar “fəlakət hissi”ndən danışır
Rusiyadan qaçan bankir: “Hamı onun ölümünü gözləyir”

Ukraynaya qarşı müharibənin uzanması, iqtisadi problemlərin artması və internet məhdudiyyətləri səbəbindən Rusiyanın ali hakimiyyət dairələrində Vladimir Putindən narazılıq güclənir. Bu barədə “Guardian”a Kremlə yaxın mənbələr və Avropa kəşfiyyatının əməkdaşları məlumat veriblər.

Bu il elitanın əhval-ruhiyyəsi açıq şəkildə dəyişib və Putinə qarşı dərin məyusluq müşahidə olunur. Yaxınlaşan fəlakət hissi artır. Getdikcə daha çox insan anlayır ki, tamamilə mənasız və dağıdıcı qərarlar qəbul olunmaqda davam edir. Əvvəllər Putini müdafiə edənlər artıq bunu etmirlər. Gələcək hissi itib”, – deyə nüfuzlu biznesmenlərdən biri bildirib.

Mənbənin sözlərinə görə, Rusiya lideri müharibəni dayandırmaq niyyətində deyil. O, ilin sonuna qədər Donbası tam ələ keçirə biləcəyinə inanır. “Putin Donbası almaq niyyəti ilə yaşayır və bunu əldə etmədən dayanmayacaq”, – nəşrin həmsöhbətlərindən biri bildirib.

Eyni zamanda, onun ətrafındakı şəxslər xəbərdarlıq ediblər ki, əgər Rusiya Donbas istiqamətində Ukraynanın müqavimətini qıra bilsə, Putin daha da irəli gedərək 2022-ci ildə ilhaq edilmiş Zaporojye və Xerson vilayətlərinin qalan hissələrini də ələ keçirməyə çalışacaq. “O, uzunmüddətli strateq deyil. Onun iştahı yemək vaxtı artır”, – mənbələrdən biri deyib.

Kremldəki müzakirələrdən xəbərdar olan başqa bir mənbə isə bildirib ki, Putinə cəbhədə baş verənlərlə bağlı təhrif olunmuş məlumatlar təqdim edilir. Halbuki, Pentaqonun məlumatına görə, Rusiya ordusu artıq tutduğu əraziləri itirməyə başlayıb.

Əlbəttə ki, məmurlar və hərbçilər prezidentə rəngarəng mənzərə təqdim edirlər. Ona yalan danışırlar. Putinin qurduğu sistem belə işləyir”, – o izah edib.

Avropa kəşfiyyatı da bunu təsdiqləyir, lakin orada Putinin döyüş meydanındakı problemlərdən nə dərəcədə real məlumatlı olduğunu bilmədiklərini qeyd edirlər.

İnflyasiyanın artması, vergilərin yüksəldilməsi və biznesə təzyiqlərin güclənməsi fonunda da elitalar arasında əsəbilik artır. “Rusaqro” aqrar holdinqinin yaradıcısı, milyarder Vadim Moşkoviçin həbsi xüsusi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Biznesmenlərdən birinin sözlərinə görə, oliqarxların çoxunun “daxildə dəhşət hissi keçirmələrinə” baxmayaraq, onlar baş verənlərə açıq etiraz etməkdən çəkinirlər. 

Müharibəni pisləyərək ölkəni tərk etmiş bankir Oleq Tinkov deyib ki, biznes elita “rus ruleti” oynayır: “Onlar ümid edirlər ki, özləri xilas olacaqlar, zərbə isə qonşularına dəyəcək. Ona qarşı kim çıxacaq? Hamı sadəcə onun ölümünü gözləyir”.

Avropa kəşfiyyatının yüksək vəzifəli əməkdaşlarından biri bildirib ki, Rusiya hakimiyyətinin yuxarı eşelonunda olan şəxslər hazırda həm cəbhədə, həm də iqtisadiyyatda yaranmış problemlərin “dərk edilməsi mərhələsindədirlər”, lakin onların bu problemlərin aradan qaldırılması ilə bağlı konkret planları yoxdur.

Elitalar daxilində ayrıca narazılıq doğuran məsələlərdən biri də internetin genişmiqyaslı bloklanması və bu tədbirləri təşviq edən Federal Təhlükəsizlik Xidmətinin (FSB) təsirinin güclənməsidir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Kremlin siyasi blokunun nümayəndələri, o cümlədən Dmitri Peskov və Sergey Kiriyenko Putini məhdudiyyətləri yumşaltmağa inandırmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Kremlə yaxın mənbələrdən biri bildirib ki, müharibə davam etdiyi müddətdə Putin təhlükəsizlik xidmətlərinə üstünlük verəcək. Başqa bir mənbə isə qeyd edib: “Yemək masası arxasında hamı internetdən danışır. Hazırda biz bu baxımdan demək olar, Şimali Koreya səviyyəsindəyik”.

Bundan əlavə, məlum olub ki, Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya “Oreşnik”lə zərbəsini pisləyib və uzun fasilədən sonra dərhal Aleksandr Lukaşenkoya zəng edib.

AFP-nin Fransa prezidentinə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, telefon danışığı zamanı Makron Lukaşenkodan Ukraynadakı müharibəyə qarışmamağı “xahiş edib”.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Fransa lideri faktiki olaraq Belarus rəhbərinə hədələyici mesaj verib: “Makron Belarusun Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibəyə qoşulacağı təqdirdə bunun ölkə üçün yaradacağı riskləri vurğulayıb”. 

Beləliklə, Putin bir tərəfdən ətrafındakı bir çox şəxslərin dəstəyini itirir, digər tərəfdən isə onun arxasında “FSB” dayanır və belə görünür ki, heç bir narazılıq onu Ukrayna ilə heç olmasa müvəqqəti atəşkəsə getməyə məcbur edəcək səviyyədə deyil. Üstəlik, Putinin öz planlarını yüngülləşdirmək üçün Lukaşenkonu da müharibəyə cəlb etməyə çalışdığı barədə söz-söhbət dolaşır və Makron da Belarus liderini məhz bu addımdan çəkindirməyə çalışıb.

Müharibənin bundan sonrakı gedişi necə görünür? Belarus müharibəyə qoşula bilərmi? Bu, Ukrayna üçün hansı nəticələrə gətirib çıxara bilər?

Pressklub.az-ın suallarını rusiyalı siyasi analitik, “After Empire” portalının baş redaktoru Olqa Kurnosova cavablandırıb.

Onun sözlərinə görə, Rusiyanın cəbhədə irəliləməsini kifayət qədər çətinləşdirən müəyyən problemlər yaranıb.

Bu, iqtisadi çətinliklərlə bağlıdır: iqtisadiyyat eniş dövrünə daxil olub, əhalinin rifah səviyyəsi aşağı düşür. Eyni zamanda, cəbhəyə cəlb edilə biləcək insanların sayı da azalır. Putinin müharibəni davam etdirmək imkanlarını məhdudlaşdıran xeyli sayda problemlər mövcuddur. Təsadüfi deyil ki, Putin Pekinə səfəri zamanı Çindən bu məsələdə maksimum dəstək istəyib. Bütün bu amilləri nəzərə alsaq, müharibənin dayandırılması ehtimalı artır.

Hazırda Rusiyada müharibəyə münasibət o qədər pisdir ki, əhali onun istənilən şərtlərlə başa çatmasına sevinəcək. İnsanlar sonsuz dərəcədə yorulublar və müharibənin bitməsini istəyirlər. Buna görə də faktiki olaraq istənilən nəticəni qələbə kimi təqdim etmək olar. Bu baxımdan müharibənin dayandırılması problemi yoxdur, amma Putinin şəxsi problemi qalır. O, özü üçün hansısa “bonus” əldə etməlidir və hələlik bunun nə olacağı, həmçinin siyasi elitanın onu müharibəni dayandırmağa məcbur etmək üçün kifayət qədər gücə malik olub-olmayacağı sual altındadır”, – ekspert bildirib.

Lukaşenko məsələsinə gəlincə, o hesab edir ki, Belarus lideri münaqişəyə cəlb olunmaq cəhdlərinə qarşı durmaq üçün kifayət qədər hiyləgərdir.

Son dörd ildən artıq müddətdə necə olmuşdusa, bundan sonra da eyni şəkildə davam edəcək: o, sözdə hər şeyi dəstəkləyəcək və bəyənəcək, amma çətin ki, müharibəyə daha dərindən qoşulsun. Buna görə də hazırda mövcud təmas xətti üzrə atəşkəs ehtimalı əvvəlkindən bir qədər yüksək görünür. Bu baxımdan ehtiyatlı optimizm üçün müəyyən əsas var”, – Olqa Kurnosova qeyd edib.

Rauf Orucov