Koronavirusa yoluxmada yeni dalğa başlayıb
23 Oktyabr 2020
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı son günlər ciddi şəkildə yüksəlib. Oktyabrın 22-də 825 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər vəfat edib. Bu gün - oktyabrın 23-də isə 803 yoluxma qeydə alınıb və 8 nəfərin vəfat etdiyi açıqlanıb.
Artımın səbəbləri nədir? Qarşıdakı günlərdə də bu tendensiya davam edəcəkmi?
İnfeksionist Vüqar Cavadzadə hesab edir ki, yoluxmaların sayı artacaq:

İnfeksionistin fikrincə, yoluxanların sayında artım ehtimalı gözlənilir:
“Koronavirusa yoluxmanın sayı artmağa doğru getdikcə, sərtləşmələrin də tətbiq ediləcəyi qaçılmazdır. Çünki bu, qlobal pandemiyadır. Bunun çox ağır nəticələri ola bilər”.
V.Cavadzadənin sözlərinə görə, yoluxanların sayının artması əlavə bir çox problemlər yarada bilər:
“Bu, bir tərəfdən xəstəxanalarda çarpayıların sayının azalmasına, tibb işçilərinin əməyinin bu istiqamətə daha çox yönəlməsinə səbəb ola bilər. Nəzərə alsaq ki, ölkədə müharibə gedir, yaralananlar var, onların yerləşdirilməsi üçün də xəstəxanalar, çarpayılar, tibbi personal lazımdır. Koronavirusa yoluxanların sayının artması tibbi personalın iki istiqamətə parçalanmasına və onların əmək qabiliyyətinin getdikcə aşağı düşməsinə səbəb ola bilər. İnsanlar da başa düşməlidirlər ki, tibbi-profilaktik qaydalara əməl etməklə, onlar da ölkəmizə, ordumuza kömək etmiş olurlar. Allah eləməsin, bu xəstəlik ordunun içərilərinə yayılsa, böyük bir fəlakətə, döyüş qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər. Ona görə də, hər bir insan bunu başa düşməli və profilaktik tədbirlərə riayət etməlidir. Burada çətin tədbirlər yoxdur ki… Sadəcə, maska və əlcəkdən, dezinfeksiya məhsullarından istifadə etmək lazımdır. Son günlər ictimai nəqliyyatda da müşahidə edirəm ki, ümumiyyətlə, maskadan istifadə edənlər yoxdur”.
Pulmonoloq İbrahim Əsədli “Press Klub”a açıqlamasında vəziyyətin həqiqətən pis olduğunu vurğuladı:

Həkim hesab edir ki, bütün bunlara baxmayaraq, yoluxmalar yenə də olacaq:
“Birinci məqamda kimlər yoluxmayıbsa, bu dəfə onlar da yoluxacaq. Bu xəstəlik özünü çox qəribə aparır. Mövsumi qriplər olanda hamı keçirir və keçib gedirdi. Amma bu xəstəlik qəribədir. Xəstəliyin dəqiq vəziyyətini deyə bilmərəm, çünki özümün şəxsi laboratoriyam yoxdur, rəsmi rəqəmlərə də inanmıram. Bu, çox ciddi xəstəlikdir, davam edəcək. Hələ ki süni idarə olunur. Mövsümi respirator xəstəliklərlə birgə yoluxma sayları daha da artacaq. Çünki COVİD-19 özü də bir qripdir”.
Ülviyyə Şahin