Logo
news content
User
Kateqoriyalar

Analitika

Kim kimi yordu: İran nə qədər davam gətirə bilər?
ABŞ-İsrail alyansı 6 gündə məqsədinə yaxınlaşıb, amma...

İrana qarşı ABŞ-İsrail hərbi alyansının 6 gündür davam edən hücumu əsasən iki istiqamət üzrə həyata keçirilir: aviasiya zərbələri və dənizdən raket-dron hücumları.

Əsas zərbə istiqamətləri İran Silahlı Qüvvələrinin hücum potensialını darmadağın etməkdir. Həm İranın ballistik raket ehtiyatları, buraxılış qurğuları, dronları, HHM vasitələri, hərbi donanması sıradan çıxarılır, həm də idarəetmə, kəşfiyyat mərkəzləri hədəfə alınır. Məqsəd İranı cavab zərbələrindən məhrum etmək və ümumiyyətlə, hərbi qüdrətini sıfırlamaqdır. Bunu ABŞ və İsrail hərbi-siyasi rəhbərləri açıq şəkildə bəyan edirlər. 

Bəs 6 gün ərzində müttəfiqlər bu hədəfə nə dərəcədə nail olublar? ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib ki, İranın həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə zərbələrin intensivliyi son günlər kəskin şəkildə azalıb. Onun sözlərinə görə, raket zərbələri 86%, dron hücumları isə 73% aşağı düşüb.

Məlumata görə, müharibənin ilk günündə İranın endirdiyi zərbələrin sayı kifayət qədər yüksək olub. Müqayisə üçün qeyd edilir ki, Rusiya Ukraynaya yanvar ayında ümumilikdə 160 raket atdığı halda, İran yalnız 28 fevral tarixində 350 raket buraxıb. Beləliklə, İranın bir gün ərzində həyata keçirdiyi raket hücumlarının sayı Rusiyanın bir ayda istifadə etdiyi raketlərin sayından iki dəfədən çox artıq olub.

İlk günlərdə bu cür yüksək intensivlik xüsusilə Yaxın Şərq regionunda və ərəb ölkələrində ciddi şok effekti yaradıb. Lakin qısa müddət ərzində ABŞ və müttəfiqlərinin İranın hərbi infrastrukturuna endirdiyi ardıcıl və intensiv zərbələr nəticəsində Tehranın zərbə potensialının sürətlə azalmağa başladığı bildirilir.

Açıqlanan statistikaya görə, İranın raket hücumlarının dinamikası belə dəyişib:

28 fevral: 350 raket

1 mart: 175 raket

2 mart: 120 raket

3 mart: 40 raket. 

Buraxılan PUA-ların sayına gəldikdə, eyni dinamika burada da izlənilir. Birinci gün 541, ikinci gün 294, üçüncü gün 200 daha sonrakı günlərdə 85 və 45 dron olmaqla kəskin azalıb. 

Bu rəqəmlər göstərir ki, 28 fevral ilə 3 mart tarixləri müqayisə edildikdə, İranın raket və dron zərbələrinin intensivliyi həqiqətən də təxminən 86% azalıb.

Amma bu, bütövlükdə İranın hərbi potensialının məhv edildiyi anlamına gəlmir. Münaqişənin bir tərəfində böyük insan resurslarına və geniş raket arsenalına malik İran, digər tərəfində isə yüksək texnologiyalı və modernləşdirilmiş ordusu ilə tanınan İsrail və dünyanın qlobal hərbi-siyasi gücü ABŞ dayanır.

Məlumdur ki, ABŞ iki ay ərzində regionda böyük sayda donanma, aviasiya, raketlər gətirib və onlardan İrana qarşı istifadə edir. 

“Stokholm” Beynəlxalq Sülh İnstitutunun müharibə öncəsi yaydığı statistikaya görə, İran ordusu say baxımından regionun ən böyük hərbi qüvvələrindən biri hesab olunur.

İran Silahlı Qüvvələrində təxminən 610 min aktiv hərbi qulluqçu xidmət edir. Bundan əlavə, ölkənin 350 minə yaxın ehtiyat qüvvəsi və yarımhərbi strukturlar, o cümlədən “Bəsic” təşkilatı vasitəsilə 500 minə qədər əlavə səfərbərlik potensialı mövcuddur. Bu isə o deməkdir ki, İran 1 milyona yaxın insan resursunu hərbi əməliyyatlara cəlb edə bilər.

İsrail ordusu isə say baxımından daha kiçikdir. Ölkədə 170 min aktiv hərbçi xidmət edir. Lakin İsrailin əsas üstünlüyü ehtiyat sisteminin yüksək effektivliyidir. Müharibə vəziyyətində 450 mindən çox ehtiyat hərbçi qısa müddətdə səfərbər oluna bilər.

Quru qoşunları və tank parkı

Quru qoşunlarının texniki imkanlarına baxdıqda İran yenə də say üstünlüyünə malikdir. Ekspertlərin hesablamalarına görə, İran ordusunun arsenalında 1600–2000 tank, 6000-dən çox zirehli texnika və 2000-dən artıq artilleriya sistemi var.

İsrail isə say baxımından geri qalsa da, texnoloji üstünlüyə malikdir. İsrail ordusunun əsas tankı sayılan “Merkava Mk4” müasir döyüş sistemləri ilə təchiz olunub. Ümumilikdə ölkənin arsenalında təxminən 1300 tank və 6500-dən çox zirehli texnika mövcuddur.

Hərbi hava qüvvələri: İsrailin əsas üstünlüyü

Hava qüvvələri sahəsində isə balans açıq şəkildə İsrailin xeyrinə dəyişir. İranın hərbi aviasiya parkında 500-ə yaxın təyyarə var. Onlardan təxminən 180–200-ü döyüş təyyarələridir. Bu parkın əsas hissəsini sovet və ABŞ istehsalı olan köhnə platformalar təşkil edir. İranın arsenalında MiQ-29, Su-24, F-4 və F-14 kimi təyyarələr mövcuddur.

İsrail isə Yaxın Şərqin ən modern hava qüvvələrindən birinə sahibdir. Ölkənin arsenalında 600-dən çox hərbi təyyarə, o cümlədən 340 döyüş təyyarəsi var. İsrailin əsas üstünlüyü isə ABŞ istehsalı olan ən müasir platformalardır. Bunlara F-35I, F-15I və F-16I qırıcıları daxildir.

Ballistik raketlər: İranın strateji silahı

İranın ən ciddi hərbi üstünlüklərindən biri onun geniş ballistik raket arsenalıdır. Ekspertlərin qiymətləndirməsinə görə, ölkənin arsenalında 3000-ə yaxın ballistik raket mövcuddur. Bu raketlərin uçuş məsafəsi 300 kilometrlə 2000 kilometr arasında dəyişir. Əsas sistemlərə “Shahab”, Seccil”, “Qədir “və “Fateh” raketləri daxildir.

İsrail də ballistik raket texnologiyasına malikdir. Ölkənin arsenalında “Jericho II” və “Jericho III” raketləri mövcuddur. Bu raketlərin uçuş məsafəsinin 1500 kilometrlə 6500 kilometr arasında olduğu ehtimal edilir.

Hərbi dəniz qüvvələri

İranın hərbi strategiyası əsasən Hörmüz boğazına nəzarət və sürətli kater hücumları üzərində qurulub. Ölkənin donanmasında 20-dən çox sualtı qayıq və 100-dən artıq patrul və raket gəmisi mövcuddur. Birləşmiş Ştatlar Hərbi Komandanlığının məlumatına görə, müharibənin ilk 3 günü ərzində İranın 20-dək döyüş gəmisi məhv edilib. 

İsrailin donanması isə daha kompakt, lakin texnoloji baxımdan inkişaf edib. İsrail donanmasında 5–6 sualtı qayıq və təxminən 50 hərbi gəmi var. Bu sualtı qayıqların əsas hissəsini Almaniya istehsalı olan “Dolphin” tipli platformalar təşkil edir.

ABŞ faktoru: regiondakı ən böyük hərbi güc

Münaqişədə balansı dəyişdirə biləcək əsas faktor isə ABŞ-nin regionda yerləşdirdiyi qüvvələr hesab olunur. ABŞ Mərkəzi Komandanlığının – CENTCOM-un nəzarət zonasında müxtəlif dövrlərdə 40–60 minə yaxın ABŞ hərbçisi yerləşdirilir. Bu qüvvələrə hava, dəniz və quru komponentləri daxildir.

ABŞ regionda müasir qırıcı təyyarələr, strateji bombardmançılar və aviadaşıyıcı zərbə qrupları yerləşdirir. Bu qrupların tərkibində onlarla döyüş təyyarəsi, raket kreyserləri və sualtı qayıqlar fəaliyyət göstərir. Bundan əlavə, ABŞ bölgədə “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri yerləşdirərək, müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə çalışır.

Hərbi ekspertlərin fikrincə, İran və İsrail arasında mümkün genişmiqyaslı müharibədə tərəflərin üstünlükləri fərqli sahələrdə cəmlənir. İran əsasən insan resursu və raket arsenalına, İsrail isə yüksək texnologiyalı silah sistemlərinə və güclü hava qüvvələrinə arxalanır.

Lakin regionda ABŞ qüvvələrinin apardığı genişmiqyaslı əməliyyatlar bu balansı ciddi şəkildə dəyişdirir və İran hərbi gücünün qısa müddət ərzində zəiflədilməsi buna misal ola bilər.

Turqut