Logo
news content
User
Kateqoriyalar

Analitika

İsrailin "soyqırımı" gedişi
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı

İsrailin Benyamin Netanyahu rəhbərliyindəki 37-ci hökumətinin 1915-ci il hadisələrini rəsmən qondarma "erməni soyqırımı" kimi tanımaq istəyi beynəlxalq münasibətlər sistemində və Yaxın Şərq-Qafqaz geosiyasi xəttində rezonans effekti yaradıb. Onilliklər boyu Ankaranın strateji tərəfdaşlığına önəm verən və yəhudi Holokostunun "unikallığını" qorumağa çalışan Təl-Əvivin bu kəskin dönüşü regionda kartların yenidən paylanmasından xəbər verir.

Bəs, Təl-Əviv bu gedişi niyə məhz indi etdi? Qərarın pərdəarxasında hansı amillər dayanır və bu gərginlik Azərbaycan-İsrail münasibətlərinə necə təsir edəcək? 

Bu qərarın ortaya çıxma motivi nə erməni xalqına olan səmimi "şəfqət", nə də tarixi ədaləti bərpa etmək istəyidir. Baş verənlər xalis siyasi eqoizmdən və cari geosiyasi maraqlardan qaynaqlanan manipulyasiyadır. Rəsmi Təl-Əviv uzun müddətdir küncə sıxışdığı beynəlxalq arenada Ankaranın ona qarşı apardığı sərt iqtisadi və siyasi blokadaya cavab axtarırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail rəhbərliyinə qarşı kəskin ritorikası və ticarət əlaqələrini tamamilə dayandırması Netanyahu hökumətinin səbrini daşıran son damla olmuşdu.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, bu addımın niyə indiyə qədərki kabinetlər deyil, məhz Netanyahunun rəhbərlik etdiyi 37-ci hökumət tərəfindən verilməsi təsadüfi deyil və burada hər hansı bir səmimiyyətdən söhbət gedə bilməz: "Buradakı əsas müsbət nəticə odur ki, İsrail də daxil olmaqla, siyasətçilər bu cür siyasi ifşaları yalnız özlərinə sərf edən zaman edirlər. Bu addımlar, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, faciə qurbanlarına qarşı hansısa şəfqət hissindən deyil, xalis siyasi eqoizmdən irəli gəlir. Erməni xalqının tarixinin ən faciəvi səhifələrindən birini növbəti dəfə sinik şəkildə 'xırda pul' kimi dövriyyəyə buraxırlar".

Hadisələri sürətləndirən əsas "tətikləyici" faktor isə Vaşinqtondan gələn son bəyanat olub. Diplomatın fikrincə, Netanyahunu bu addımı atmağa sövq edən əsas amil ABŞ-dən gələn son hərbi bəyanatdır: "Netanyahunun xoşuna gəlmir ki, bu qərardan cəmi bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Türkiyəyə 'F-35' qırıcı təyyarələrinin tədarükünə hazır olduğunu elan edib". Ankara və Vaşinqtonun hərbi-strateji müstəvidə yenidən yaxınlaşma ehtimalı qarşısında Netanyahu hökuməti dərhal "erməni kartını" masaya atıb.

İsrail Xarici İşlər Nazirliyinin irəli sürdüyü və Nazirlər Kabinetinin yekdilliklə qəbul etdiyi bu qərarın hüquqi tərəfində mühüm bir diplomatik incəlik var. Qətnamə hələlik yalnız icraedici hakimiyyət  səviyyəsində bəyənilib. Onun tam hüquqi qüvvəyə minməsi üçün sənəd İsrail parlamentində - Knessetdə ratifikasiya olunmalıdır. Bu isə o deməkdir ki, Netanyahu qərarı tam qüvvəyə mindirməyərək, Ankara ilə gələcək mümkün sövdələşmələrdə prosesi uzatmaq və bir təzyiq rıçaqı kimi istifadə etmək üçün zaman qazanır.

Digər paradoksal məqam isə Ermənistanın daxili və xarici siyasəti ilə bağlıdır. Təl-Əviv bu gedişi Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə sərhədlərin açılmasına, regionda kommunikasiyaların bərpasına və Ankara ilə münasibətlərin normallaşmasına can atdığı bir vaxtda edir. 

Tofiq Zülfüqarov bu məqama diqqət çəkərək bildirir: "Ermənistan üçün qonşuları ilə sülh bir inkişaf şansıdırsa, İsrailin 37-ci hökuməti hesab edir ki, bu, belə olmamalıdır. Regionda sülh və regional inteqrasiya Ermənistanın yeganə inkişaf şansıdırsa, İsrailin addımı dolayısı ilə Paşinyanın regional sülh strategiyasına da vurulan ağır zərbədir.

Azərbaycan xarici siyasətdə hər zaman tarixi faktların siyasiləşdirilməsinə və qardaş Türkiyəyə qarşı şantaj aləti kimi istifadə edilməsinə qətiyyətlə qarşı çıxıb. Türkiyənin milli təhlükəsizliyi və maraqları Bakı üçün xarici siyasətdə ən ali "qırmızı xətt"dir.

İsrailin bu anti-türk addımı Bakı ilə Təl-Əviv arasındakı strateji və hərbi-texniki tərəfdaşlığı tam bəsit formada baltalamasa da, münasibətlərə ciddi şəkildə kölgə salır və rəsmi Bakını öz gedişlərini etməyə vadar edir”. 

Sabiq xarici işlər naziri hesab edir ki, İsrail hökumətinin bu siyasəti fonunda rəsmi Bakı regional balansları qorumaq üçün yaranan şəraiti öz xeyrinə dəyərləndirməlidir: "Hesab edirəm ki, İranın siyasi elitasında Azərbaycana yönəlik rəğbətin (pro-Azərbaycan simpatiyalarının) artmasını da nəzərə alsaq, bu hadisə bizim üçün Netanyahu hökumətindən məsafə saxlamaq adına yaxşı bir bəhanədir. Bir sözlə, hər şey həmişəki kimidir - hamı özünə sərf edən addımları atacaq. Azərbaycan və İsrail arasında enerji və müdafiə sənayesi sahəsində dərin əlaqələr mövcuddur. Lakin Təl-Əvivin bu addımı göstərir ki, konyunktur maraqlar yarananda Netanyahu hökuməti müttəfiqlərinin həssaslıqlarını asanlıqla gözardı edə bilir. Bu isə Bakıda ciddi etimad böhranı doğurur".

Regionda formalaşan yeni geosiyasi konfiqurasiya, xüsusilə son dövrlər İran elitasında Azərbaycana qarşı müsbət tonun artması fonunda, Bakının Təl-Əvivin regional sabitliyi pozan bu qərəzli siyasətinə qarşı prinsipial mövqe nümayiş etdirməsi və Netanyahu kabinetindən müəyyən qədər uzaqlaşması daxili və regional müstəvidə Azərbaycanın əlini gücləndirə bilər.

Dünya siyasətində qaydalar dəyişmir. İsrailin bu qərarı erməni təəssübkeşliyindən deyil, Türkiyəyə yönəlmiş qərəzli bir manevrdir. Lakin Təl-Əviv unudur ki, bu cür həssas mövzulardan alət kimi istifadə etmək, onun regiondakı ən etibarlı tərəfdaşı olan Azərbaycanla da münasibətlərində soyuqluq yaradacaq. Sabiq nazir Tofiq Zülfüqarovun da vurğuladığı kimi, hamının yalnız öz maraqlarını güddüyü bu geosiyasi mənzərədə Azərbaycan da öz milli və qardaşlıq maraqlarını ön planda tutaraq, praqmatik və ehtiyatlı distansiya siyasətinə üstünlük verməlidir.

Turqut