Logo
news content
User
Kateqoriyalar

Analitika

İranda məhdud əməliyyatlar dünyanı xaosa sürükləyə bilərmi?
Pentaqonun planı regionu “qan çanağına” çevirmək təhlükəsi daşıyır

Pentaqon İranda ən azı bir neçə həftə davam edəcək quru əməliyyatı planı hazırlayır. Bu barədə The Washington Post amerikalı rəsmilərə istinadən məlumat yayıb. Onların sözlərinə görə, söhbət genişmiqyaslı müdaxilədən deyil, xüsusi təyinatlı qüvvələrin və piyada bölmələrinin xüsusi – reydlərindən gedir. 

Rəsmilər bildiriblər ki, İranda quru əməliyyatı məsələsi Ağ Evdə son bir ay ərzində müzakirə olunur. Əsas ssenari İslam Respublikasının neft ixracının 90%-nin keçdiyi Xark adasının ələ keçirilməsi olub. Həmçinin Hörmüz boğazının sahilyanı ərazilərində ticarət və hərbi gəmiləri vurmaq qabiliyyətinə malik silahların aşkarlanması və məhv edilməsi məqsədilə reydlər də nəzərdən keçirilib. Bununla ABŞ İranın dünya neft daşımalarının 20%-ni təmin edən bu dəniz dəhlizini bağlamasının qarşısını ala bilərdi.

Rəsmilərdən biri bildirib ki, bu məqsədlərə çatmaq üçün “həftələr” tələb olunacaq, digəri isə mümkün müddəti “bir neçə ay” kimi qiymətləndirib. Bununla belə, ABŞ prezidenti Donald Tramp hələlik Pentaqona “yaşıl işıq” yandırmayıb. Nəşr qeyd edir ki, istənilən quru əməliyyatı şəxsi heyət üçün geniş risk spektri ilə müşayiət olunur – İranın pilotsuz aparatları, raketləri, yerüstü atəş və improvizə olunmuş partlayıcı qurğular kimi təhlükələr mövcuddur. Qeyd edək ki, daha əvvəl Tramp İranın enerji obyektlərinə zərbələri 6 aprelədək təxirə salmış və danışıqların “çox uğurlu” getdiyini bildirmişdi. Martın 20-də isə o, “qoşun göndərməyəcəyini” demişdi.

Eyni zamanda, Ağ Evdən gələn açıqlamalar ziddiyyətlidir. ABŞ-ın dövlət katibi Marko Rubio 27 martda bildirib ki, İranda müharibə “uzun sürməyəcək” və amerikalılar “quru qoşunları olmadan bütün məqsədlərə nail ola bilərlər”. Ağ Evin mətbuat katibi Karoline Livitt isə xəbərdarlıq edib ki, əgər Tehran nüvə ambisiyalarından imtina etməsə və ABŞ-a, eləcə də müttəfiqlərinə qarşı təhdidləri dayandırmasa, prezident “onların üzərinə cəhənnəm yağdıracaq”. Bununla yanaşı, o vurğulayıb ki, Pentaqonun vəzifəsi bütün mümkün ssenarilərə hazır olmaq və “ali baş komandana maksimum hərəkət azadlığı təmin etməkdir”, bu isə yekun qərarın qəbul edildiyi anlamına gəlmir.

ABŞ-ın artıq İranda quru əməliyyatı planlaşdırdığı və onu “yaxın vaxtlarda” başlada biləcəyi barədə martın 25-də The Wall Street Journal-ın Konqresdəki mənbələri məlumat vermişdi. Axios mənbələri də qeyd ediblər ki, Pentaqon quru qoşunlarının istifadəsi və genişmiqyaslı bombardman kampaniyasını əhatə edəcək “son, sarsıdıcı zərbə”yə hazırlaşır. Onların məlumatına görə, Xarkın ələ keçirilməsi ilə yanaşı, Trampa Hörmüz boğazının girişində yerləşən Larak və Əbu-Musa adalarına da qoşun çıxarmaq təklif olunub.

Martın 25-də 3500 dənizçi və dəniz piyadası ilə USS Tripoli gəmisinin ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olduğu bildirilib. Daha əvvəl regiona 82-ci hava-desant diviziyasının təxminən 4000 hərbçisi ilə USS Boxer, USS Portland və USS Comstock gəmilərindən ibarət qrup göndərilmişdi. Yaxın zamanda onlara USS New Orleans kreyseri, daha sonra isə Yaponiyada yerləşən USS Rushmore qoşulacaq. Hazırda ABŞ-ın Yaxın Şərqdəki hərbi kontingenti 50 min nəfər təşkil edir.

İran amerikalıların quru əməliyyatına başlayacağı təqdirdə Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib. Bu, Süveyş kanalına aparan cənub “qapısı”dır və buradan dünya dəniz ticarətinin 12%-ə qədəri, konteyner daşımalarının isə təxminən 30%-i keçir.

Beləliklə, məlumatlar müxtəlifdir, lakin əksər açıqlamalar və bəyanatlar onu göstərir ki, müharibə davam edəcək və İranla ABŞ arasında quru toqquşmalarından yayınmaq çətin olacaq. Bu cür ssenari nəyə gətirib çıxara bilər? Bu, İranda müxtəlif qüvvələr arasında uzunmüddətli vətəndaş müharibəsinə səbəb ola bilərmi? Bəs region ölkələrinin bu prosesə cəlb olunması nə dərəcədə realdır?

Pressklub.az-ın suallarını tanınmış gürcü politoloq, Yaxın Şərq üzrə ekspert Vasiliy Papava cavablandırıb.

Onun fikrincə, Pentaqonun İranda Xark adasında strateji obyektin ələ keçirilməsinə və ya Hörmüz boğazı zonasına reydlərə yönəlmiş məhdud quru əməliyyatı hazırlaması eskalasiya baxımından ciddi risklər daşıyır.

Əsas tədqiqat mərkəzlərinin analitikləri qeyd edirlər ki, hazırda uzaq məsafədən zərbələrə üstünlük verilsə də, Tehranın zəifləməsi artıq ölkədaxili parçalanma proseslərini işə salır. ABŞ quru qoşunlarının müharibəyə birbaşa cəlb olunması xüsusi təyinatlıların lokal əməliyyatlarını uzunmüddətli münaqişəyə çevirə bilər. Bu da sürətlə İran ərazisində genişmiqyaslı qarşıdurmaya transformasiya olunacaq.

Ekspertlər vurğulayırlar ki, 90 milyondan çox əhalisi və mürəkkəb dağlıq relyefi olan İran böyük müqavimət resursuna malikdir. Asimmetrik mübarizə üsullarının – pilotsuz aparatların istifadəsindən tutmuş partizan taktikalarına qədər – tətbiqi istənilən quru əməliyyatını son dərəcə baha və çətin edir. ABŞ rəsmilərinin daxili qiymətləndirmələri də bunu təsdiqləyir: hətta minimal məqsədlərin icrası belə bir neçə həftədən bir neçə aya qədər vaxt tələb edə bilər və bu, regionu qaçılmaz şəkildə uzunmüddətli qarşıdurma girdabına sürükləyəcək.

RAND və Brookings analitikləri hərbi risklərlə paralel olaraq, İran hakimiyyət sisteminin mümkün destabilizasiyası ssenarilərini də nəzərdən keçirirlər. Onların fikrincə, rejimin ani süqutu ehtimalı azdır, çünki İslam İnqilabı Keşikçiləri Korpusu ətrafında sərt konsolidasiya mövcuddur. Bu struktur güc bloklarına tam nəzarəti saxlayır və daxili çağırışları effektiv şəkildə boğur. İranın dayanıqlığının əsas amillərindən biri də hakimiyyətin arxitekturasıdır – o, cəmiyyətin bütün qatlarına nüfuz edən geniş məscid və dini icmalar şəbəkəsinə söykənir. Bu isə o deməkdir ki, sistem konkret şəxslərə bağlı deyil və onların aradan götürülməsi ilə çökmür. Belə şəbəkə modeli İranı nöqtəvi zərbələr qarşısında klassik diktaturalarla müqayisədə daha davamlı edir”, – ekspert qeyd edib.

Lakin o da etiraf edir ki, uzunmüddətli xarici təzyiq, xüsusilə münaqişə quru fazaya keçərsə, resurslar uğrunda daxili rəqabəti daha da kəskinləşdirə bilər. “Söhbət ideoloji yönümlü İslam İnqilabı Keşikçiləri Korpusu ilə müntəzəm ordu (Arteş) arasında sistemli gərginlikdən gedir. Döyüş şəraitində təminat və tibbi dəstək məsələlərində prioritetlər üzərində ziddiyyətlər müşahidə olunur. Bununla belə, ekspertlər qeyd edir ki, ideoloji baza yerli səviyyədə möhkəm qaldıqca, hətta ali rəhbərlikdə ciddi itkilər belə dövlətin avtomatik dağılmasına gətirib çıxarmır.

Washington Institute analitikləri bildirirlər ki, uzunmüddətli döyüşlər fonunda ölkənin parçalanması ssenarisi mümkündür. Bu isə İraq və ya Liviyadakı müdaxilələrin nəticələrini belə üstələyən xaosa səbəb ola bilər. Mərkəzi hakimiyyət ciddi zəiflədiyi halda, sərhəd bölgələrində bəluc kimi etnik qrupların fəallaşması mümkündür ki, bu da İranı uzun illər davam edən daxili münaqişə zonasına çevirə bilər. Eyni zamanda, analitiklər mühüm bir paradoksu vurğulayırlar: xarici dəstək olmadan kütləvi xalq üsyanı ehtimalı azdır. Tehranın repressiv aparatı effektivliyini qoruyur, xarici təcavüz isə əhalini hakimiyyət ətrafında birləşdirir və müdaxiləni “xarici düşmənə qarşı mübarizə”yə çevirir.

Nəzərə almaq lazımdır ki, iranlılar dərin milli kimlik hissinə malik qədim imperiya xalqıdır və bu, kapitulyasiya və ya könüllü geri çəkilmə ehtimalını istisna edir. Hətta daxili xaos şəraitində belə, İran cəmiyyəti istənilən xarici mövcudluğu öz sivilizasiyasına ekzistensial təhlükə kimi qəbul edəcək. Burada əsas rol şiə dini institutuna məxsusdur – on minlərlə nümayəndədən ibarət bu şəbəkə cəmiyyətin gündəlik həyatına inteqrasiya olunub. Müsəlman ölkəsində belə struktur “görünməz ordu”ya çevrilir və onu sadəcə inzibati binaların ələ keçirilməsi və ya liderlərin aradan götürülməsi ilə məğlub etmək mümkün deyil. Bu isə əhalinin xarici qüvvələrin tərəfinə keçməsini faktiki olaraq istisna edir və istənilən quru münaqişəni tükənmə müharibəsinə çevirir.

İran daxilində mümkün destabilizasiya fonunda qonşu ölkələr üçün risklər də beynəlxalq gündəliyin əsas mövzusuna çevrilir. Crisis Group və Atlantic Council-un qiymətləndirmələrinə görə, qonşu dövlətlərin ordularının birbaşa müharibəyə qoşulması ehtimalı azdır, lakin region ciddi uzunmüddətli nəticələrlə üzləşəcək. İranla 900 kilometrlik sərhədi olan Pakistan mümkün qaçqın axınından və sərhədin hər iki tərəfində bəluc qruplarının fəallaşmasından narahatdır. Bu isə transsərhəd xaosa və ölkə daxilində şiə-sünni qarşıdurmasının güclənməsinə səbəb ola bilər.

Eyni zamanda, Səudiyyə Ərəbistanı və BƏƏ daxil olmaqla Fars körfəzi monarxiyaları birbaşa iştirakdan uzaq durmağa çalışır. Onların daha çox ABŞ-a gizli logistik dəstək verməklə kifayətlənəcəyi ehtimal olunur, çünki İranın strateji enerji infrastrukturuna mümkün cavab zərbələrindən çəkinirlər. İslamabadda keçirilən son diplomatik görüşlər göstərir ki, Türkiyə və Misir də daxil olmaqla region liderləri münaqişənin genişlənməsinin qarşısını almaq üçün gərginliyin azaldılmasına üstünlük verirlər.

Əsas təhlükə qonşu ölkələrin ordularından deyil, İranın Livan və Yəməndəki proksi qüvvələrindən gəlir. Onların fəallaşması Yaxın Şərq üzrə zəncirvari reaksiyaya səbəb ola bilər. CSIS analitikləri xəbərdarlıq edir ki, əgər Vaşinqton məhdud məqsədlərlə kifayətlənə və rejim dəyişikliyi strategiyasından imtina edərsə, region dövlətləri arasında genişmiqyaslı müharibənin qarşısını almaq mümkün olacaq. Bununla belə, hətta lokal qeyri-stabilizasiya belə qlobal energetikaya və dəniz ticarət yollarının təhlükəsizliyinə ciddi zərbə vuracaq”, – Papava yekunlaşdırıb.

Rauf Orucov