Logo
news content
User
Kateqoriyalar

Analitika

İran ssenariləri: nələr olacaq?
Qısa müddətdə nəticəyə əldə olunmasa, xaos gözlənilir

ABŞ-İsrail ittifaqının İran İslam Respublikasına qarşı hücumu qısa müddətdə ciddi itkilərə səbəb olub. İranın Ali rəhbəri Əli Xamenei, müdafiə naziri, baş qərargah rəisi, SEPAH komandirləri, kəşfiyyat rəhbərləri daxil olmaqla, 50-yə qədər yüksək vəzifəli şəxs öldürülüb. Ölkənin kritik müdafiə strukturları - HHM vasitələri, ballistik raketlərin idarəetmə məntəqələri, hərbi bazaları, ordu və donanma qərargahları intensiv şəkildə havadan və dənizdən bombardman edilir. 

İran isə aktiv müqavimət göstərir, dini liderin ölümündən sonra onun müvəqqəti əvəzedicisi təyin edilib, real güc Prezident, parlament sədri və məhkəmə hakimiyyətinin rəhbərindən ibarət üçlü mərkəzə ötürülüb. Ordu ABŞ və İsrailin ətraf ölkələrdəki hərbi bazalarını, kəşfiyyat mərkəzlərini, dəniz donanmasını, hava limanlarını, eləcə də İsrailin paytaxtını ballistik raketlərdən atəşə tutur. 

Müharibənin üçüncü günündə Tramp administrasiyasının gözləntisi özünü doğrultmayıb, dini rəhbərin və generalitetin qətlə yetirilməsi İranın müqavimət gücünü lazım olan ölçüdə sarsıda bilməyib. Hakimiyyət hələ vahidliyini qoruyur. Güc strukturları arasında mövqe dəyişikliyi nəzərə çarpmır, eləcə də ötən ay rejim tərəfindən törədilmiş kütləvi qətliamdan qəzəblənmiş cəmiyyət qisas hissi ilə küçələrə çıxmağa tələsmir. 

Nəticə olaraq, rəsmi Tehran danışıqlar masasına oturmaqdan imtina edib. Tramp bəyan edib ki, hərbi əməliyyatlar 4 həftəyə qədər davam edə bilər, bu səbəbdən ABŞ-dən regiona böyük miqdarda yeni silah-sursat, yanacaq ehtiyatları gətirilməyə başlanıb. 

Qüvvələr nisbəti və gedişat göstərir ki, yaxın günlərdə eskalasiyanın miqyası daha da böyüyəcək, çünki onu dayandıracaq güc ancaq tərəflərin özündədir. Amma həm ABŞ-İsrail alyansı, həm də İran vəziyyəti tamamilə öz xeyrinə dəyişmək istəyir və kompromis ehtimalları yoxdur. Bu, ancaq tərəflərdən birinin dayanması və ya təslim olması halında mümkün ola bilər. 

Müşahidəçilərə görə, müttəfiqlərin əsas məqsədi İranın müqavimət və hücum potensialını tamamilə sarsıtmaqla Tehranı danışıqlar masasına çəkib, kapitulyasiya aktına imza atdırmaqdır. Ona görə də hava üstünlüyündən istifadə edərək İranın HHM sistemini, ballistik raketlərin idarə olunduğu mərkəzləri, ehtiyat anbarları və dəniz donanmasını darmadağın etməyə çalışır. Bu müharibədə İran ərazisinə quru qoşunların yerləşdirilməsi tamamilə istisna olunduğuna görə bütün güc havadan endirilən zərbələrin artırlmasına və effektivliyinə yönəlib. 

İranın cavab reaksiyası, eləcə də Trampın hücum müddətini 4 həftəyə qədər uzatması yaxın günlərdə mütləq nəticə əldə etməyin mümkün olmadığını göstərir. Müxtəlif hesablamalara görə, İran 2 mindən artıq ballistik raketə malikdir, 3 gün ərazində onun az hissəsi istifadə olunub. Müttəfiqlər yaxın günlərdə ehtiyatları sıradan çıxara bilməzsə, İsrail, Bəhreyn, Qətər, İordaniya, Səudiyyə Ərəbistanında yerləşən hərbi bazalar, eləcə də bu ölkələrin iqtisadi infrastrukturu ciddi zərər görə bilər. 

Azərbaycanlı ekspertlər gedişat haqda nə düşünürlər? 

Politoloq Fərhad Məmmədov hesab edir ki, yaxın iki-üç gün ən həlledici günlər olacaq. Buna görə də hər iki tərəf silahdan maksimum səviyyədə istifadə edəcək: “ABŞ və İsrailin zərbələrlə dövlətin qərarvermə sisteminə təsir göstərmək imkanı var, yəni üçlü hakimiyyətə və SEPAH rəhbərliyinə zərbələr endirməklə prosesi yönləndirə bilərlər. Məhz burada ABŞ ilə İsrail arasında fikir ayrılığı yarana bilər.

Prezident Donald Tramp yeni hakimiyyətlə, yeganə legitim prezident hesab olunan Məsud Pezeşkianla razılaşma tərəfdarı kimi görünür. Amma Benyamin Netanyahu bütün triumviratı sıradan çıxarmaq və yolu tacsız şahzadə Rza Pəhləvi üçün təmizləmək istəyindən də çəkinmir”.

Politoloq onu da qeyd edir ki, İranın daxilində parçalanma baş verə və proseslər vətəndaş müharibəsi ssenarisi üzrə inkişaf edə bilər. Bu halda, ölkənin xarici aqressiya üçün resursu qalmayacaq və İran öz daxilinə qapanacaq. Bu da İsrailin maraqlarına uyğundur və şübhəsiz, müxtəlif silahlı qruplar - kürdlər, bəluclar və digərləri prosesə daxil ola bilər.

F.Məmmədov vurğulayır ki, hər ehtimala qarşı, Azərbaycan və Türkiyənin hərbi təlimlər elan etməsi, qoşunları döyüş hazırlığı vəziyyətinə gətirməsi mümkündür. 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirir ki, anti-İran koalisiyasının irəli sürdüyü dörd maddəlik ultimatumun ən azı iki bəndi artıq faktiki şəkildə icra olunma mərhələsindədir.

Keçmiş nazir qeyd edib ki, davam edən hava və raket zərbələri nəticəsində İranın nüvə və raket proqramına aid istehsal zəncirinin onlarla obyekti tamamilə sıradan çıxarılır: “Bu obyektlərin dağıdılması İran rəhbərliyinin nüvə silahına və onun daşıyıcı vasitələrinə sahib olmaq planlarının faktiki sonu deməkdir. Bu, ultimatumun iki bəndinin de-fakto yerinə yetirilməsi anlamına gəlir".

T.Zülfüqarov vurğulayıb ki, söhbət təkcə ayrı-ayrı obyektlərin vurulmasından yox, bütöv istehsal zəncirinin sıradan çıxarılmasından gedir ki, bu da proqramın uzunmüddətli perspektivdə bərpasını son dərəcə çətinləşdirir.

Eks-nazir üçüncü bəndə – İranın regiondan kənarda “müqavimət cəbhəsinə” verdiyi dəstəyə də toxunub. O qeyd edib ki, müharibənin əvvəlki mərhələlərində bu istiqamətdə ciddi zərbələr endirilib və həmin infrastruktur, demək olar, tam dağıdılıb. T.Zülfüqarovun fikrincə, bu faktor İranın regional təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib.

Keçmiş XİN rəhbəri bildirib ki, ultimatumun dördüncü bəndi - “rejim dəyişikliyi” də artıq praktik mərhələyə keçib. 

Onun sözlərinə görə, hərbi əməliyyatların ilk iki günündə bu prosesə açıq şəkildə müqavimət göstərən əsas fiqurların hədəfli şəkildə aradan götürülməsi təsadüfi deyil: “Bu qədər yüksək səviyyədə seçici, hətta deyərdim ki, fərdiləşdirilmiş zərbələr göstərir ki, ABŞ və İsrail üçün İranda sirr qalmayıb".

T.Zülfüqarov hesab edir ki, bu, təkcə kəşfiyyat imkanlarının gücü ilə izah olunmur, İran hakim elitasının müəyyən hissəsinin qarşı tərəflə əməkdaşlığı ehtimalı da nəzərdən qaçırılmamalıdır.

Tofiq Zülfüqarovun qənaətinə görə, İranda artıq sistemdaxili transformasiya prosesi start götürüb: "Bu gün “İran perestroykası” başlayıb və bu proses atəşkəs əldə olunduqdan dərhal sonra daha sürətli templə davam edəcək”. 

Eks-nazir hesab edir ki, qarşıdakı mərhələ hərbi fazadan daha çox siyasi və institusional yenidənqurma mərhələsi olacaq və bu, ölkədaxili hakimiyyət balansına ciddi təsir göstərə bilər.

Siyasi təhlilçi Ramiz Yunus isə bildirir ki, çox şey ABŞ Prezidenti Donald Trampın hesablamalarından asılı olacaq: “Onun üçün bu böhran yalnız xarici siyasət məsələsi deyil, həm də daxili siyasi məsələdir. Noyabrda Konqresə aralıq seçkilər keçiriləcək və ona sürətli, nümayişkaranə qələbə lazımdır. Prezident Trampın üslubu maksimum təzyiq, sonra isə razılaşmadır. O, yaxınlarda Venesuela ilə münasibətlərdə bu modeli tətbiq edib. Oxşar məntiq Kuba ilə münasibətlərdə də görünür. Bu baxımdan, İran ABŞ prezidentinin seçki kampaniyasında növbəti böyük element kimi görünür”.

Ekspertə görə, hazırda İran unikal vəziyyətdədir: 1979-cu ildən bəri mövcudluğu dövründə ən həssas mərhələsini yaşayır. Buna görə ABŞ və İsrail bu məqamdan istifadə etməyə çalışır və İranın siyasi rejiminin dəyişdirilməsi ilə bağlı qəbul olunmuş strateji qərarlar hazırda taktiki mərhələdə həyata keçirilir: “Yüksək ehtimalla demək olar ki, zəifləyən Tehran bu şəraitdə razılaşmaya gedəcək və prezident Trampın ultimatumunu qəbul edəcək. Ali rəhbər Ayətullah Əli Xameneinin itirilməsi və görünməmiş hərbi təzyiq fonunda İranın müqavimət imkanları kəskin şəkildə azalıb. Müvəqqəti razılaşma gərginliyi azaltmağa və ən azı ABŞ-də payız seçkilərinədək vəziyyəti sabitləşdirməyə imkan verə bilər”.

R.Yunusun qənaətinə görə, Vaşinqtondakı strateqlər anlamalıdırlar ki, İran Venesuela deyil: “Bu, dərin tarixə, güclü kimliyə və regional ambisiyalara malik dövlətdir. Münaqişə müvəqqəti dondurula bilər, lakin tamamilə yox olmayacaq. Həm İranın daxilində, həm də bütövlükdə bu partlayış həddində olan regionda proseslərin necə inkişaf edəcəyi hələ məlum deyil”.

Beləliklə, ekspertlərin ümumi qənaəti ondan ibarətdir ki, İranın uzun müddət ABŞ-İsrail hərbi gücü qarşısında müqavimət göstərməsi mümkün deyil. Müttəfiqlərin hərbi üstünlüyü, İranın hava məkanının ələ keçirilməsi, qısa müddətdə olmasa da, yaxın perspektivdə öz nəticələrini verəcək, İslam Respublikasında hakim rejimin demontajı və onun regional güc statusundan məhrum edilməsi qaçılmazdır. 

Təbii ki, başqa ssenarilər də mümkündür. Burada İranda müxtəlif xalqların hakim rejimə qarşı silahlandırılması, vətəndaş müharibəsi, nəticədə bütövlükdə regionda uzunmüddətli qeyri-sabitlik və xaosun hökm sürməsi gözardı edilməməlidir. Ən azı, yaxın tarixdə regionda baş verən münaqişələrin hələ də dağıdıcı potensialını saxlaması vəziyyətin tamamilə nəzarətdən çıxmasına səbəb ola bilər. Bu, Azərbaycan və Türkiyə üçün də ciddi təhlükəsizlik problemləri deməkdir. Şübhəsiz, müttəfiqlər vəziyyəti diqqətlə izləyir və fasiləsiz məsləhətləşmə rejimində çalışırlar…

Turqut