Humanitar yardım, yoxsa siyasi gediş? – Qarabağ mövzusu Rusiyanın nəyinə lazımdır
Moskva Azərbaycanı könüllü tərk etmiş ermənilərə “humanitar yardım” paylamaqda davam edir
17 Dekabr 2025
“Rossotrudniçestvo”nun “Avrasiya” qeyri-kommersiya təşkilatı və Rus Humanitar Missiyası ilə birgə Ermənistanda həyata keçirdiyi Qarabağı tərk etmiş ermənilərə dəstək layihəsi ən azı 2026-cı ilə qədər uzadılıb. Rəsmi səbəb kimi “müraciətlərin davam edən axını” göstərilsə də, praktiki baxımdan söhbət Rusiyanın Qarabağ mövzusu ətrafında humanitar fəallığının davam etdirilməsindən gedir.
“Rossotrudniçestvo” rəhbərinin müavini İqor Çayka bildirib ki, layihə əvvəlcədən uzunmüddətli olaraq planlaşdırılıb və məqsəd “Rusiyanın Qarabağ erməniləri ilə bir yerdə olduğunu” göstərməkdir.
Qeyd edək ki, bundan əvvəl “Rossotrudniçestvo”nun Qarabağı könüllü tərk etmiş vətəndaşların şəxsi məlumatlarını toplamaqla məşğul olduğu barədə məlumat yayılmışdı. Ermənistan hökumətinə yaxın mənbələrin bildirdiyinə görə, insanlardan pasportların, doğum haqqında şəhadətnamələrin və digər sənədlərin surətləri tələb olunur. Məlumatların toplanmasının humanitar yardım göstərilməsi bəhanəsi ilə aparıldığı qeyd edilir.
Bəs, Rusiyanın Ermənistanda belə fəaliyyəti davam etdirməklə real məqsədi nədir? Humanitar ərzaq paylanması hesabına Moskvanın Ermənistan əhalisinin gözündə müsbət imicini bərpa etmək cəhdi? Bəlkə, bu, eyni zamanda, iyun ayında Ermənistan parlamentinə keçiriləcək seçkilər ərəfəsində Kreml yönümlü siyasi qüvvələrə dəstək vermək istəyidir? Axı onlar İrəvan–Moskva münasibətlərinin əvvəlki modelinə qayıtmağın vacibliyini vurğulayırlar. Onların bu tələbi fonunda Rusiyadan gələn “xeyirxah əmilər” Qarabağdan köçmüş kasıb insanlara ərzaq paylayırlar.
Tanınmış ekspertlər mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüblər.
Erməni analitik və publisist İşxan Verdyan təəssüflə etiraf edir ki, həqiqətən də təsvir olunan hadisələr baş verir və bu kontekstdə Ermənistanın hakim dairələrinin olaylara kənar müşahidəçi kimi yanaşması xüsusilə təəccüblüdür.

“Rusiyanın hərəkətləri aktivlərin inventarlaşdırılmasını, səfərbər edilməsini xatırladır. Rəsmi səviyyədə nə istəsələr deyə bilərlər. Amma Qarabağ ermənilərinin şəxsi məlumatlarına bu qədər açıq və aqressiv maraq təsadüfi deyil.
Bununla belə, burada təəccüblü heç nə yoxdur. Düşünürəm ki, Qarabağ ermənilərinin hər zaman Rusiyanın aktivi olduqlarını desəm, sirr açmış olmaram. Rusiyanın bu aktivdən necə istifadə etməyə çalışacağını isə Qarabağ ermənilərinin ən fəal nümayəndələrinin son məqsədlərinin Nikol Paşinyanın devrilməsi olduğunu açıq şəkildə bəyan etmələrindən görmək olar.
Amma yenə də, Ermənistan tərəfinin bu humanitar yardıma reaksiya verməməsi təəccüb doğurur. Vaxtilə Nikol Paşinyan özü Qarabağ ermənilərinə humanitar yardım göndərmişdi və Azərbaycan tərəfi bu yardımı bloklamışdı. Çünki ölkə olaraq bu yardımı tələb etməmişdi. Bəs onda Ermənistan özü tələb olunmayan humanitar yardımı niyə bloklaya bilmir?” – Verdyan sual edir.
Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə öz növbəsində bildirir ki, Qarabağ mövzusunun Moskva üçün saxlanılmasının zəruriliyi açıq-aydındır.

“Bir tərəfdən, bu mövzu seçkilər ərəfəsində Paşinyanın siyasi komandasına zərbə vurur. Digər tərəfdən, Moskva bu mövzudan Rusiyada yaşayan erməni diasporunu (yəni rəhbərliyi deyil, məhz Rusiyada yaşayan erməniləri) Ermənistan hökumətinin mövcud kursuna qarşı qoymaq üçün istifadə edir.
Və nəhayət, İrəvanda hakimiyyət dəyişikliyi olacağı təqdirdə məhz bu mövzuya ümid edirlər. Ərzaq paylamaq, əlbəttə ki, xeyirxah işdir. Lakin bu halda söhbət əməldən deyil, motivdən gedir”, – Vasadze qeyd edib.
Rauf Orucov