Logo
news content
User
Kateqoriyalar

Analitika

Gürcüstanda İran izi – terror ittihamları nə dərəcədə realdır?
Ekspert: “Əl-Mustafa” İranın yumşaq güc alətidir, amma “terror məktəbi” deyil

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İranın təsiri və Beynəlxalq “Əl-Mustafa” Universitetinin yerli filialının fəaliyyəti ilə bağlı səsləndirilən iddialarla bağlı araşdırmaya başlayıb. Söhbət terrorçuluqla mümkün əlaqələr barədə ittihamlardan gedir. Bu barədə qurumun Gürcüstan mediasında yayılan rəsmi bəyanatında bildirilir.

Son günlər müxtəlif şəxslər Gürcüstanda başqa ölkələr tərəfindən kadrların cəlb olunması ilə bağlı bir sıra iddialar səsləndiriblər. Bu iddialar arasında terrorçuluqla bağlı ittihamlar və ya buna işarələr də var. Biz bu bəyanatların məzmununu, eləcə də müəlliflərinin motivlərini diqqətlə izləyir və araşdırırıq. Xüsusilə də regionda davam edən hərbi əməliyyatlar fonunda Gürcüstanı belə məsələlərdə ittiham edən bəyanatlara xüsusi diqqət yetirilir”, – DTX-nın bəyanatında vurğulanır.

Beynəlxalq “Əl-Mustafa” Universiteti qərargahı İranın Qum şəhərində yerləşən dini-təhsil mərkəzidir. Ali məktəb islamşünaslıq sahəsində, o cümlədən teologiya, hüquq və fəlsəfə istiqamətlərində ixtisaslaşıb və dünyanın 50-dən çox ölkəsində, o cümlədən Gürcüstanda filial və tərəfdaş strukturlar şəbəkəsinə malikdir.

2020-ci ildə ABŞ bu universitetə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton iddia edir ki, İran bu təhsil müəssisəsindən öz ideologiyasını yaymaq və xarici vətəndaşları İrana bağlı silahlı qruplara cəlb etmək üçün istifadə edir. İran tərəfi isə bu ittihamları rədd edir.

“Azadlıq Radiosu”nun Gürcüstan xidmətinin məlumatına görə, on ildən artıqdır universitetin filiallarından biri Gürcüstanda fəaliyyət göstərir. Burada şiə teologiyası, fars dili və islamşünaslıq üzrə pulsuz kurslar təklif olunur. Filial əsasən müsəlman əhalinin çoxluq təşkil etdiyi bölgələrdə, məsələn, Qardabani və Marneulidə fəal işləyir.

Təhsil müəssisəsi Gürcüstanın rəsmi təhsil orqanları tərəfindən akkreditə olunmayıb. Bununla belə bildirilir ki, yerli proqramları bitirən tələbələr təhsillərini İranda davam etdirə bilirlər. Jurnalistlərin danışdırdığı məzunlar universitetin tələbələrə təqaüd, yaşayış yeri ilə bağlı yardım və İrandan göndərilən tədris materialları təqdim etdiyini bildiriblər.

“Əl-Mustafa”nın keçmiş rektoru, dini və siyasi xadim Əlirza Ərafi İranın yeni ali lideri seçilənədək yaradılmış müvəqqəti rəhbərlik şurasına daxil edilməsi barədə xəbərlərdən sonra universitet mediada yenidən diqqət mərkəzinə gəlib. Gürcüstanın sabiq müdafiə naziri Tina Xidaşeli “Pirveli TV” kanalının efirində bildirib ki, ölkədə “qanunsuz fəaliyyət göstərən universitet” mövcuddur və onun sözlərinə görə, bu qurum “terrorçular məktəbi”dir.

Xidaşelinin bəyanatı hakim “Gürcü Arzusu” partiyasında “düşmən fəaliyyəti” kimi qiymətləndirilib. Partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze istintaq orqanlarının bu məsələyə reaksiya verəcəyinə ümid etdiyini bildirib.

Hakim partiyanın müttəfiqi sayılan “Xalqın Gücü” siyasi qüvvəsinin nümayəndələri isə yenidən Gürcüstanda “ikinci cəbhə” təhlükəsi barədə danışmağa başlayıblar. Onların fikrincə, bu dəfə İran faktoru qabardılır.

Bəs İran universitetinin filialı əslində hansı fəaliyyət göstərir və necə olub ki, illərlə qeydiyyatsız fəaliyyət göstərə bilib? O, real olaraq hansı təhlükəni yaradır? Gürcüstanın azərbaycanlıların üstünlük təşkil etdiyi bölgələrində doğrudan da İrana bağlı terrorçular hazırlana bilərdimi? Və ümumiyyətlə, indi Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti və “Gürcü Arzusu” ölkə vətəndaşlarına radikal xarakterli İran təsirinin qarşısını almaq üçün ciddi addımlar ata biləcəkmi?

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze Pressklub.az-a açıqlamasında suallara cavab verməyə çalışıb.

Onun sözlərinə görə, bu mövzu ətrafında artıq Gürcüstan siyasəti üçün xarakterik olan janr formalaşmağa başlayır — qorxuların, şayiələrin və siyasi manipulyasiyanın qarışığı.

Burada əslində xüsusi sirr yoxdur. Beynəlxalq “Əl-Mustafa” Universiteti İranın yumşaq güc alətlərindən biridir. Tehranın bu cür strukturları dünyanın müxtəlif yerlərində — Afrikadan Avropaya qədər — onlarla saydadır. Onlar dini təhsil, şiə teologiyasının, fars dilinin və daha geniş mənada İran dünyagörüşünün təbliği ilə məşğul olurlar.

Gürcüstanda belə bir strukturun illərlə fəaliyyət göstərə bilməsinin çox sadə izahı var: o, hüquqi baxımdan tam hüquqlu universitet kimi deyil, dini-təhsil mərkəzi və ya kurslar formatında işləyib. Gürcüstanda bu cür qurumlar kifayət qədərdir — istər islam, istər xristian, istərsə də digər dini istiqamətlər üzrə. Əgər onlar rəsmi olaraq gürcü diplomu vermir, sadəcə kurslar keçir və tələbələri təhsili davam etdirmək üçün xaricə göndərirlərsə, çox vaxt qanunvericiliyin “boz zonası”nda fəaliyyət göstərirlər.

Bu isə dövlətin onların mövcudluğundan xəbərsiz olması demək deyil. Gürcüstanda ümumiyyətlə müvafiq xidmətlərin xəbəri olmadan uzun müddət hansısa fəaliyyət göstərmək çox çətindir”, – analitik bildirib.

Onun fikrincə, “terrorçular” məsələsinə gəldikdə, bu cür yüksək səslə deyilən ifadələrə çox ehtiyatla yanaşmaq lazımdır.

Bəli, İran həqiqətən də bu tip strukturlardan özünə sadiq dini kadrlar şəbəkəsi formalaşdırmaq üçün istifadə edir. Bu, uzunmüddətli strategiyanın bir hissəsidir — imamların, vaizlərin, ictimai liderlərin hazırlanmasıdır ki, onlar İranın siyasi-dini paradiqması çərçivəsində düşünürlər.

Amma bununla “terrorçular məktəbi” arasında çox böyük məsafə var.

Mən Marneuli və ya Qardabanidə kiminsə İranın proksi strukturları üçün kütləvi şəkildə döyüşçülər hazırlamasına çox ciddi şübhə ilə yanaşıram. Gürcüstan nə belə ölkədir, nə də belə mühit var. Ölkədə təhlükəsizlik üzrə dövlət institutları kifayət qədər güclüdür və belə fəaliyyət çox tez dayandırılardı.

Başqa məsələ isə ideoloji təsirdir. Bu, daha real ssenaridir. Dini təhsil, təqaüdlər, Qum şəhərində təhsil almaq imkanı, məzunlar şəbəkəsinin formalaşdırılması — bütün bunlar yumşaq, bəzən isə tam da yumşaq olmayan güc alətləridir.

Amma bir məqamı da anlamaq vacibdir. Gürcüstandakı azərbaycanlılar kənardan asanlıqla radikallaşdırıla bilən hansısa “sahibsiz kütlə” deyil. Onlar dünyəvi mühitdə yaşayan Gürcüstan vətəndaşlarıdır və həmin bölgələrdə dini radikallaşma səviyyəsi obyektiv olaraq aşağıdır. Bununla belə, bu faktor diqqətdə saxlanmalıdır.

Düşünmürəm ki, Gürcüstan hakimiyyəti İran təsiri ilə mübarizə istiqamətində genişmiqyaslı kampaniya başlayacaq. Çox güman ki, adətən belə hallarda baş verən proseslər müşahidə olunacaq:

- Dövlət Təhlükəsizliyi Xidməti yoxlama aparacaq
- bəzi strukturlar səssiz şəkildə bağlana və ya yenidən qeydiyyatdan keçirilə bilər
- rəsmi ritorika müəyyən müddət daha sərt olacaq
- sonra isə vəziyyət yenidən ehtiyatlı müşahidə rejiminə qayıdacaq.

Çünki Gürcüstan İranla münasibətlərdə həmişə balans saxlamağa çalışıb. İran regionda qonşu və iqtisadi tərəfdaşdır, eyni zamanda potensial risk mənbəyidir. Tbilisinin siyasəti ənənəvi olaraq bu mövzunu açıq siyasi qarşıdurmaya çevirməmək üzərində qurulub. Ümumilikdə isə regiondakı vəziyyət Gürcüstanın xüsusi xidmət orqanları tərəfindən ənənəvi olaraq ciddi nəzarətdə saxlanılır”, – Vasadze yekunlaşdırıb.

Rauf Orucov