Gürcüstan hökuməti hara gedir?
Qonşu ölkənin hakimiyyəti təkidlə Avropa İttifaqı ilə bağlı düşmən münasibət sərgiləyir
26 İyun 2026
Gürcüstan hakimiyyəti Avropa Parlamentinin “Gürcü Arzusu” hökumətinin legitimliyini tanımaqdan imtina edən sərt qətnaməsindən sonra Avropa İttifaqı institutlarına qarşı genişmiqyaslı diplomatik və media hücumuna başlayıb.
Parlamentin sədri Şalva Papuaşvili və baş nazir İrakli Kobaxidze faktiki olaraq Brüsseli ölkənin suverenliyinə qəsd etməkdə ittiham ediblər və Avropa deputatlarının hərəkətləri ilə Moskvanın siyasəti arasında birbaşa paralellər aparıblar.
Tbilisi ilə Brüssel arasında münasibətlər Avropa Parlamentinin iyunun 17-də 145 səsə qarşı 436 səslə Gürcüstanda demokratiyanın “kəskin şəkildə pisləşdiyini” qeyd edən qətnamə qəbul etməsindən sonra daha da kəskinləşib.
Avropalı deputatlar “Gürcü Arzusu”nun metodlarını “Rusiyanın hibrid taktikasının güzgüdəki əksi” adlandırıblar, 2024-cü ilin sonlarında keçirilmiş parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etmək qərarını yenidən təsdiq ediblər və partiya rəhbərliyinə, eləcə də hakimiyyətyönlü televiziya kanallarına qarşı fərdi sanksiyaların tətbiqinə çağırıblar.
Parlamentin sədri Şalva Papuaşvili bəyan edib ki, litvalı deputat Rasa Yuknyaviçenenin (Gürcüstan üzrə məruzəçi) hazırladığı qətnamə “qırmızı xətləri tamamilə keçib” və 2,1 milyon gürcü seçicisinə hörmətsizlik nümayiş etdirib. Onun sözlərinə görə, Brüssel gürcü xalqının əvəzinə hakimiyyətin legitimliyini müəyyənləşdirərək Tbilisiyə “feodal vassallığı” məntiqini sırımağa çalışır.
“Avropa Parlamenti son hesabatında faktiki olaraq özünü Rusiyanın işğalçı siyasəti ilə eyni sıraya qoyub. Əgər Rusiya Gürcüstanın ərazisinin beşdə birində onun suverenliyini inkar edirsə, Avropa Parlamenti Gürcüstanın bütün ərazisində onun suverenliyini tanımaqdan imtina edir”, – Papuaşvili vurğulayıb.
Spiker ayrıca qeyd edib ki, qətnamədə ilk dəfə olaraq Gürcü Pravoslav Kilsəsinə hücum edilib və o, “Rusiya təsir əməliyyatları” kontekstində xatırlanıb. Papuaşvili bunu “siyasi diversiya” adlandırıb və dialoqun bərpası üçün Avropa Komissiyasından Avropa Parlamentinin mövqeyindən rəsmi şəkildə məsafə saxlamasını tələb edib.
Bundan bir gün əvvəl hökumət başçısı İrakli Kobaxidze də oxşar məzmunda çıxış edib. O, Avropa Parlamentindəki mövcud ab-havanı ya Sovet Siyasi Bürosunun iş üsulları, ya da Rusiya Dövlət Duması ilə müqayisə edib.
“Bizim vəzifəmiz ondan ibarətdir ki, həm Rusiya Dövlət Duması, həm də Avropa Parlamenti Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tanısın və biz bu istiqamətdə işləyəcəyik. Avropa Parlamenti hazırkı vəziyyəti və istifadə etdiyi metodları sovet yanaşmaları ilə Sovet İttifaqının Ali Sovetini çox xatırladır. Bu, faciəvi vəziyyətdir”, – baş nazir bildirib.
Kobaxidze əlavə edib ki, Tbilisi Gürcüstanın beynəlxalq arenada Abxaziya və Tsxinvali regionunun müstəqilliyinin Rusiya və daha dörd dövlət tərəfindən tanınmasına qarşı mübarizə apardığı kimi Avropa Parlamentinə münasibətdə də “tanımamaya qarşı siyasət” yürütməyə hazırdır.
Gürcüstanda siyasi böhran 2024-cü ilin oktyabrından davam edir. Həmin vaxt “Gürcü Arzusu” parlament seçkilərində qələbə qazandığını elan etmişdi. Dörd müxalifət partiyası nəticələrin saxtalaşdırıldığını bəyan edib, kütləvi etiraz aksiyaları təşkil edib və deputat mandatlarından imtina edib. Avropa Parlamenti səsvermənin beynəlxalq standartlara uyğun keçirilmədiyini hesab edərək müxalifəti dəstəkləyib və müstəqil beynəlxalq araşdırma aparılmasını tələb edib.
Ölkə daxilində sistemli boykota cavab olaraq hakim partiya radikal hüquqi tədbirlərə əl atıb. 2026-cı ilin martından Gürcüstanda “hakimiyyətin sistemli şəkildə tanınmaması”nı cinayət məsuliyyəti yaradan əməl kimi müəyyən edən düzəlişlər qüvvəyə minib.
Proseslər hansı istiqamətdə gedir? Brüssellə münasibətləri inadla korlamaqda davam edən Gürcüstan hakimiyyətinin məqsədi nədir? Aİ-nin rəhbər qurumlarının Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusundan məhrum edilməsi barədə qərar qəbul etməsinə nail olmaq? Yoxsa burada başqa məqamlar da var?
Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze Pressklub.az-a açıqlamasında bildirib ki, baş verənləri Gürcüstan hakimiyyətinin sadəcə Brüssellə münasibətləri korlaması kimi qiymətləndirmir.

“Söhbət sadəcə olaraq əvvəlki legitimlik modelinin – seçkilərə, institutlara, insan hüquqlarına və siyasi rəqabətə əsaslanan Avropa meyarları üzərində qurulmuş modelin – şüurlu şəkildə dağıdılmasından gedir. “Gürcü Arzusu” hakimiyyəti əlində saxlamağa çalışır, Aİ isə problemə çevrilir, çünki o, institutların deqradasiyasını birbaşa göstərir və hakimiyyətin legitimliyini şübhə altına alır.
Tbilisinin cavabı daxili kampaniya formasında təqdim olunur: guya Gürcüstan Avropadan uzaqlaşmır, əksinə, Avropa Gürcüstana hücum edir. Bu, reallığın tərsinə çevrilməsidir; burada Avropanın tənqidi suverenliyə təhdid elan olunur, Rusiya isə sadəcə xarici aktorlardan biri kimi göstərilir. Belə ritorika mühafizəkar auditoriyaya hesablanıb və formal olaraq Avropa kursunu saxlamağa, eyni zamanda onun məzmununu dağıdaraq idarəolunan sistem qurmağa imkan verir.
Nəticədə ölkə onun simvolikasını qoruyub saxlamaqla, real Avropa prosesindən təcrid olunmağa doğru gedir. Hakimiyyət ictimai dəstəyə görə bu kursdan açıq şəkildə imtina edə bilmir, buna görə də “Avropa Gürcüstanı satdı” tezisini irəli sürür. Bu, diplomatiya deyil, cəmiyyətin suverenliyin müdafiəsi şüarları altında real Avropa perspektivindən kənarda yaşamağa hazırlanmasıdır”, – Vasadze bildirib.
Rauf Orucov