Faciə üzərində qurulan siyasət: Ukrayna və Polşa niyə “vuruşur”?
Ekspert: Polşa prezidenti seçkilərə hazırlıq adı altında ikitərəfli münasibətləri qurban verməyə hazırdır
23 İyun 2026
Son günlərdə ümumi tarixin faciəli səhifələri ilə bağlı mübahisələr səbəbindən Varşava ilə Kiyev arasında münasibətlər kəskinləşib. Polşa Prezidenti Karol Navrotski Vladimir Zelenskinin Polşanın ən yüksək ordeni ilə təltifini ləğv edib və bunu Ukrayna Üsyançı Ordusunun (UPA) tərənnüm edilməsi ilə əlaqələndirib. Qeyd edək ki, UPA Polşada zorakılıq və totalitar təcrübələrdə ittiham edilir. Navrotskinin bu jestinə cavab olaraq təkcə Ukraynanın hazırkı prezidenti deyil, həm də onun üç sələfi – Leonid Kuçma, Viktor Yuşşenko və Pyotr Poroşenko Polşa dövlət mükafatlarından rəsmi şəkildə imtina ediblər. Polşa tərəfi iddia edib ki, Ukraynanın bu cür addımları polyakların milli yaddaşını təhqir edir və ölkənin Avropa İttifaqına gedən yolunda ciddi maneələr yaradır.
Əsas mübahisə mövzusu 1943–1944-cü illərdə baş vermiş Volın faciəsinin qiymətləndirməsi ilə bağlıdır. Polşa hakimiyyəti həmin hadisələri rəsmi olaraq polyak xalqına qarşı soyqırımı kimi təsnif edir, Ukrayna tərəfi isə UPA döyüşçülərini milli qəhrəmanlar hesab edərək, baş verənlərin ikitərəfli silahlı münaqişə olması versiyasında israr edir. Polşanın Ukraynanın hazırkı xarici təcavüzə qarşı mübarizəsində əsas müttəfiqi olaraq qalmasına və milyonlarla ukraynalı qaçqını qəbul etməsinə baxmayaraq, eksqumasiya və keçmişə verilən qiymətlə bağlı vahid mövqenin olmaması diplomatik böhrana səbəb olmaqda davam edir.
Bu tarixi mübahisədə hansı mövqe daha doğrudur? Volında baş vermiş faciəli hadisələrin səbəbləri və günahkarları ilə bağlı kimin arqumentləri daha inandırıcı görünür? Ordenlərdən imtina ilə bağlı prezidentlərin jestləri Ukraynada nə dərəcədə emosional və ağrılı qarşılanıb? Polşanın Ukraynaya dəstəyinə verdiyi böyük töhfəni və orada milyonlarla Ukrayna vətəndaşının yaşadığını nəzərə alsaq, münasibətlərin soyumasının uzunmüddətli nəticələri necə ola bilər?
Pressklub.az-ın suallarına cavab verən tanınmış ukraynalı jurnalist və bloqer Roman Tsımbalyukun sözlərinə görə, “Ağ Qartal” ordeni ətrafında yaranmış vəziyyətin tarixi yaddaşla heç bir əlaqəsi yoxdur, bu, birbaşa müasir siyasətlə bağlıdır.

“Karol Navrotski, onun PiS partiyası və onlara qoşulan “Konfederasiya” 2027-ci il seçkilərinə hazırlaşırlar, buna görə də onlar fəal şəkildə “sağ radikal” gündəmdən istifadə edirlər. Bunun naminə onlar ikitərəfli münasibətlərin bütün tarixini qurban verməyə, siyasəti Ukrayna əleyhinə dalğa üzərində qurmağa hazırdırlar.
Mən Ukrayna prezidentlərinin Polşa mükafatlarından imtina etməsini düzgün hesab etmirəm, çünki onları Navrotski təqdim etməyib. Lakin əgər Zelenskini artıq mükafatdan məhrum ediblərsə, vəziyyəti daha da ağırlaşdırmamaq üçün bununla kifayətlənmək lazımdır. Bir şeyi başa düşmək vacibdir: 2023-cü ildə bu orden Zelenskiyə Ukrayna xalqına və ordusuna hörmət əlaməti kimi təqdim edilmişdi, indi isə onu geri alıblar.
Bununla yanaşı, UPA-nın və ya Stepan Banderanın fəaliyyətinə verilən qiymətləndirmə ilə bağlı heç nə dəyişməyib. Bu da baş verənlərin yalnız Polşanın daxili siyasəti məsələsi olduğu barədə tezisi təsdiqləyir. Rəqibləri Donald Tusk hökumətini devirmək üçün istənilən alçaqlığa əl atmağa hazırdırlar. Bu vəziyyətə tarix prizmasından (kim kimi və nə qədər öldürüb) baxmaq lazım deyil – bu, sadəcə cari siyasi fəaliyyət üçün bəhanədir.
Əvvəllər yeganə düzgün formula işlənib hazırlanmışdı: “Bağışlayırıq və bağışlanma diləyirik”.
Əgər polyaklar “mənəvi dayaqlar”la oynamaq qərarına gəliblərsə, bu, bizim üçün kədərli hekayədir. Navrotskinin Ukraynanın Avropa İttifaqına buraxılmayacağı barədə bəyanatları Banderanın sadəcə bəhanə olduğunu sübutu edir. Çünki Ukraya Aİ-də olsa bundan Polşa fermerləri zərər görəcək”, – jurnalist bildirib.
O, əmindir ki, bu, açıq-aşkar görünən tendensiyadır,
“Ukrayna indi nəfəsini bir qədər dərməli və polyakların özlərinin nə istədiklərini müəyyənləşdirməsinə imkan verməlidir. Sağ radikal siyasətçilərin fitnəsinə gedərək onlara oyun meydanı vermək lazım deyil. Münasibətlər pisləşir və bu, bizim üçün faktiki olaraq yeni siyasi cəbhədir. Ukrayna üçün ən optimal variant sağ qalmağa fokuslanmaq və polşalı dostlara mövqeyimizin səmimi olduğunu anlatmaqdır.
Biz onlara heç nə sırımaq və ya şəhərlərində küçələri necə adlandırmalı olduqlarını demək istəmirik. Baxmayaraq ki, orada Krayova Ordusunun adını daşıyan küçələr var. Amma biz də öz şəhərlərimizdə küçələri lazım bildiyimiz kimi adlandıracağıq.
Əsas məsələ odur ki, biz bu müharibədə eyni tərəfdəyik, çünki ortaq düşmənimiz Rusiyadır.
İndi, biz ruslara qarşı fəal şəkildə zərbələr endirməyə başladığımız vaxtda köhnə tarixi yaraları yenidən qurdalamaq həvəsi yaranıb. Ancaq yadda saxlamaq lazımdır ki, öz küçələrinə öz adlarını verməyənlərin küçələrinə gələcəkdə Putinin və ya başqa bir rus faşistinin adı veriləcək”, – Tsımbalyuk vurğulayıb.
Rauf Orucov