Ermənistanda seçki mübarizəsi gərginləşir: Həbslər aparılır və... davam edəcək
Ekspert: Bu cür pozuntular davam edəcək və dövlət də buna uyğun şəkildə reaksiya verəcək
29 Aprel 2026
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, hakimiyyət və müxalif siyasi qüvvələr arasında mübarizə daha da kəskinləşir.
Aprelin 27-də məlum olub ki, ölkədə Rusiyanı müsbət tərəfdən təbliğ edən onlarla YouTube kanalı silinib. Bu barədə “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-sinin rəhbəri Daniel İoannisyan bildirib.
Onun sözlərinə görə, belə kanalların siyahısı ABŞ senatorlarına təqdim edilib. Bundan sonra senatorlar Alphabet şirkətinin rəhbərliyinə müraciət edərək tədbir görülməsini istəyiblər.
İoannisyan qeyd edib ki, silinən kanallar arasında təkcə siyasi resurslar deyil, həm də tarixi mövzulu kanallar və Qərb fondlarını, eləcə də müxalifəti tənqid edən səhifələr də olub.
Elə həmin gün səhər Samvel Karapetyanın tərəfdarı, kəşfiyyatçı Artur Avanesyan (“Kandaz”) Antikorrupsiya Komitəsinə aparılıb.
Bu hadisəyə ilk reaksiya müxalif “Güclü Ermənistan” partiyalar blokunun deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Narek Karapetyandan gəlib. “Səhər müharibə qəhrəmanı Kandaz zorla aparılıb. Arzu edirəm ki, Antikorrupsiya Komitəsində onu dinc şəkildə dindirəcəklər”, – o, Facebook səhifəsində yazıb.
“Biz azərbaycanlıların arzularını həyata keçirənləri ermənilərin arzularını gerçəkləşdirənlərlə əvəz etməliyik”, – Karapetyan əlavə edib.
Üstündən bir qədər keçəndən sonra Artur Avanesyanın (“Kandaz”) hansı iş üzrə saxlanıldığı məlum olub. Antikorrupsiya Komitəsindən bildirilib ki, onu seçkilərdə rüşvət vermə ilə bağlı araşdırma çərçivəsində saxlayıblar.
Bundan sonra Ermənistanın Antikorrupsiya Komitəsi keçmiş kəşfiyyatçının video və telefon danışığının yazılarını yayıb. Qeyd edək ki, Avanesyan “Güclü Ermənistan” blokunda təhlükəsizlik məsələlərinə cavabdehdir.
Komitənin videomüraciətində bildirilir ki, “Ermənistan Respublikası Antikorrupsiya Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin birgə həyata keçirdiyi operativ-istintaq tədbirləri nəticəsində bəzi sübutlar əldə olunub. Belə ki, “Güclü Ermənistan” partiyasının tərəfdarı bəzi seçicilərə onların parlament seçkilərində səs vermələri müqabilində işlə təmin etmə və digər yollarla rüşvət verməyi vəd edib və onun bu vədi qəbul olunub”. Bununla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə 4 nəfər barəsində cinayət işi başlanıb və onlar saxlanılıb.
Komitənin açıqlamasında Artur Avanesyanın müxtəlif şəxslərlə telefon danışıqlarının yazıları təqdim olunub. Bütün həmsöhbətlər erməni dilinin Qarabağ dialektində danışır və kontekstdən göründüyü kimi, onlar Avanesyanın döyüş yoldaşlarıdır, çünki ona “komandir” deyə müraciət edirlər. Səs yazılarında koalisiya qurulması ehtimalı, seçkilərə hazırlıq müzakirə olunur, həmsöhbətlər vəziyyətin dəyişdirilməsinin vacibliyini vurğulayır, işsizlikdən şikayət edirlər. Onlardan biri açıq şəkildə bildirir ki, gələcəkdə iş tapmaq üçün partiyaya qoşulmaq istəyir. Avanesyan isə cavabında qeyd edir ki, seçkilərdə qələbədən sonra həm iş, həm torpaq, həm də bayram olacaq.
Beləliklə, bir gün ərzində Moskvadan göndərilmiş “müxalifətçi” Samvel Karapetyanın dörd tərəfdarı saxlanılıb.
Aprelin 28-də məlum olub ki, Avanesyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Bununla da o, seçki mübarizəsindən və səsvermə prosesində iştirakdan kənarlaşdırılıb.
Maraqlı vəziyyət yaranır. Artıq indidən belə gərginlik müşahidə olunursa, qarşıdakı may ayı ərzində Rusiyayönümlü müxalif qüvvələrin nümayəndələrinin daha səs-küylü həbslərini gözləmək olarmı? Onların bu həbslərə hansı addımlarla cavab verə biləcəkləri də maraqlıdır.
Bununla bağlı Pressklub.az-a danışan tanınmış erməni analitik və publisist İşxan Verdiyanın sözlərinə görə, “Güclü Ermənistan” blokunun üzvlərinin seçki prosesi ilə bağlı cinayətlərə cəlb olunması artıq müəyyən mənada sistemli xarakter alıb.

“Söhbət seçkiqabağı rüşvət və korrupsiya hallarından gedir – bunlar Ermənistanda ciddi həbs cəzaları nəzərdə tutan ağır hüquq pozuntularıdır. Belə halların heç biri dövlət tərəfindən reaksiyasız qalmır.
Bu cür pozuntu faktları ardıcıl şəkildə qeydə alınır. Bu da təəccüblü deyil: partiya köhnə siyasi elitanı təmsil edir və uzun illər formalaşmış qaydalarla fəaliyyət göstərir; həmin qaydalarda isə seçki korrupsiyası bir alətdir. Üstəlik, Ermənistanda bu cür praktikanın əsas qoyanlar məhz bu eltanın nümayəndələri olub.
Qeyd etmək vacibdir ki, İstintaq Komitəsi tərəfindən yayılan materiallar saxta deyil. Söhbət cinayət işləri çərçivəsində əldə olunmuş sübutlardan, o cümlədən məhkəmə qərarı ilə aparılmış operativ dinləmələrdən gedir. Bu məlumatlar hüquqi yoxlamadan keçir və araşdırmaların nəticəsində məhkəmə qərarları qəbul olunur.
Böyük ehtimalla, bu cür pozuntular davam edəcək və dövlət də buna uyğun şəkildə reaksiya verəcək. Hüquqi sistemin məntiqi də məhz bundadır: pozuntuların kütləviliyi cəzaların da kütləvi xarakter almasına gətirib çıxarır”, – ekspert bildirib.
Onun fikrincə, kənardan baxdıqda bu vəziyyət müxalifətə qarşı siyasi təzyiq kimi görünə bilər – hətta hakimiyyətin, o cümlədən Nikol Paşinyanın ünvanına repressiya ittihamları səslənə bilər. “Lakin hər bir konkret hal ətraflı araşdırıldıqda, onun məhkəmədə sübut edilmiş qanun pozuntularına əsaslandığı görünür.
Belə şəraitdə hüquq-mühafizə orqanlarının bu cür cinayətləri görməzlikdən gəlmək hüququ yoxdur. Qanun bu mənada avtomatik işləyir – pozuntunu törədənin siyasi mənsubiyyətindən asılı olmayaraq.
Nəticədə paradoksal, amma məntiqi mənzərə yaranır: əgər qanun pozuntusu siyasi taktikanın bir hissəsinə çevrilirsə, cinayət təqibi də sistemli xarakter alır. Müxalif qüvvələr buna media təzyiqi, etiraz ritorikası və ya proseslərin siyasiləşdirilməsi cəhdləri ilə cavab verə bilər, lakin bu, hüquqi reallığı dəyişmir.
Müasir Ermənistan təcrübəsinə əsaslansaq, seçki cinayətlərində ifşa olunan bütün şəxslərin sonda qanunla nəzərdə tutulmuş cəzanı alacağını ehtimal etmək olar”, – Verdiyan vurğulayıb.
Rauf Orucov